Sizin link burada

Azərbaycanda səfərbərlik elan ediləcək? – RƏSMİ AÇIQLAMA

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkədə səfərbərlik elan olunacağı barədə xəbərlərə rəsmi münasibət bildirib. Xidmətdən Lent.az-a verilən məlumata görə, ölkədə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara  əsasən tənzimlənir:

 

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır. Səfərbərliyin elan olunması barədə yayılan məlumatlarla bağlı bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılması işi mütəmadi olaraq aparılır. Hazırda aprel çağırışının yekunu ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılanların hərbi vəzifəlilərin qeydiyyatına alınması, eyni zamanda ehtiyatda olan resurslar barədə məlumatların bir daha dəqiqləşdirilməsi həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, mövcud qanunvericiliyin tələblərinə əsasən bütün çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, ehtiyat resursların (insan və nəqliyyat) dəqiqləşdirilməsi və yoxlanılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəsidir.

 

Əgər Azərbaycan Respublikasında səfərbərlik elan olunarsa, bu barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək və ehtiyatda olan hərbi vəzifəlilər səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılacaqlar”.

LENT

23 May 2018

Digər xəbərlər >>>