Yataqxanalara od vurun!

 

Bir ailə yanğında məhv oldu, siçovulların belə yaşamağı əskik hesab etdiyi zirzəmidə. Buna yanmaq deyilməz. Lambirlərə, kərpiclərə yapışdılar, kül oldular. Hətta zirzəmi belə onlara bu gen dünyada artıq oldu, dar oldu, cəhənnəmi bu dünyada yaşadılar. Amma..

 

Bəyəm onlar neçə illərdir bu cəhənnəmi yaşamırdılarmı? Buna yaşamaq da deyilməzdi. Amma onlar deyirdilər. İllərdir bu insanların arasında yaşadığımdan mən də elə deyirəm.

 

Aşağı-yuxarı bütün köçkün yataqxanaları o gündədi, hər biri bir vahiməli ocaq yeridi, hər birində onlarla insan özünün və əzizlərinin gerçəkdən yanacağı günü - CƏHƏNNƏMİ illərdir gözləyir. Hərənin bildiyi kimi çəkdiyi və qoşduğu işıq və qaz xətləri, hər dəqiqə alovlanmağa hazır "şit"lər və bunun nə zaman baş verəcəyini qorxu ilə gözləyən nigaran baxışlar, kanalizasiya suları axıtmaqdan aşsüzənə dönən ayaqyolular və hamamlar, hər an uçmağa hazır qocalmış tavanlar... siz bunun nə demək olduğunu hardan biləsiz???

 

Bu insanlar zatən illərdir odsuz-ocaqsız yanırdılar. Tüstülərini belə görən olmurdu.

 

Məcburi köçkünlər yaşayan bütün yataqxanalara od vurub yandırın, onlar özləri burda külə dönməmiş. Qazı, işığı, suyu da boş verin, insanlar ölür, insanlar!

LENT

28 Mart 2017
27 Mart 2017

Digər xəbərlər >>>