Sizin link burada

Bakıda 15 min manata kirayə bağ evi - REPORTAJ

Yay mövsümündə Bakı sakinlərinin bir çoxu xaricdə və regionlarda, bəziləri isə paytaxt ətrafındakı bağ evlərində dincəlməyə üstünlük verir. Biz regionlarda və xaricdə dincəlməyin neçəyə başa gəldiyi ilə maraqlanıb, qiymətlərlə sizi tanış etmişik.

 

Bəs Bakı ətrafı kəndlərdə bağların kirayə qiyməti neçəyədir? Bir ay bağ evində dincəlmək istəyənlər nə qədər vəsait ödəməlidir? Qiymətlərlə maraqlanmaq üçün ilk olaraq Mərdəkana üz tutduq.

 

Bu ərazidə ev və bağların alqı-satqısı və kirayəsi ilə məşğul olan Şahin Cəfərov deyir ki, Mərdəkan ərazisində xeyli sayda bağ evləri olsa da, əvvəlki illərlə müqayisədə müraciət edənlərin sayı çox azdır. Müsahibimiz bunun səbəbini bir çox amillərlə izah edir. Xüsusən havaların sərin keçməsi müştəri qıtlığına səbəb olub. Bağ evlərinin kirayə qiymətləri isə 1000 manatdan başlayır: "1000 manatdan başlayır 10 min manata qədər. Bir aylıq dincəlmək üçün bağlar var, kirayəsi 2500-3000 manatadır. Hovuzlu, hovuzsuz yaxşı bağlar var. Əşyalı var, əşyasız var. Üstünlük verilir qiyməti 3000-3500 manat arası dəyişən bağlara. Bundan yuxarı yox. 10 minlik bağlara üstünlük vermirlər, götürmürlər. Özləri deyir ki, 10 min verənə kimi gedərəm Antalyada dincələrəm də. Amma əvvəllər 5000-6000 manata yaxın qiymətlərə olan bağlara üstünlük verilirdi. Tələbat bu il çox zəifdir".

 

Şahin Cəfərovun sözlərinə görə, dənizkənarı bağların kirayəsi kəndiçi bağ evlərinin qiymətlərindən fərqlənir: "Kəndin içində olan bağ evlərinin kirayəsi bir az ucuz olsa da, dəniz kənarında qiymətlər bahadır. Dəniz kənarındakı bağlara daha çox üstünlük verirlər. Adam da var deyir mən sakitlik istəyirəm, dəniz istəmirəm. Sakitlik olsun, maşınım var, gedib gələcəyəm".

 

Daha sonra Şüvəlanda bağ evlərinin qiymətləri ilə maraqlandıq. Kirayə və satış üzrə menecer Ramil Kərimovun sözlərinə görə, onlara təqdim edilən bağ evlərinin kirayəsi  200 manatdan başlayır: "Kirayə evlərin qiyməti cürbəcürdür, təmirlisi 300 manatdan 500 manata kimidir. Bir az təmirsizi 200 manata tapmaq olar. Baxır camaatın vəziyyətinə, kim necə istəyir. Bu il tələbat azdır. Ucuz bağ evlərinə daha çox üstünlük verirlər. Elələri var ki, bağı olub satıb, indi ürəkləri istəyir, yenə gəlib qalmaq istəyir. Ucuz olsa, münasib olsa, qala bilərlər. Qış yox, yay mövsümündə daha çox gəlirlər. Adam var istəyir şəraiti yaxşı olsun, hovuzu olsun həyətində, uşaqları, özləri yaxşı dincələ bilsinlər. Eləsi var, imkanı olmayan bir az ucuzunu alır. Təmiz havadır bu tərəflər, ona görə".

 

Müsahibimiz deyir ki, dəniz kənarında səs-küy çox olduğu üçün daha çox kəndiçi bağ evlərinə üstünlük verilir. Amma əlbəttə ki, burada da istisnalar var: "Dəniz qırağındakı bağ evləri 500-700 manat arasında dəyişən qiymətlərlə kirayə verilir. Keçən illə müqayisədə qiymətlər eynidir. Çoxları xaricə, rayonlara gedib orada dincəlirlər, ona görə bağlara üstünlük vermirlər. Keçən il daha yaxşı idi. Havalarla da əlaqəlidir. Bizdə bağ evlərinin qiyməti 300-700 manat arasındadır. Münasib qiymətdə olanlardır. Yerli sakinlərdir kirayə götürənlər, xarici vətəndaşlar yoxdur".

 

Bu ərazidə digər baş çəkdiyimiz ev və bağların kirayə ofisindən bildirdilər ki, onlara təqdim olunan 1 aylıq  bağların kirayə qiyməti 1500 manatdan 15 min manata qədər dəyişən qiymətlərdir. Bu qiymətə verilən bağ evlərinin isə hər bir şərait var.

 

Bilgəhdə isə vəziyyət fərqlidir. Müsahibimiz Hacıbala Quliyev deyir ki, keçən illə müqayisədə bu il bağ evlərinə tələbat daha çoxdur. Onun sözlərinə görə, bu ərazidə hər kəsin cibinə uyğun bağ evi tapmaq mümkündür: "Bu il gələn çoxdur. İstər kirayə, istərsə də ev almaq barədə. Gün ərzində kirayə üçün təxminən 10-12 nəfər müraciət edir. Hər insanın cibinə uyğun münasib bağlar var. 1 ay 150 manatdan 10 minə kimi evlər var. Hər insan öz zövqünə, cibinə, imkanına uyğun olanını seçir. Daha çox 1000-2500 manat arası bağlara daha çox üstünlük verirlər".

 

Müsahibimiz deyir ki, qiymətdən asılı olaraq evin şəraiti də fərqlənir: "Təqribən qiymətindən bilinir şərait necədir. 150 manatlıq bağ evi yəqin ki, sadə evdir. Bir otaq, şəraiti də yüngülvari. Qiymətlər qalxdıqca, şəraiti daha da yaxşılaşır. Çoxu istəyir ağaclıq olsun, hovuz olduqda bir az da qiymətlər qalxır. Hovuz olanda ən azı 3000-3500 manata olur bağ evləri. Müəyyən çatışmazlıqlar olursa da, müştəri ilə ev sahibi öz aralarında razılaşırlar".

 

Hacıbala Quliyev deyir ki, yerli sakinlər bağ evlərinə üstünlük versələr də, xaricilər daha çox sanatoriyalara üstünlük verir. Bu il xarici turistlərdən 2-3 nəfər bağ evi kirayə götürüb.

 

Pirşağı, Zuğulba, Buzovnada da qiymətlər fərqlənmir. Minimum 200 manatdan başlayan kirayə qiymətləri 10 min manata qədər yüksəlir.

 

Necə deyərlər, axtaran tapar. Siz də axtararaq kirayə qiyməti ucuz olan bağ evləri tapa bilərsiniz. Bu evlər lüks şəraitdə olmasa belə, istirahətinizi özünüz maraqlı və yaddaqalan edə bilərsiniz. Məkanından, yerindən və qiymətindən asılı olmayaraq.

 

Hər kəsə xoş istirahətlər!

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>