Raqufun qoxusu

 

Başqa günlərdən fərqli, bu gün heç yadıma düşməmişdi. Koqanın inqilaba qədər dərc olunmuş “Qərbi Avropa ədəbiyyat tarixi” kitabını vərəqləyib gündəlik qayğıların, sabah paylayacağım borcların fikrini çəkə-çəkə yuxuya getdim...

***

...Hərbi hissədəyəm. Gözüm birinci onu axtardı. Yarıqaranlıqda bozqurd gözü kimi işıldayan gözlərindən tapdım Raqufu. Qucaqlaşdıq. Ürəyimdə bir nisgil vardı. Ötən il məndən elədiyi ərkyana tələbini yerinə yetirməmişdim. Zəng eləyib demişdi ki, kənddə bir qarmonçalan var, əla ifaçıdı, hansısa televiziya efirinə çıxmağına kömək eləyim. Şükür, xatırlatmadı. Alnını alnıma dirədi, burun-buruna gəldik. Bağrıma basıb qoxusunu ciyərlərimə çəkdim. Dedim, Raquf, sənə bir sözüm var. Kənara çəkildik. “Mən gələcəkdən gəlirəm, apreldə döyüş olacaq, sən şəhid olacaqsan” - dedim. Üzümə baxdı. Dərinliyində kədər, ancaq ilk baxışdan qayğısız, göy üzü kimi tərtəmiz mavi gözlərində gülüş hiss elədim. Qımışdı. “Deyəsən, vurmusan?”... “Yox, vallah...”.

 

Sonra danışmağa başladım. Daha doğrusu, heç birimizin 2016-nın aprelinə qədər bilmədiyimiz, sonrasa hamımıza agah olan bütün “hərbi sirləri” açıb tökdüm. Ancaq təbiətin qanunu var, gələcəkdən keçmişə qayıtsan belə, gələcəkdən dürlü-dürlü xəbərlər vermək qabiliyyəti hər adama verilmir. Dilim tutuldu, dodağım təpidi, ağzım əyildi. İflic xəstələr, vurğun vurmuşlar kimi “Lələtəpə”, “Talış”, “kəşfiyyat”, “əməliyyat” sözlərini zorla deyə bildim. Raquf dinmədi, eləcə baxdı, baxdı, gülümsədi, gülümsədi...

 

***

 

... Özümün iniltimə, zarımama oyandım. İşığı yandırdım, saata baxdım: 05.40. Otaqda Kafkanın, Vısotskinin, Kamyunun, digər sevdiyim yazıçıların, filosofların, xoşladığım filmlərin qəhrəmanlarının şəkillərinin əvvəlində onun iki şəkli gəlir. Hər ikisində gülümsəyir... Burnumda qoxu hiss elədim. Vallah, elə bil doğrudan kiminləsə, bu dəqiqə görüşüb, qucaqlaşıb ayrılmışdım.

 

...Əziz qardaşım, yuxumda gələcəkdən keçmişə qayıtdım, guya səni xəbərdar eləmək istədim nələrdənsə. Heç hərbi sirr-filan yadıma da düşmədi. Ancaq nə sən keçmişsən, nə mən gələcək. Əslində, gələcəkdən gələn mən yox, sənsən, sən! Rahat uyu, gələcəkdən gələn qardaşım!

 

LENT

24 Fevral 2017

Digər xəbərlər >>>