At, mənim qardaşım ol!

 

Son vaxtlar televiziyalarda at ətinin yeyilməsinin günah olmadığı, hətta  mal ətindən daha keyfiyyətli olduğu barədə  geniş sujetlər verilir. Şübhəsiz, hər sujetin arxasında bir məqsəd dayanır.

 

Üç-dörd  il əvvəl ət ətinin satışa çıxarılmasına qarşı ciddi bir yoxlama vardı. Nə oldu, birdən-birə  xalq arasında deyildiyi kimi, “Murtuzəlinin qılıncından iti” olan iştahamız indi də atın üstünə yeridi?!

 

O atın üstünə ki - insanın  namusu deyirlər ona. Əgər bir kişinin atının quyruğu kəsilərdisə, atı oğurlanardısa,  bu,  həmişə ölümlə  nəticələnirdi.

 

O ata  iştahamız düşdü ki,  bütün hissiyyatı və orqanizmi ilə  insana bənzəyən yeganə heyvandır.

 

O ata ki -  onun folklorumuzda  Qırat, Durat kimi obrazları var.  Koroğlu ata igidin qardaşı deyirdi. Bəs qardaşı necə kəsmək olar, ətindən necə  qara qovurma bişirmək olar, ilahi?!  Atın hissiyyatı bizi öldürməzmi?!

 

Koroğlu gör nə  deyir:

 

Həmzə, atı yaxşı saxla,
At igidin qardaşıdı.
Gündə muğayat ol yoxla,
At igidin qardaşıdı.
 

Yaz olanda dağa yollat,
Yay olanda ifçin nallat,
Qış olanda məxmər çullat,
At igidin qardaşıdı.

 

 

Dədə babalar heç vaxt at əti yeməyiblər. Namus bildiyin atın   boğazına neçə bıçaq çəkmək olar? Atı həmişə qurd quş yeyib,  dağdan-daşdan uçub, çər dəyib, amma insan əli bizim tərəflərdə atın boğazına  heç vaxt  bıçaq vurmayıb.

 

Dünən  televiziyada at saxlayan  kişi  deyir ki, atları saxlamaq çətindir, böyük xərc tələb edir, kəsib ətini  xarici ölkələrə ixrac edəcəyik. Onun dediyi  bu  söz atlar  üçün  böyük soyqırımın başlanğıcı  ola bilər. Belə getsə, altımızdan atlarımızı çəkib aparacaqlar. Bir dənə də olsun  atımız qalmayacaq.  At həyatına, davranışına, dəyərinə, folkloruna bələd olmayanlar bir anda atın dərisini boğazından çəkib çıxaracaqlar. Bəs Koroğlunun ata verdiyi böyük dəyər harda qalacaq?

 

Əylən, deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!
 

Səksən min ilxıya, səksən min ata,
Səksən min mahaldan gələn barata,
Səksən min kotana, səksən min cütə,
Səksən min kotanlı kala da vermə!

 

 

Çöllər at deyib mələyəcək, yalnız onun haqqında  şeirlər qalacaq.

 

Atın yorğası var, dördnalı  var.

Atın qaşqası var, səkili var.

Atın qulanı var, dayı, yabısı, dayçası, kürəni var.

 

Atın yüyəni, yəhəri, sinəbəndi, çolovu, tapqırı, quşqunu, üzəngisi, alığı, hörüyü  var. Bunları bilməyənlər, əlbəttə, atları bir anda kəsəcəklər. Onlara nə lazımdır: pul, pul, pul...

 

Bəs Qaçaq Nəbinin boz atı necə olsun?

 

Boz at səni sər tövlədə bağlaram,
And içərəm səni məxmər çullaram.
Əgər məni bu davadan qurtarsan,
Qızıldan gümüşdən səni nallaram.

 

Atın daxili orqanları  insan orqanizmi ilə eynidir, deyirlər. Onu neçə kəsib yemək olar axı?

 

Mənə elə gəlir ki, atın qanı axan yerlərdə  bir daha ot bitməz. Sahibi atının yəhərinə, yüyəninə baxıb ölüncə ağlar. Mal-qaranın nişanları, əşyaları yoxdur. Atın nişanları, adları əşyaları necə qoya bilər onu kəsməyə? İnsan oğlu bu əşayalara baxıb ömür boyu ağlamazmı, qan-yaş tökməzmi?

 

Əzizim,  tər içində atlar çırpınar, ölləm

Bədənimdən  ağ qaçar, qara çırpınar, ölləm,

Gözlərimin qarası at kimi çapar, ölləm.

Huş kimi  torpağa düşəndə yəhər, ölləm

Tutar boğazımı yüyən tək qəhər, ölləm

Kəsməyin, atları, kəsməyin,

Kəsməyin, muradları, kəsməyin.

 

Aşıq Ələsgər minən atı kəsərlərmi? At qoşmadı, bayatıdı, müxəmməsdi. At çöllərin dilini bilir, hissiyyatı, düşüncəsi olan mənəvi bir varlıqdı. Mənəvi varlığı necə kəsmək olar, ay başına dönüm?!

 

Eşidər paşalar, bəylər,
Şadlıq xəbərini söylər,
Koroğlu iltimas eylər,
Həmzə, incitmə Qıratı!

 

Bəli, indi  televiziyada deyirlər, at ətindən şirin ət yoxdur. Ondan yaxşı katlet, qovurma hazırlanır. Belə bir fikrin səslənməsi kəsim yerlərinə at ətinin yeridilməsi üçün bir stimul deyilmi? Bəlkə, yeni  bir iş adamı indi də öz biznesini  at ətindən qurmaq istəyir.  

Belədirsə, Allah heç xeyir verməsin.

 

Atları güllələyin, amma qəssabların əlində ölməyə qoymayın, dostlar! At muraddır, onu necə kəsib yemək olar?

Atı şir yeyər, qurd parçalayar, atı güllə ilə də vurmaq olar, amma onun qəssabın əlində heç vaxt ölməyinə qıymaram.

 

Yaşlı adamlar danışırlar ki, lap qabaqlar, sahibi ölən kimi atın da ürəyi partlayırmış. At həmişə  insanları dardan qurtarıb. Heç vaxt  qalın dumanlarda yol azmayıb,  hissiyyatı ilə ünvanları  düz tapıb, vaxtında mənzil başına yetişib. At dağları, düzləri, yolu-izi yaxşı tanıyır.

 

Bu gün çox kövrəldim, başqaları at əti istəyəndə mən at üçün ağladım. Ürəyimin dərinliyində hönkürə-hönkürə pıçıldadım:

At, gəl mənim qardaşım ol!

 

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>