Azərbaycanda safari parkı yaradılacaq

 

Azərbaycanın ekoloji turizm potensialının araşdırılacaq və milli parklarda müxtəlif turizm fəaliyyətləri təşkil ediləcək.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət və Turizm NazirliyiEkologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirəcək və bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq, marşrutlar üzrə əlverişli fəaliyyət cədvəlinin tərtibatı işi təşkil ediləcək. Bu fəaliyyətə milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəmüvafiq hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər.

 

Milli parklar boyunca məlumatlandırıcı işarələrin yerləşdirilməsi və milli parkların Azərbaycan, ingilis, alman, fransız və rus dillərində xəritələrinin hazırlanması imkanları araşdırılacaq. “Azərbaycanda ekoturizm” albomu hazırlanaraq nəşr olunacaq və onlayn platformalarda yerləşdiriləcək, eyni zamanda ekoturizm üzrə internet portalının yaradılması məsələsi nəzərdən keçiriləcək.

 

Strateji Yol Xəritəsində Şamaxı Safari Parkının yaradılacağı da əksini tapıb. Şamaxı Safari Parkının yaradılması ilə bağlı aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görüləcək və bu parkın gələcəkdə onlayn platformalar və digər vasitələrlə təşviqi həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi 2017-2020-ci illər ərzində Şamaxı Safari Parkının yaradılması və təşviqini təmin etməlidir. 


LENT

20 Yanvar 2017

Digər xəbərlər >>>