4 Simin möcüzəsi - SKRİPKA...

Fəslin, məkanın, hisslərin, duyğu və arzuların, bütün insanların eyni dildə danışdığı yeganə vasitədir – musiqi. Skripkanın dühası hesab olunan Nikkolo Paqanini deyirdi: “Mən musiqi ilə yaşayıram. Bütün hiss etdiklərimi - duyğularımı, arzularımı musiqiyə köçürürəm”.  
 
Skripka - italyan milli mənşəli yüksək registra malik simli yaylı musiqi alətidir. 4 simdən ibarət bu alət XVII əsrdə Baroko dövründə xüsusi solo-alət kimi geniş yayılıb. Bəlkə də heç bir alət gözəlliyi, texnikası və səs rəngarəngliyi ilə skripkayla müqayisə olunmaz. Orkestrdə skripkanın funksiyaları və çoxtərəfliliyi istifadə olunur. Skripka alətini italyanlar violin, almanlar isə geije adlandırırlar. Dünyada ilk müasir skripka
qasparo Bertolottinin adı ilə bağlıdır. İndiki zamanda ən dəyərli skripka ustaları Amatti, Stradivari və Qvarneridir. Məsələn, Qvarneri del Cezonun “Vyetan” skripkasının auksionda başlanğıc qiyməti 1 milyon 800 min dollar təşkil edir. Dünyanın ən bahalı skripkası məşhur Anri Vyetan üçün istehsal olunub.
 
Skripka məktəbi üç növə bölünür: alman, fransız-belçika və rus məktəbi. Bu məktəblər arasında fərq skripkanın ifa edilməsi üçün əldə tutulan yaydır. Skripkada ifa edilməsinin daha bir özəlliyi sol əldə 4 barmaqdan istifadə edilməsidir. Sol əldəki baş barmaqdan isə bu alət ifaçıları istifadə etmirlər. O da bildirilir ki, skripkaya qədim dövrlərdə çətin elm kimi yanaşılıb. Skripka sözünün mənası qədim viola sözündəndir və bu alət insan bədən quruluşuna uyğundur. Skripkadan çıxan səslər hər kəsin ürəyinə yol tapır. Skripka yeganə alətdir ki, onu sintez etmək olmaz. Bu alətdə ifa etmək eyni zamanda sinirlərə rahatlıq verir, ürək və damar xəstəliklərinə faydalıdır. Volfqanq Amadey Motsart  bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, orqan ifaçısı və dirijor kimi dünya şöhrəti qazanıb. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirən dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri Lüdviq van Bethoven də piano ilə yanaşı, skripkada mükəmməl ifa etməyi bacarıb.  Məşhur riyaziyyatçı-fizik Albert Enşteyn skripkada konsert verirdi və o özünü dövrün fiziki kimi yox, məhz skripkaçısı kimi təqdim edirdi. Şerlok Holms kimi yaddaşlarımıza həkk olunan Konan Doyln da skripkaçı olub. Skripkada təkcə ifa etmək yetərli deyil, bunun üçün alətə olan sevgi və ifaçıdakı intellekt böyük önəm daşıyır.
 
Qədim zamanlardan bu günə kimi musiqinin bir möcüzə olduğunu, onun insanın əhval-ruhiyyəsinə böyük təsir göstərdiyini hamı etiraf edib. Xüsusilə də skripka musiqisinin. Bu alətin özünəməxsus bir səs rənginə sahib olduğunu musiqini sevən və onu dinlədikcə zövq alan insanlar daha yaxşı bilirlər. Səs rənginin təsiredici gözəlliyi ilə skripka ən məşhur və sevilən alətlərdəndir. Dəyişən ruh vəziyyətlərini və ya təbiət gözəlliklərini detallı şəkildə canlandıra bilən musiqi zənginliyi onu ideal bir solo çalğı simvoluna yüksəldib. Tonundakı istilik və şərh imkanlarının təmin etdiyi çeşidliliklə şərhçilər və dinləyicilər üçün usta bir anladıcı mövqeyində olan skripkanın otaq əhval-ruhiyyəsi və orkestrdəki rolu böyük əhəmiyyət kəsb edir.
 
Üzeyir Hacıbəyli Qori Seminariyasında təhsil alarkən məhz skripkanı özünə musiqi aləti olaraq seçmişdi. Hətta “Leyli və Məcnun” operasının premyerasında özü birinci skripkada çıxış belə etmişdi. Bu alətin Azərbaycanda yüksək səviyyəyə qalxmasında Üzeyir bəy tərəfindən Moskva və Sankt-Peterburq konservatoriyalarından dəvət olunmuş müəllimlərin böyük rolu olub. Azərbaycanda skripkanın sevilməsində Azad Əliyev, Sərvər Qəniyev, Kazbek Əliyev, Teymur Göyçayev, Natiq Nuriyevin xidmətləri danılmazdır. Hazırda Türkiyədə yaşayan və bütün dünyaya səs salan Sərvər Qəniyevin nəvəsi Xoca Elvin Qəniyevin da skripka ifaçısı kimi tarixə yazılıb artıq. Bu sırada Ceyla Seyidova və Anar İbrahimovun adını da xüsusi qeyd etmək lazımdır.
 
“Orkestr skripkasız ürəyini itirir“ deyə bu alətin mükəmməlliyindən danışan Qara Qarayev adına Kamera Orkestrinin bədii rəhbəri, Bülbül Orta İxtisas Musiqi Məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev skripkanın səsindəki sehri 15 yaşında anlamağa başlayıb: “1960-cı ildə Bülbül adına orta ixtisas məktəbinə girdim, fortepianonu istəyirdim, daha doğrusu anam istəyirdi. Musiqidə nəyə nail olmuşamsa anama borcluyam. Skripkada ifaya önəm vermirdim, fortepianoya daha çox önəm verirdim. Skripkanı ifa etmək üçün o səsi tutmaq önəmlidir. Məşğul olmağa 7 yaşından başlamışam, amma hiss etməyə 15-16 yaşından, bu alətin səsinin dərinliyini hiss eləmişəm”.
 
Skripka alətində ifaçıların sol əl və barmaqları sağ ələ nisbətən daha uzun olur. Alətdə ifa etmək üçün musiqiçilərin barmaqları notlara çatsın deyə dartılmalıdır və məhz bu hərəkət barmaqları uzadır. Bu da deyilir ki, skripka ifaçıları bu alətdə ifa edərkən digər musiqi alətlərinin ifaçılarına baxanda daha çox çəki itirirlər. O səbəbə də alət ifaçıları əsasən arıq olur. Bu alətdə ifaçılığın daha bir özəlliyi skripka ifaçılarının boyunun sol tərəfinin mazol olmasıdır. Və bu ömürlük bir işarə olaraq ifaçının boynunda qalır.
 
Teymur Göyçayev neçə illərdir Bülbül adına Orta İxtisas Məktəbinə rəhbərlik edir. Rəhbərlik etdiyi təhsil ocağında da bu alətin tədrisindən razılıq edir. Alətin adı tədrisdə italyanlarda olduğu kimi violin adlanır. Musiqiçi bildirir ki, bu alət çox sadiq dostdur: “Bu alət mənim üçün çox doğmadır. Aləti canlı hesab edirəm. Mənə elə gəlir ki, bu alət heç zaman məni satmaz. Bu alətə yaxınlaşan kimi sanki hansısa doğma bir insan səninlə danışır. Bu alət ürəkdən keçən hissləri göstərir”.
 
Səhnəyə skripkanın solo ifaçısı kimi çıxmaq tamam ayrı hissdir. Orkestrə rəhbərlik edən Teymur Göyçayev orkestrdə ifa olunan skripkanın daha fərqli hisslər yaşatdığını deyir. Dirijorların əsasən skripka ifaçıları arasından olduğu faktı da maraqlıdır. Bunun səbəbi isə peşəkarlar tərəfindən belə izah olunur ki, orkestrdə təmsil olunan musiqi alətlərinin çoxu simli alət olduğu üçün dirijorların əksəriyyəti skripka ifaçıları olur. Bu alətsiz orkestri təsəvvür etmək isə mümkünsüzdür. Bu alətin həm də sahibindən küsdüyü zamanlar da olur: “Özüm öz həyatımda yaşamışam ki, müsabiqəyə hazırlaşanda müəllimim mənə daha uğurlu skripka verdi ifa etməyi. Haradasa yarım il öz skripkamdan ayrı qaldım. Bir müddətdən sonra əlimə alanda skripkanı alət səs çıxarmadı, çünki artıq məndən küsmüşdü. Skripka alətinin özünü saxlama qaydası var. Çox isti və ya soyuq olanda alətlə ehtiyatlı davranmaq lazımdır”.
 
Deyirlər, vaxtilə blokada dönəmində olan Sankt-Peterburqda skripkada Şostokoviçin 7-ci simfoniyası ifa olunurdu və skripkada ifası dinləndirilmiş ki, bu da skripka alətinin insan beyninə müsbət təsir gücünün sübutudur. İstənilən sahədə həmvətənlilərimizin uğuru bizim üçün başucalığı və fəxarət hissidir. Ruslan Daşdəmirov Bülbül adına Orta İxtisas Məktəbində skripka üzrə təhsil alır. Onun alətə bağlılığı isə ilahi bir istedaddır. Skripka ifa etmək üçün ifaçıda intellekt və fanatizm olmalıdır deyir gənc ifaçı: “Məncə alət, sadəcə bir seçimdir. Hər insanın öz danışıq qaydası, xoşladığı kitab var. Biz də bizə verilən bir neçə dəqiqə ərzində əlimizdə tutduğumuz alətdə bacarığımızı göstəririk”. 17 yaşlı Ruslanın ən çox xoşladığı skripkaçı David Oistraxdır. Onun elə ən böyük arzuları sırasında da bu skripkaçı ilə Baxxın konsertini ifa etmək olub. Amma David Oistrax həyatda olmadığından bunu yalnız xəyal etməklə kifayətlənir. Deyir ki, Baxx və Vinyavskinin əsərlərini ifa etmək hər bir skripkaçıya fəxr hissi yaşadır. Skripka səsi insan ürəyini fəth etməklə yanaşı, o tellərdən çıxan səs möcüzə yaradır. Skripkanın dalğaları o qədər nazikdir ki, hətta hörümçək toru belə bu dalğaların sədası ilə canlanır: “Dünyanı skripka ilə fəth etmiş Paqaninidən onun ifasının mükəmməlliyinin səbəbini sual edəndə cavab verir ki “mən ifa zamanı özümü skripka hesab edirəm”.
 
Dünyanın hər bir anı skripkanın notlarında özünü tapa bilər. Bəzən hər hansısa bir musiqi alətini öyrənmək arzusunun qərarını insan yaşa görə verir. Çox insanlar düşünür ki, musiqi alətlərində ifaçılığa məhz uşaq yaşlarından başlamaq lazımdır. Bu gün bir çoxlarımızın həsəd apardığımız və ifasını göz qırpmadan seyr etdiyimiz David Oystrix öz karyerasına 27 yaşında başlayıb. Dünyanı skripkada ifaları ilə fəth etməyi bacaran Nikkolo Paqanini, Pablo de Sarasate, Ray Çan, David Oystrax, İtzak Perlman, Henri Vieniavski, Luis Şpor, Vladimir Spivakov, Maksim Vengerov, Anri Vyetanın adı musiqi tarixinə düşüb. Dünyanın ən sürətli skripkaçısı Ben Lee hesab olunur. Dövrümüz Paqaninisi adlandırılan David Garretti bu gün bir çox gənclərin  canlı dinləmək istədiyi skripkaçıdır. 
 
Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə sapdan ibarətdir. Forması akustik hesablarla təyin olunur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilib. 70 hissədən ibarətdir. Ümumi görünüşü ilə boş cilalı bir rezonans qutusu üzərində boylu-boyunca gərilmiş olan dörd teldən və uzun bir sapdan ibarətdir. Biçimindəki incəlikli dekorativ görünüş təsadüfi deyil. Ona bu soylu forması verən nisbətlər akustik hesablarla təyin olunub.
 
Skripkanın Azərbaycanda hələ sovet dövründən populyar bir alət olduğu sirr deyil. Akademik musiqi aləti hesab olunan skripkada yerli musiqiçilər akademik ifalarla yanaşı, Azərbaycan musiqilərini də ifa etmələri ilə bu alətə milli maraq qatmağa müvəffəq olublar. Azərbaycanda ilk klassik skripka ifaçısı mərhum Azad Əliyev olub.
Skripkada milli musiqini ilk dəfə televiziya ekranında ifa edən isə əməkdar artist Natiq Nuriyev olub. İtalyan musiqi alətində milli musiqini xalqımıza sevdirən və populyarlaşdıran Natiq Nuriyevin xidmətləri danılmazdır. Skripka ifaçısı Kamil Mustafazadə  həmin illərdə musiqi məktəblərində skripka alətində milli musiqilərin ifasına icazə verilmədiyini qeyd edir. İfaçı, 70-ci illərdə hətta ölkəmizdə skripka alətinin çətin tapıldığını da bildirib: “Skripkada klassikanın ifası bu dünya musiqisidir. Milli musiqimizin ifası isə tamam başqa ab-havadır. Milli musiqimizin ifasına isə icazə verilməyib və mən musiqi məktəbində skripkada milli musiqi ifa etdiyim üçün müəllimim tərəfindən tənqid belə olunmuşam. Mən bu gün başa düşürəm ki, klassika ilə milli musiqinin paralel olaraq ifa etmək çox çətindir”.
  
Diapazon və xarakter cəhətdən çox geniş imkanlara malik olan skripka alətində istənilən musiqini ifa etmək mümkündür. Skripka alətində imzasını yazmağı bacaran Azərbaycanın istedadlı musiqiçiləri arasında Ramin Həsənov, Ceyhun İsmayılov və Səlim Abbasovun adı da çəkilməlidir. Skripka alətində Ramin Həsənovun mükəmməl ifası, Avropa alətində milli musiqilərin özünəməxsus tərzdə və yeniliklərlə ifası artıq uzun illərdir ruhumuzu oxşayır. Bu alət hər ifanı deyil, məhz professional ifanı sevir: “Skripka gözəl alətdir və bu aləti sevdirmək də sırf ifaçıya bağlı bir şeydir. Skripkada hansı musiqinin ifa edilməsinin fərqi yoxdur. Caz musiqisinin də skripkada ifası bir başqa səslənir. İstər skripkada hindistanlı, türkiyəli və azərbaycanlı ifaçılar öz musiqilərini çalsınlar, elə zənn olunacaq ki, bu alət ona məxsusdur və məhz bu musiqilər bu alətdə ifa oluna bilər. Bu isə alətin aliliyindən xəbər verir”.
 
Bir anlıq musiqinin olmadığı bir dünyada yaşadığımızı xəyalımızda canlandıraq. Musiqinin bəzən bir təbib kimi könül yaralarına məlhəm olduğunu hiss etmədiyimiz bir dünya. Musiqisiz bir dünyanın düşüncəsi belə ürküdür insanı. Bəlkə kiminsə ən çox sevdiyi mövsüm, yemək və ya film olmaya bilər. Amma hər kəsin sevdiyi bir musiqi mütləq var.

LENT

28 Fevral 2017
27 Fevral 2017

Digər xəbərlər >>>