AMEA narkotik asılılığın aradan qaldırılmasının yeni üsulunu hazırlayıb

 

 

“Narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə tibbi problemdən sosial problemə çevrilib. Narkotik asılılıq insanın mənəvi aləmini tükəndirərək, onu sosial baxımdan təhlükəli şəxsiyyətə çevirir”.

 

Lent.az-ın məlumatına görə, bunu AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Arif-Ala Mehdiyev "Narkotik asılılığın korreksiyasının yeni immunokimyəvi üsulu" mövzusunda elmi məruzə ilə bağlı çıxışında deyib.

 

Məruzəçi bildirib ki, aparılmış tədqiqatlar zamanı narkotikdən asılılığı olan heyvanlara müəyyən preparatların təsiri nəticəsində baş beyin strukturlarında serotoninin miqdarının kəskin artdığı müşahidə olunub: "Narkotik preparatların qəbulundan sonra baş beyin qabığı hüceyrələri güclü müsbət emosiyaların yaranmasında iştirak edir. AMEA-nın Fiziologiya İnstitutunda hüceyrələrin daxilinə serotonin siqnalının ötürülməsinin blokadası üsulu öyrənilib. İnstitut əməkdaşları poliklonal anticisimlərin köməyi ilə serotonin-modullu antikonsolidasiya zülalına (SMAZ) qarşı seçici blokada tətbiq ediblər. Aşkar olunmuş bu zülal, serotoninin miqdarı ilə düz mütanasib əlaqədə olub, serotonin siqnalının hüceyrədaxili ötürülməsini təmin edir. SMAZ-ın baş beynin yan mədəciyinə yeridilməsindən sonra şərti reflektor modellərdə yaddaş izlərinin formalaşması pozulur".
 

A.Mehdiyev morfin yeridilən təcrübə siçovullarında daxili mühiti idarə edən baş beynin qurşaq qırışığında SMAZ-ın miqdarının kəskin artdığını diqqətə çatdırıb. O qeyd edib ki, SMAZ-a qarşı poliklonal anticisimləri morfindən asılılığı olan heyvanların qarın boşluğuna yeritdikdə, morfin sərfi kəskin surətdə aşağı düşür. Həmin effektin 8 gün ərzində müşahidə olunduğunu deyən alim bu metodun heyvanların davranışına mənfi təsir göstərmədiyini vurğulayıb. Məruzəçi SMAZ-ın narkotik asılılığın psixi tərkib hissəsinin formalaşmasında iştirak etdiyini və anticisim vasitəsilə aradan götürüldüyünü qeyd edib.
 

A.Mehdiyev alınmış nəticələrə əsasən, gələcəkdə müxtəlif mənşəli narkotik maddələr vasitəsilə yaranan narkotik asılılığın korreksiyası məqsədilə SMAZ-ın immunokimyəvi blokadasını kliniki şəraitdə tətbiq etməyin mümkün ola biləcəyini deyib. Laboratoriya rəhbəri bu istiqamətdə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi və digər tibb müəssisələri ilə birgə tədqiqatlar aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.
 

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>