Baş bankirin “qara bazar”ı və türmədə ölənlər

 

Bizim məmurların ən sevdiyim cəhəti odur ki, jurnalistləri saya salmırlar. Belə pis çıxmasın, əksərən jurnalist görəndə, elə bil, qutuda ilan görürlər. Azərbaycanlı məmur kimi baxanda düz eləyirlər. Mən azərbaycanlı məmur olsam, jurnalist görəndə mən də qutuda ilan görərəm. Qutuda nədi e, lap o ilanı qutudan qıraqda da görərəm. Niyə danışıb özümü vaya salım, danışmayıb özümü vaya salım. Onunku odu ki, gördün qaç gizlən. 

 

Jurnalistlər də özlərini düzgün aparmırlar. Məmur görən kimi yüyürüb ağzına mikrofon-diktofon tuturlar. O saat da sualları döşəyirlər. Məmur yazıq nə danışsın?! Danışsa, bir vay, danışmasa, bir vay. Həmin bu özünü düzgün aparmayan jurnalistlərdən bir neçəsi yenə bir-iki məmuru yanlayıb. Tərəfkeşlik olmasın, heç sual-zad da döşəməyiblər, yəqin ki, eləcə diktofon-mikrofon tutublar. Məmur da diktofon-mikrofon görən kimi özünü saxlaya bilməyib, başlayıb danışmağa. Vay ki nə vay?! Birdi, ikidi?! Amma biz gücümüz çatandan bir-ikisini yazaq.

 

Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov: ““Qara bazar"dakı məzənnə ilə rəsmi məzənnə arasında cüzi fərq var”.

 

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov: “Cəzaçəkmə müəssisəsində ölüm halları həmişə olub. Biz müqayisə etsək, görərik ki, azadlıqda olanlardan ölənlər cəzaçəkmə müəssisəsində ölənlərdən daha çox olur”.

 

Di hı. Jurnalistdən qaçmayasan, nə edəsən!? İndi iki məsələmiz var. Başlayaq birinci məsələdən. Ölkənin “baş bankiri” deyilən adam ölkədə qeyri-qanuni hesab olunan bir bazarın varlığını rəsmi şəkildə etiraf edir. Mən belə başa düşdüm ki, vallah, heç utanıb-zad da eləmir. Baş bankir ölkədə valyutanı elə idarə eləməlidir ki, “qara bazar” deyilən zir-zibilə ehtiyac qalmasın. Vallah, mən də görməmişəm, ancaq kinolardan-zaddan dəqiq bilirəm ki, belə olmalıdır. Elman müəllim isə baş bankir kimi başın buraxıb söhbətlərin. Müəllim elə danışır ki, elə bilirsən, indicə deyəcək, qaqa, mənə də min dollar lazım idi, dünən “qara bazar”dan almışam. Baş bankirdi e adam. Baş e, a kişi. Ölkədəki bankların başıdı adam. Deyir, “qara bazar”da məzənnə məndəki məzənnə ilə eynidi. Yəni çox da şey eləməyin, başınızı salın aşağı, çörəyinizi qazanın. Qarası da mənimdi, ağı da. Di bundan sonra jurnalist görəndə çıxıb getməsin, neynəsin?! Danışsa bir vay, danışmasa yenə vay. Ancaq bir şeyi də deyək. Əgər Mərkəzi Bankdakı məzənnə tam üzə bilməyən məzənnədisə, “qara bazar”dakı məzənnə Maykl Felpsdi. Anladınız siz onu.

 

İkinci məsələmiz isə daha çətindir. Çünki mənim riyaziyyatım zəifdi. Adi domino oynayanda da uşaqlar qoymur xalları mən sayım. Xal saymaq üçün bir-bir dominoların üstündəki qara şeyləri sayıram, az qala. Mən şükürlüyəm. Betərləri var. Anladınız siz onu.

 

İndi mən məsələni yazım, birlikdə köməkləşib həll eləyək. Əgər ölkədə 9 milyon adam varsa və gündə təxminən 150 nəfər ölürsə, həbsxanalardakı 15 min adamın neçəsi ölsə, azadlıqda ölənlər həbsdə ölənlərdən çox eləyir?

 

Yox e. Nəsə səhv yazdım.

 

Əgər ölkədəki bütün həbsxanalarda təxminən 15 min adam varsa, gündə onların təxminən neçəsi ölməlidir ki, azadlıqdakı 9 milyon adamdan az eləsin? Deyəsən, bu da səhv oldu.

 

Əgər ölkədə 9 milyon adam varsa və onların 8 milyonunun hərəsi bir tərəfdə bir cür ölürsə, həbsxanada neçə nəfərin öldüyünü müqayisələndirsək “qara bazar”da dolların məzənnəsi Elman müəllimin rəsmi üzən məzənnəsinə salam verib qaça-qaça ayaqlarını göyə qaldıra bilərmi?

 

Məndə lent dolaşdı. 

LENT

21 İyul 2017
20 İyul 2017

Digər xəbərlər >>>