Rəiyyətdən məktub

 

Biz jurnalistlərdə də günah çoxdu. Bunları ziyalı sayırıq, müəllim sayırıq, alim sayırıq, ictimai xadim sayırıq, zəng edirik, mikrofon uzadırıq, diktofon uzadırıq ki, cəmiyyətin problemləri, təmsilçisi olduqları camaatın dərdi-səri, nə bilim, qışın soyuğu, yayın istisi barədə danışsınlar. Bunlar da danışırlar.

 

Müəllim dərsdən sonra getsin, fəhlə işləsin, kasıb çörək tapa bilmirsə, az yesin, onsuz da çox yemək adamı kökəldir, Rusiyada işləyənlər “otxod”lardı, burda mənəm Bağdadda kor xəlifə, yesəniz də budu, yeməsəniz də, kişinin villası olar və sairə və ilaxır.

 

Hər şeyiniz var. Pulunuz, var-dövlətiniz, ad-sanınız, hörmət-izzətiniz, məclislərdə ən yuxarı başda yeriniz, elmi dərəcələriniz, yüksək vəzifələriniz, bazarlarınız, dükanlarınız, mal-qaranız, qoyun-quzunuz. Axı niyə belə edirsiniz? Hamınızın adının qarşısında professor, elmlər namizədi, doktor, viktor, rektor, sektor.. gözəl ifadələr var. Adam bir cümlə quranda, fikir istehsal edəndə düşünməz ki, mənim adımın qabağında professor sözü var axı?! 

 

Yaxşı, başa düşdük, quyuya su tökməklə onsuz da quyu suyu içəsi deyilik. Qırxında da öyrənən gorunda çalar deyə, indən sonra da çətin öyrənəsiniz danışmağı. Ancaq danışmağı bilən adamlar çoxdu axı ölkədə. Heç olmasa, elə adamlardan məsləhət alın, söz alın, cümlə alın, nəzakət alın, insana hörmət alın, sayğı alın. Pulunuz da var axı, maşallah, allah bol eləsin. Başa düşürük, quyuda su yoxdu, ancaq heç olmasa, bir peşəkar adamdan məsləhət alın, quyunuza şəbəkə suyu çəksinlər. Danışmağı öyrətsinlər, ünsiyyət qurmağı öyrətsinlər, cümlə qurmağı, söz deməyi, hörmət etməyi, sayğı göstərməyi... öyrətsinlər. Çox çətindi, bəyəm? Pula qıymırsınız? Vallah bilirik, heç biriniz üçün böyük pul deyil belə bir məsləhətçiyə ödəyəcəyiniz məbləğ. Vallah, o pulun qarşılığında cümlə qurmağı, söz deməyi, hörmət etməyi, sayğı göstərməyi sizə öyrədəcək adamlar sizin üzünüzü düzəldəcək. Daha simpatik, daha gözəl, daha mehriban, daha professor, rektor, elmlər namizədi, ziyalı... görünəcəksiniz. İstəmirsiniz ki? İstəyin də.

 

Onu da başa düşürük ki, rəiyyətə sayğı göstərmək ağalığa yad bir şeydi. Ağa rəiyyətə niyə də sayğı göstərməlidi ki? Belə düşündüyünüzü də bilirik. Ancaq, ay ağa, başına dönüm, heç olmasa, özünə sayğı göstər də. Ağasan e, başa düşürük, vallah, billah, tallah, ancaq ağzından tökülənləri heç sayıb hörmət eləmədiyin, insan yerində görmədiyin rəiyyət də danışmaz axı. Rəiyyət olanda nolar ki?! Bizim başımızın içindəkinin birinci hərfi “b”-di axı. Beyin.

 

Hər şey bir qırağa, söyüb alçaltdığınız, ələ saldığınız, məzələndiyiniz rəiyyətin fikri sizə maraqlı deyil, heç olmasa yan-yörənizdə bir danışa bilən adam da yoxdu ki, danışa bilmədiyinizi sizə izah edə? Nətər yanı, illərdi yığırsınız, yeyirsiniz, bircə danışa bilən adam yetişdirməmisiniz ki, sizin danışa bilmədiyinizi danışıb sizə izah eləsin?

 

Allaha and olsun, bilmirəm başqa nə deyim, fikrimi sizə necə çatdırım ki, tam başa düşəsiniz. Ancaq məsələ budu ki, bundan ötrü də gərək hansısa peşəkardan məsləhət alasınız.

LENT

26 Aprel 2017
25 Aprel 2017

Digər xəbərlər >>>