Sizin link burada

Nazir: “Terrorçuları qoruma və öymə hallarına yol verilməməlidir”

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi hədələrdən biri kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin XİN rəhbərlərinin illik əlaqələndirmə görüşündə çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə edilməlidir: “Terrorçuları qoruma və öymə hallarına yol verilməməlidir”.

 

Elmar Məmmədyarov qeyd edib ki, müxtəlif dinlərin ucdantutma hədəf seçilməsinin qarşısını almaq və islamofobiyanın tezlik və bədnamlığının qəbuledilməz şəkildə artmasını dayandırmaq üçün  səylər artmalıdır: “Dünya üzrə dini və mədəni müxtəlifliyin başa düşülməsi və onlara hörmət terrorizmə qarşı beynəlxalq mübarizənin gücləndirilməsinə əhəmiyyətli şəkildə öz töhfəsini verəcək. Bu xüsusda biz İslam dini ilə bağlı böhtan və yanlış təsəvvürləri dəf etmək, həmçinin islamofobiya fenomeni ilə mübarizə aparmaq məqsədilə İƏT tərəfindən həyata keçirilən işləri təqdir edirik”.

 

“Azərbaycan həmişə multikultural və dinlərarası dialoqun təşviq edilməsi və gücləndirilməsinə töhfə verməyə çalışıb. Azərbaycan müxtəlif dinlər, millətlər və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşmanı təmin etməyə yönəlmiş çoxlu sayda tədbirlərə ev sahibliyi edib. Mədəni və dini müxtəlifliyə əsaslanan ayrı-seçkilik olmayan cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun bariz nümunəsidir. Mənim ölkəm bu ilin aprel ayında keçirilmiş “İnkluziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” mövzusunda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna müvəffəqiyyətlə ev sahibliyi etdiyi üçün qürur duyur. Bu bir daha Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında konstruktiv qarşılıqlı əlaqənin gücləndirilməsi, sivilizasiyalar arasında beynəlxalq səviyyədə daha geniş qarşılıqlı anlaşma və hörmətin təşviq edilməsinə dair sadiqlik və ithafını təsdiq edib.

 

Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi və İslami dəyərlərin təşviq edilməsinə dair sadiqliyi də yaxşı məlumdur”.

 

Elmar Məmmədyarov Azərbaycanın  4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməkdən böyük şərəf duyduğunu və bu tədbirin müsəlmanlar arasında birlik, dostluq və qardaşlıq əlaqələrini gücləndirməyə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

LENT

23 May 2018

Digər xəbərlər >>>