Sizin link burada

"Soyqırımı törətmiş ölkə həyasızcasına..." - ŞƏRH

 

“Almaniya uydurma “erməni soyqırımı”nı tanımaqla türklər, eləcə də azərbaycanlılarla münasibətlərə ciddi əhəmiyyət vermədiyini göstərdi”.

 

Bunu millət vəkili Fazil Mustafa Lent.az-a Almaniya parlamentinin uydurma “ erməni soyqırımı”nı tanımasını şərh edərkən deyib.

 

F.Mustafanın sözlərinə görə, bu məsələ ilə bağlı Türkiyə prezidentinin də Almaniya parlamentinə rəsmi müraciəti olmuşdu və müraciətdə bunun qəbulediməz olduğu bildirilmişdi: "Görünür, Almaniya həm Türkiyədə, həm də digər ölkələrdə yaşayan türklər, o cümlədən azərbaycanlılarla münasibətlərə ciddi əhəmiyyət vermədiyini göstərmək üçün belə bir addım atdı. Bu, Almaniyanın özü üçün də müəyyən problemlər yaradacaq. Çünki Türkiyənin bunun qarşılığında Almaniyanın əleyhinə müəyyən addımlar ata biləcəyi proqnozlaşdırıla bilər. Bu addım Almaniyanın rəsmi səviyyədə həyasızcasına erməni yalanını dəstəkləməsi kimi qiymətləndirilməlidir. Buna qarşı sərt mövqe ifadə olunmalıdır. Çünki olmayan bir hadisə ilə bağlı belə siyasi qərar vermək hər halda öz tarixi keçmişində soyqırım törətmiş ölkə üçün bağışlanmaz bir haldır. Yəqin ki, Almaniya da bu addımının sərt etirazlarla qarşılaşacağını gözləyir”.

 

Bunun erməni terrorunun vəhşətini, Xocalı soyqırımını yaşamış bir ölkə kimi Azərbaycan üçün də ədalətsiz bir qərar olduğunu deyən millət vəkili bildirib ki, həm Azərbaycan, həm Türkiyə tərəfindən bu məsələyə münasibət bildirməlidir: "Çünki Almaniya əgər Xocalı soyqırımını tanımırsa, deməli ermənilərə məqsədyönlü şəkildə yalan dəstək verməklə Türkiyəyə qarşı siyasət izlədiyini ortaya qoyur”.

 

Siyasi şərhçi Şahin Cəfərli isə düşünür ki, 1915-ci il hadisələri Türkiyənin başını ağrıtmağa davam edəcək: "Almaniya parlamentinin uydurma “erməni soyqırımı”nı tanıması bir daha göstərdi ki, 1915-ci il hadisələri Türkiyənin başını ağrıtmağa davam edəcək" - politoloq Lent.az-a qərarı şərh edərkən deyib. 

Ş.Cəfərli deyib ki, bir il əvvəl “soyqırım”ın 100-cü ildönümünün gözləniləndən çox sönük keçməsi və ermənilərin hər hansı ciddi dövlətdə tanınmağa nail ola bilməməsi ümid yaratmışdı ki, dünyanın, xüsusən ciddi dövlətlərin bu məsələyə marağı öləziməyə doğru üz tutub: "Maraqlıdır ki, ötən il Almaniya hökuməti Türkiyə ilə münasibətlərin korlanmaması naminə bu gün qəbul olunan qətnamə layihəsinin parlamentin gündəminə gətirilməsinə imkan verməmişdi. Lakin cəmi 1 il sonra Merkel hökuməti mövqeyini 180 dərəcə dəyişdi - özü də elə bir məqamda dəyişdi ki, Almaniyanın və bütövlükdə Avropanın Türkiyəyə ciddi ehtiyacı yaranıb. Söhbət Avropa İttifaqının təhlükəsizliyinə, asayişinə, Şengen sisteminə real təhdid yaradan miqrant böhranından gedir. Bu məsələdə Türkiyə ilə Avropa İttifaqı anlaşdılar, lakin Əhməd Davudoğlunun istefaya məcbur edilməsindən sonra xarici siyasət məsələlərində təşəbbüsü tamamilə öz üzərinə götürən prezident Ərdoğanın məlum ritorikası və viza məsələsi ilə bağlı Aİ-nin mövqeyinə etiraz edərkən “qaçqınları avtobuslara doldurub Avropaya göndərərik” şəklində təhdid səsləndirməsi qarşı tərəfdə çox ciddi qıcıq yaratdı. “Soyqırım” layihəsinin operativ şəkildə koalisiya ortaqları tərəfindən gündəmə gətirilərək qəbul olunmasına məhz bu amilin səbəb olduğunu söyləsək, səhv etmiş olmarıq".

 

Türkiyənin atacağı qarşı addımları da şərh edən politoloqun fikrincə,  zaman keçdikdən sonra bu da unudulacaq: "Eynilə, Fransa, Belçika, İsveçrə və digər ölkələrin “erməni soyqırımı”nı tanımasından sonra baş verənlər kimi..."

 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu  isə bildirib ki, bu qərar Almaniyanın Qarabağ münaqişəsinin həllindəki tərəfsiz mövqeyinə kölgə salmış oldu: “Fransadan bu hərəkəti gözləmək olardı. Çünki Fransada erməni lobbisi var, fransız parlamentinə təzyiq və ya təsir edib dırnaqarası soyqırımı qəbul etdirə bilərlər. Ancaq Almaniyanın bunu etməsi çox böyük təəssüf doğurur Almaniyada elə böyük erməni lobbisi yoxdur, əksinə 3 milyon türk  yaşayır. Almaniya bununla türklərin maraqlarını ayaq altına atdı. Düzdür, bu qanun deyil, böyük qüvvəsi yoxdur, sadəcə qətnamədir, amma hər halda pis əhval ruhiyyə yaradır. Çünki bununla Ermənistana bir növ dəstək vermiş oldular. Almaniya ATƏT-in hazırki sədridir və Qarabağ münaqişəsinin həllinə də maraq göstərir, təkliflər verir, fəallıq nümayiş etdirir. Bu cür ermənipərəst qətnamənin qəbul edilməsi Almaniyanın Qarabağ münaqişəsinin həllində tərəfsizlik mövqeyinə də kölgə salır”.

 

E.Şahinoğlu qeyd edib ki, Almaniya bu yolla Türkiyəni cəzalandırmaq istəyir: “Bir tərəfdən miqrant məsələsinin həllində Türkiyəyə ehtiyacı olduqlarını deyirlər, ancaq digər tərəfdən də bu yolla təzyiq etməyə çalışırlar. Bunun nəticəsi olaraq Türkiyə Almaniya münasibətləri tam soyumaya bilər. Türkiyə çalışacaq ki, bu gərginlik çox uzanmasın".

 

Qeyd edək ki, bu gün Alman parlamenti 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri "erməni soyqırımı" kimi tanıyıb. Parlamentdə qətnamənin əleyhinə cəmi 1 səs verilib. Bir deputat isə qərarsız qalıb. Baş nazir Angela Merkel isə səsverməyə qatılmayıb.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>