Sizin link burada

Pirin üzünə gülsün, Dəmirçioğlu!

Türkün çox dastanları var: Bilqamısından tutmuş, Dədə Qorquduna, Manasına, Koroğlusuna qədər... Hər bir dastanın da öz yaraşığı, öz qəhrəmanı, öz batmanı, öz gözəlliyi. Bu günümüzdə də elə kişilər yaşayır, gəlib-gedirlər ki, bir dastan yaradırlar. Belə dastanlardan birini rəssam, heykəltəraş, şair, sufi ömrü yaşamış bir ustad - öz ömrü, yaradıcılğı, şəxsiyyəti ilə bağlayıb bizə əmanət qoydu. Bu dastanın adı Dəmirçioğlu dastanıdır. Pirin üzünə gülsün, Dəmirçioğlu, dastan yaradan Kişi!
 
Saz-söz xiridarı olan, əhli-ürfan kişilərin xudmani bir məclisində var-gəl eləyən aşıq həqiqətdən oxuyurdu:
 
Sən haqsansa geri dön,
Meh ol, naləmdə gəl, gəz.
Durul göz yaşım kimi,
Şeh ol laləmdə gəl, gəz.
 
Mən hardayam, sən harda?
Yoxu axtarma varda,
Mən yoxam oralarda,
Ol bu aləmdə gəl, gəz.
 
Nədi, adam deyilən?
Adam döyən-döyülən.
Mən adam ha döyüləm,
Ruham, haləmdə gəl gəz.
 
Bu şeiri eşidənlərdən müəllifin ya Qaracaoğlan, ya Dədə Yunus, ya Dadaloğlu ola biləcəyini deyənlər olur. Ancaq yox, bu şeirlər ilkdir ki, Məmməd Dəmirçioğlu deyib. Dəmirçioğlunun poeziya dili belə möcüzədir, belə qənirsiz, belə gözəldir Belə baxanda da Dəmirçoğlunun gözəl olmayan nəyi var ki?
 
Dəmirçioğlunu tanımaq üçün ən azından o da vacibdir ki, Nəqşibəndilikdən məlumatlı olasan, Astanbəylidə meyxanaya, Qaymaqlıda qım-qımıya həsrətcəsinə qulaq verəsən. Hələ Kəmərlini demirəm... Dəmirçoğlunun özünə mürşid bildiyi Ağamalı Sadiq Əfəndinin həyat və yaradıcılığına bələdçiliyin olmalı, azca da olsa, sirli gəlib, sirli gedən Akif Səmədi biləsən.
 
Məmməd Dəmirçioğlunun poeziyasından danışarkən onu yetişdirən mühiti, ədəbi-ruhani iqlimi dəqiq təyin etməlisən. Ən azından bilməlisən ki, bu haradan gəlir. Axı, hər dağa belə qar yağmır, hər gülüstan belə gül bitirə bilmir, hər bağban belə bağ becərə bilmir. Bir də bəzən də elə bilirsən ki, sanki Dəmirçoğlu şair qələminin yerinə rəssam fırçasını götürüb. Siz bir təsvirə baxın...
 
Evinizin pəncərəsi bağçaya,
Pəncərə tək açılıbdı bağ çaya.
Məni sorsan, çıx bağçaya, bax çaya
Çayda batan çilik-çilik ay mənəm.
 
Yuyub getdi o dağların daşını,
Görəmmədim gözlərimin yaşını.
Bağçanızın ayağını, başını
Yarpız-yarpız öpüb gedən çay mənəm.
 
Qərib gecə ayrılığa yoldu, bax,
Qara-qara saçlarını yoldu bax,
Pəncərədən durna səsi doldu, bax,
Köçüb gedən qatarını say - mənəm.
 
Dəmirçioğlunun şeirlərini oxuduqca fikirləşirsən ki, bu şeirləri doğrudanmı müasir azərbaycanlı yazıb? Bax elə bu məqamda Dəmirçioğlu kimi heyrət doğuran duru və diri kişiləri yetirən gözəlim İncə Dərəsinə salavat düşür.
 
Dəmirçioğlu halal adamdı. Halal yaşamaq insanın nurunu və kamalını artırır. Onun halallığındandır ki, şeirlərindən hikmət doğulur, eşq hasil olur. Bir ulu karvan köçünə Düzülüb gələn eşqəm, eşq. Mövlanələr nəfəsindən Süzülüb gələn eşqəm, eşq. Sufilərə görə, onların ruhunu ifadə etməkdə insan dili zəifdir. Odur ki, onlar ruhun ifadə dilini şeirdə, musiqidə (əsasən sazda və neydə) və sənətdə tapırlar. Bu mənada, Dəmirçioğlunun bir arada həm şeir yazmağının, həm saz çalmağının, həm rəssamlığının, həm də heykəltaraşlığının ona hansı ehtiyacdan, haradan gəldiyi də hamımıza aydın olur.
 
Dəmirçioğlu haqdan, həqiqətdən, eşqdən, ilahi cazibədən könlünə enənləri yazır. Hansı ki, bunlardan qaçmaq istidən, soyuqdan, gecədən, gündüzdən qaçmaq kimidir. Haqqa qovuşmaq yolunda bu mövzuların şairə nə dərəcədə doğmalığı mürşüdlərimizin baş tacı olan Həllac Mansurun şəhərə çıxaraq haray çəkdiyi bir cümləni yadımıza salır: "Məni Allahın əlindən alın".
 
Kimə suyam, kimə odam,
Kimə doğma, kimə yadam.
Ay halal söz, halal adam,
Sən hardasan, oram Qiblə.
 
Dəmirçioğluna görə, Tanrıya gedən yolda ən qısa, ən əsas məqam məhəbbət və onun son mərhələsi olan eşqdir. Dəmirçioğluna görə, eşq mərhələsinə yüksələn insan hər şeyi unudub yalnız Tanrını, haqqı arayır.
 
Göydən o yana uçdu,
Uçurduğum son nəfəs.
Göyün bu üzü bəlli,
O üzündə nə var bəs?
 
Sanki Tanrı alqışına uğramışdı Dəmirçoğlu. İpək səsi, yosma yerişi, üzünün suyu, antropaloji cizgiləri, haqdan dolu boxçası ilə... Özündən başqa heç kəsə bənzəmirdi. İçimizdən, çölümüzdən agah idi.
 
Dəmirçioğlu gözümüzdən uzaq olanda da könlümüzə yaxın olub. Gün kimi, ay kimi aydın adam idi. Saz-söz məclislərinin yaraşığı idi, dost məclislərimizin mərkəzində dayanırdı. Sözü şəkərlə kəsilərdi. El-obayla iç-içə yaşadı, el-obayla bütövləşdi. O, eldən güc aldığı kimi el-oba da onun adını tapınaq bilirdi, işığına isinirdi...
 
Ulu Tanrı mərhəmətini Ondan heç vaxt heç nədə əskik etməmişdi. Ocağına Daşqın kimi oğul qisməti verib. Başına pərvanə qızlar yetirib. Ömür-gün yoldaşı Zemfira xanım sanki Ayişə, Fatimə soyundandır. Kərəminə Şükürün Kərəmi çoxuydu Dəmirçoğluna.
 
Dəmirçoğlu təxəllüsünü Ona Ağamalı Sadiq Əfəndi yaraşdırmışdı. Bu təxəllüs Ona həm yaraşır həm Onu kökdə saxlayırdı. Dəmirçoğlu təxəllüsünü çoxları götürə bilər. Ancaq hər adda istisi gəlmir, işığı düşmür bu təxəllüsün... Gərəkdir ki, Tanrıdan rüsxətin ola. Bu gün nəvəsi Məmməd Məmməd Dəmirçioğlunun adını elə Tanrının rüsxəti, özünün də qeyrəti, ərdəmliyi ilə şərəflə daşıyır, yaşadır. 
 
Bir ozan ömrü yaşadı Dəmirçioğlu. Qoy, Sirat körpüsündən Tanrı keçidini versin. Həsrətini yaşayırıq, həsrəti də doğmadır, həsrəti varlığından doğma oldu, həsrətində dəyərini daha dəqiq hiss edirik. Ona olan sevgimizin ucalığı da həsrətinin boyu qədərdir. Gözəlim İncə dərəsinin milli-mənəvi, ruhani iqlimində öz yeri var idi. Yalnız özünə məxsus yeri. Sanki Tanrı Onu bizim haqdan şirəli nəqşibəndiyyə torpaqlarına balaca mənada da olsa Mövlanalıq üçün göndərmişdi. Tanrı bunun üçün Ona bütün keyfiyyətləri səxavətlə vermişdi.
 
Təskinliyimiz bizi ayıran zamanın əslində bizi qovuşdurmasıdır. Bilirik qabaqda bizi gözləyəcək. Biz görüşəcəyik. Mütləq görüşəcəyik. Bizə deyiləsi sözü olmalıydı. Ulu Tanrı uğuruna çıxsın. Ulu Tanrı da sahibliyini göstərsin inşallah. Pirin üzünə gülsün Məmməd Dəmirçoğlu!

LENT

22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>