Sizin link burada

Bakıda restoranda atışma: 3 nəfər həbs edildi - YENİLƏNİB - ADLAR

Daxili İşlər Nazirliyi Bakıda restoranda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə atəş açaraq xəsarət yetirmiş şəxslər müəyyən edilib. Paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən “Revolver” tipli tapança və 5 ədəd patron götürülüb.

 

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci, 221-ci və 228-ci  maddələri ilə cinayət işi başlanıb.

 

*****

 

22 aprel

 

Bu gecə Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş vermiş silahlı insident zamanı yaralanan şəxslərin adları dəqiqləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisədə 1986-cı il təvəllüdlü Süleyman Abdullayev və 1980-ci ildə anadan olmuş Fərid Əkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

 

İlkin məlumata görə, dünən saat 21 radələrində bir qrup şəxs restoranda borc məsələsini müzakirə etmək üçün toplanıb. Hadisə də bu zaman baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

*****

 

10:38

 

Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib. 

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

 

**

10:11

Aprelin 22-nə keçən gecə Bakıda restoranlardan birində baş vermiş silahlı qarşıdurma zamanı 2 nəfər xəsarət alıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 21.00 radələrində Badamdar qəsəbəsində yerləşən "Bulaq" kafesində müştərilər arasında dava düşüb. Dava zamanı odlu silahdan atəş açılıb və iki  nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıb.

 

Bildirilir ki, hadisənin iştirakçılarından 4 nəfər artıq həbs olunub. Hazırda Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

*****

 

02:31

 

Bakıda restoranlardan birinin qarşısında mübahisə zamanı güllə yarası alan müştəri  tanışları tərəfindən ərazidən aparılıb. Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir. Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Hadisə yerində istintaq tədbirləri aparılıb.

 

Məlumata görə, kafe ərazisindən 5 giliz aşkar edilib.

 

Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir.

 

Faktla əlaqədar Cinayət işi başlanıb. Araşdırmalar aparılır.

 

 

**** 02.18

 

Bakıda güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb. 2-ci yaşayış massivi, 7-ci döngədə  yerləşən "Bulaq" restoranında iki naməlum şəxs arasında yaranan mübahisə sonradan kafenin qarşısında davam edib.  Hadisə zamanı mübahisə edən şəxslərdən biri digərinə odlu silahdan atəş açıb.

 

Hadisə yerinə təcili yardım çağırılıb və polisə məlumat verilib. Hazırda ərazidə cəlb olunan  polis əməkdaşlarından APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, atəş "Makarov" tipli tapançadan açılıb. 

 

Faktla bağlı araşdırma davam etdirilir.

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>