Sizin link burada

Bir az o tərəfə sıxlaşın… biz də yaşayaq

 

İfadə hamınıza tanışdır. İctimai nəqliyyatdan tutmuş toy süfrələrinədək hər yerdə bu fraza  azərbaycanlı məhrəmliyinin ifadəsidir.

 

Bəs kimdir o “Bir az o tərəfə sıxlaşın” deyən adam?

 

Əvvəla bu adam özünü bizə çox məhrəm sayır. O qədər məhrəm ki, bu məhrəmliyə “filan kənddən filankəsin oğlu deyilsən”dən tutmuş, “ulu kainatın bir zərrəsiyik”ə qədər  haqq qazandıra bilər.

 

İkincisi, o, hər kəsi özünə borclu sayır. O qədər borclu ki, mən, biz, insanlar öz şəxsi dairəmizdən kəsib ona verməyə borcluyuq.

 

Üçüncüsü, bu adam sonradan gəlib. Misal üçün, sən soyuq havada 2 dayanacaq qabağa gedib, boş yerdə oturmaq (dayanmaq) üçün 20 dəqiqə avtobus gözləmisən, minmisən o avtobusa, rahat dayanmısan. 2 dayanacaq sonra dayanacağa yeni çatmış bir nəfər sən tərəfə “Bir az o tərəfə sıxlaşın» qışqırır.

 

Dördüncüsü, bu adam öz adından danışmır. Onun üçün “mən” “biz”dir. Və ya əksinə. O demir “mən də oturum”. O, “biz də oturaq” deyir. Özünə yer qoparmaq üçün o, ictimaiyyətin, çoxluğun adından istifadə edir.

 

“Bir az o tərəfə sıxlaşın” deyən adam özünü haqq-ədalətli, başqalarını haqsız sayır. Halbuki, həqiqət onun üçün yalnız öz marağını ifadə edir. Onun boş yer kimi gördüyü məkan sənin artıq pulunu ödədiyin və uşaq oturtduğun bir yer, avtobusda boyu kiçik adamın başının üstündəki boşluq və ya sadəcə, 2 insan arasında olmalı olan məsafədir.

 

Ən təhlükəlisi isə, bu adamın özünü ağıllı saymasıdır!

 

Bu adam hər yerdədir. Və Allah hamımızı bu adamdan olmaqdan saxlasın. O, yasda yanında oturan xala da ola bilər, özünü yarmarkada malını satan kəndlinin köşkü yanına dürtən topdançı da. O, biznesi yaxşı gedən iş adamının biznesindən yaradıb, həmin o biznesi batıran da ola bilər, pul qazanan biznesmenin qazancına ortaq olmaq istəyən məmur da. O, MİS-də arayış verən qız da ola bilər, uşağının müəlliməsi də.

 

Bu adam, bir sözlə, sənin yerini dar eləyəndir. Bir-birimizin yerini dar eləməyək. Sıxlaşıb oturmaq çətindir, sıxlaşıb yaşamaqsa, mümkün deyil.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>