Sizin link burada

Suriyada “İsrail”, yoxsa “Ermənistan” qurulur? - Türkiyə və Rusiyanın ortaq maraqları

Bölgədə qüvvələr balansında yenidən dəyişiklik cəhdləri hiss olunur. Türkiyə bir tərəfdən Rusiya və İsraillə münasibətləri normallaşdırmağa çalışır, digər tərəfdən son onilliklərin ən böyük terror təhdidləri ilə üz-üzədir. ABŞ və Avropa İttifaqından istədiyini ala bilməyən Ankaranın Yaxın Şərqdə də işləri yaxşı getmir. Ölkə Suriya ilə mövcud sərhədlərə nəzarəti de-fakto itirmək üzrədir. Proseslərin bu istiqamətdə inkişaf edəcəyi barədə fikirlər hələ aylar öncə “Panoram” proqramında gedən müzakirələrdə səsləndirilib və Türkiyə-Rusiya münasibətlərinə dair irəli sürdüyümüz proqnozlar özünü doğruldub. Proqramın bugünkü qonağı həmin proqnozların müəllifi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, siyasət üzrə fəlsəfə doktoru Nazim Cəfərsoydur.  
 
Rezume:
 
Türkiyənin Rusiyaya məktub jesti və Türkiyə-İsrail protokollarının imzalanmasının eyni vaxta düşməsi təsadüf deyil. Bu, türk diplomatlarının öncədən planlaşdırdığı addıma daha çox bənzəyir. “Mavi Mərmərə” hadisəsi ilə Rusiya təyyarəsinin vurulması insidenti arasında müəyyən paralellər aparmaq olar. Türkiyə birində zərərçəkən qismində, digərində zərər yetirən qismində idi. Normallaşma prosesinin eyni günə təsadüf etməsi də bundan qaynaqlanırdı. Türkiyə eyni gündə Rusiyanın istədiklərini yerinə yetirdi, İsraildən isə istədiklərini aldı. Bu, Türkiyə üçün daxili siyasətdə tarazlıq yaratmaq baxımından vacib idi və yaratdı.
 
Atatürk hava limanında baş verən hadisənin Türkiyə-Rusiya və Türkiyə-İsrail yaxınlaşması ilə birbaşa deyil, dolayı əlaqəsi ola bilər. Bu, daha çox Ankaranın İŞİD-ə qarşı münasibətinin son dövrlər daha da sərtləşməsi ilə bağlıdır. Türkiyə ötən müddətdə istər ölkə daxilində, istərsə də Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatları intensivləşdirib. Bu əməliyyatlar əvvəllər də aparılırdı, amma intensivliyi az idi. İndi isə terror aktı baş verənə ərəfədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının az qala hər gün “İŞİD mövqelərini vurduq” başlıqlı açıqlamalarının şahidi olurduq. Türkiyə İŞİD-ə qarşı mübarizənin dozasını hər gün artırır və bu intensivlik avtomatik olaraq ölkənin İŞİD-in hədəfinə çevrilməsinə səbəb olur. İŞİD-ə gəldikdə, irimiqyaslı terror aktları törətmək üçün Türkiyə həm coğrafi baxımdan, həm sərhədləri keçməyin asanlığı baxımından Avropadan daha asan hədəfdir.
 
Türkiyədə İŞİD terrorunun davam etməsi ehtimalı hələ də böyükdür. Ümumiyyətlə tarixə baxsaq, yay fəsli Türkiyədə terrorçu fəaliyyətlərin aktivləşdiyi dövrdür. Nəzərə alsaq ki, Atatürk hava limanında törədilən dəhşətli terror aktından sonra Türkiyənin İŞİD-ə qarşı əməliyyatları daha da intensiv xarakter alacaq, o zaman yay fəslində Türkiyədə daha böyük və çoxsaylı terror aktları həyata keçirmək cəhdləri olacaq. Bu, həm İŞİD, həm də PKK tərəfindən həyata keçirilə bilər. PKK kiçik şəhərlərdə, qəsəbələrdə məğlub olduğuna görə, özünü bu dəfə böyük şəhərlərdə təsdiqləməyə çalışacaq. Eyni zamanda Ankara artıq terrora qarşı mübarizədə İsraillə əməkdaşlıq etmiş olacaq. İŞİD törətdiyi terror aktının səbəblərini açıqlayanda Türkiyə-İsrail yaxınlaşmasını əsas gətirə bilər.
 
Türkiyə-Rusiya münasibətlərində sürətli bir yaxınlaşmanın olacağı şərtdir. İki dövlətin əməkdaşlığının əsas kontekstlərində biri və bəlkə də birincisi Suriya məsələsi olacaq. Önümüzdəki dövrdə Rusiya Əsəd rejimi ilə Türkiyə arasında vasitəçilik edə bilər, Ankara Suriya və Rusiyadan müəyyən güzəştlər əldə edə bilər. Məsələn, Türkiyə razılaşma əsasında İŞİD-in Suriyadakı mövqelərinə havadan zərbələr endirmək imkanı qazana bilər. Bundan başqa Rusiya ilə münasibətlərdə türkmən həssaslığı ön plana çıxa, Rusiya türkmən məsələsinə daha həssas yanaşa bilər. Belə olarsa, hər iki tərəfdən türkmənlər məsələsinə həssaslıq atılan addımlara daxildən veriləcək dəstəyi artırmış olacaq. Həm Rusiya, həm Türkiyə çox güman ki, münasibətlərdəki problemlərin kompleks şəkildə həllinə çalışacaqlar və bu, Ankaranın qırmızı xətlərindən sayılan Hələb məsələsinə də təsirsiz ötüşməyəcək. Məsələn, Hələbdə keçirilən hərbi əməliyyatlar bir az koordinasiya olunmuş şəkildə aparıla bilər. Ümumilikdə isə yaxın gələcəkdə Türkiyə-Rusiya-İran üçtərəfli maraqlar formulunun ortaya çıxması da mümkün ola bilər.
 
Suriyada kürdlərin gələcəyinə dair ABŞ və Rusiyanın mahiyyətcə fərqli, amma formaca üst-üstə düşən baxışları var. Orada bir kürd özünüidarəsinin qurulmasından söhbət gedir, amma hələlik məlum deyil ki, Suriyada bir Rusiyanın təsir dairəsində olan “Ermənistan” qurulacaq, yoxsa, ABŞ-la müttəfiq “İsrail” yaradılacaq. Son zamanlar gedən proseslər göstərir ki, “İsrail” qurulması ehtimalı daha böyükdür. “Ermənistan” qurma ehtimalı azalan Rusiya öz planı baş tutmadığına görə qarşı tərəfin “İsrail” qurma planının qarşısını almağa cəhd edəcək. Burada isə Moskva və Ankaranın maraqları demək olar ki, üst-üstə düşür.
 
Türkiyənin Suriya məsələsində Rusiya ilə maraqları uzlaşdırmaq cəhdləri Qərbin diktəsi ilə deyil, təşviqi ilə keçirilmiş ola bilər. Suriya probleminə Qərbin və Rusiyanın baxışlarında radikal fərqlərin olduğunu düşünmürəm. Strateji planda da üst-üstə düşən məqamlar var. Türkiyə isə Suriya ilə bağlı Qərb və Rusiyanın planlarına yaxınlaşa bilər.
 
Rusiya ilə maraqları uzlaşdırsa belə, bu, Qərbin Türkiyəyə münasibətini dəyişdirməyəcək. Çünki Türkiyə-İsrail münasibətlərinin normallaşması və “Brexit”in nəticələri həm Rusiyanın, həm də ABŞ-ın nəzərində Türkiyənin xüsusi çəkisini, geostrateji əhəmiyyətini  artırır. Britaniyanın Avropa İttifaqından çıxması ABŞ-ın bu birlik daxilində təsir imkanlarını azaldacaq, eyni zamanda Aİ ölkələri Rusiya ilə münasibətləri normallaşdırmağa cəhd edə bilərlər. Həm Vaşinqton, həm Moskva bu proseslərin neqativ təsirlərini azaltmaq üçün Türkiyədən istifadə etməyə çalışacaqlar.
 
Bundan əvvəl Türkiyə Qara dənizin NATO hövzəsinə çevrilməsi təşəbbüsü ilə çıxış edir, Ukrayna ilə ikitərəfli hərbi əməkdaşlığı genişləndirmək xətti yürüdürdü. Hər iki xətt Rusiyanın maraqlarına zidd idi, bundan sonra Ankaranın hər iki istiqamətdə mövqeyində dəyişiklik ola bilərmi sualı meydana çıxır. Fikrimcə, Ankara Ukrayna məsələsində geri addım atmayacaq, NATO-nun rəqabət planlarında təşəbbüskar mövqeyindən isə bir az geri çəkiləcək.
 
Türkiyə tərəfi üzr istəmədiyini bildirir, Rusiya isə bunun əksini iddia edir. Məktub və üzrxahlıq məsələsində, nəzərdən qaçırılan bir məqam var. Bir dövlət başçısı digərinə məktub göndərən zaman o məktubun iki nüsxəsi göndərilir. İndiki halda ümumi protokola əsasən, Putinə məktubun türk dilində əsli və rus dilinə tərcümə edilmiş xülasəsi, yəni qeyri-rəsmi versiyası göndərilib. Rəsmi məktubla qeyri-rəsmi mətn arasında fərq ola bilər, tərcümənin üslubu ilə bağlı anlaşılmazlıq da ola bilər. Digər bir məqam odur ki, məktub Putinə yazılsa da, orada pilotların ailəsindən üzr istənilir. Bu da nəzərə alınmalı ciddi məqamdır. 

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>