Türkiyə Suriya ərazisinə qoşun yeridəcəkmi?

Şahin Cəfərli - politoloq

 

Vüqar Məsimoğlu - aparıcı

 

“Ankarada törədilən terrorun Hərbi Hava Qüvvələri komandanlığının önündə baş verməsi və hərbi pilotların hədəfə götürülməsi məqsədyönlü şəkildə həyata keçirilib və burada Rusiya faktoru önə çıxır. Putin Rusiya hərbi təyyarəsinin vurulmasına görə intiqamın ağır olacağını demişdi”.

 

“Rusiya Türkiyəni Suriyaya hərbi müdaxilədən çəkindirmək istəyir və terror vasitəsilə verilən mesajlardan biri budur”.

 

“Bu il Barak Obamanın prezidentliyinin sonuncu ilidir və o, yeni problemlərlə məşğul olmaq istəmir. Türkiyənin əsas narazılığı ABŞ-ın Suriyada quru əməliyyatlarına razılıq verməməsindən qaynaqlanır. ABŞ-ın dəstəyi olmadan əməliyyatlara başlamaq olar, lakin bu, çox risklidir və Rusiya ilə müharibə təhlükəsi yarada bilər”.

 

“NATO-nun qərarları və mövqeyi də ABŞ-dan asılıdır. NATO Türkiyəyə siyasi dəstək verir, amma bu, o demək deyil ki, Türkiyənin Suriyadakı mümkün addımları ilə bağlı riskləri öz üzərinə götürəcək”.

 

“Suriyadakı proseslər Türkiyənin təhlükəsizliyinə birbaşa təhdid yaradır. Türkiyənin sərhədləri boyunca böyük bir kürd zolağı yaranır. Türkiyə üçün digər bir təhdid PYD-nin və Əsəd ordusunun irəliləməsindən sonra ölkəyə başlayacaq yeni qaçqın axınıdır”.

 

“Türkiyə əvvəl Suriyadan gələn qaçqınları qəbul edirdi. İndi isə həmin qaçqınları yerləşdirmək üçün Suriya ərazisində, sərhəd bölgəsində çadır düşərgələri yaradıb. Lakin PYD-nin hücumları nəticəsində həmin qaçqınlar da Türkiyə ərazisinə üz tuta bilər”.

 

“Ərdoğanın son dövrlərdəki bəyanatları ABŞ-a açıq-aşkar təzyiqdir. Səudiyyə Ərəbistanı da Amerikanın regional siyasətindən narazıdır. Eyni zamanda, İsrail də öz sərhədlərində İranın güclənməsini istəmir. Bu səbəbdən bu üç ölkənin Suriya məsələsində maraqları üst-üstə düşür. Son vaxtlar Türkiyə və İsrail arasında yaxınlaşma gedir. Düzdür, hələ anlaşma əldə olunmayıb və əsas anlaşılmazlıq Qəzzaya qarşı blokadanın ləğvi ilə bağlıdır. Amma güman etmək olar ki, İsrail blokadanı tam qaldırmasa da, Türkiyənin Qəzzaya humanitar yardım göstərməsinə şərait yaradacaq. Artıq bu proses Rusiyanı ciddi şəkildə narahat edir və Sergey Lavrov İsrail Xarici İşlər Nazirliyinin direktorunu qəbul edərkən İsrail-Türkiyə yaxınlaşmasından narazılığını gizlətməyib”.

 

“Amerikanın hal-hazırda Suriyada əsas marağı İŞİD təhlükəsini neytrallaşdırmaqla bağlıdır. Ümumiyyətlə, artıq Yaxın Şərq artıq əvvəlki kimi Amerikanın həyati maraqlarının olduğu ərazi deyil. Bu regiona marağın azalmasının əsas səbəbi ABŞ-ın enerji daşıyıcılarına olan tələbatını öz daxili ehtiyatları hesabına ödəməyə başlamasıdır”.

 

“Suriyadan qaçqın axını Avropanın təhlükəsizliyi üçün problem yaratdı. Avropa Birliyinin bəzi üzvləri nəzarət mexanizmləri formalaşdırmağa məcbur olub ki, bu da Şengen sisteminin və ümumilikdə Avropa Birliyi sisteminin dağılması təhlükəsi yaradıb. Yeni qaçqın axınının Avropaya yönəlməsinin qarşısının alınması üçün Avropa Birliyi, özəlliklə Angela Merkel Türkiyənin Suriyada bufer zonası yaratmasını dəstələyir”.

 

“Türkiyənin təhlükəsizliyinə ciddi təhdidlər yaranarsa, Suriyaya hərbi müdaxilə məsələsi gerçəkləşə bilər. Bu gün yaranmış vəziyyət əslində Türkiyənin xarici siyasətini düzgün qura bilməməsinin nəticəsidir. Artıq Türkiyə Suriya məsələsində o qədər irəli gedib ki, nə isə qazanmadan geri çəkilməsi də mümkün deyil. Suriya ərazisinə qoşun yeritməklə Türkiyə diplomatiyasındakı uğursuzluqların bir hissəsini hərbi yolla kompensasiya etmiş olar. Suriyaya qoşun yeritmək bataqlığa girmək deyil, çünki Türkiyə artıq bataqlıqdadır. Lakin Suriya ərazisinə qoşun yeritməyin böyük riskləri var. Hipotetik olaraq belə bir durumu təsəvvür etmək olar: Türkiyə qoşunları Suriya ərazisindədir və Rusiya təyyarələri bu qoşunların mövqelərinə havadan zərbələr endirir, Türkiyə buna cavab olaraq Rusiya təyyarələrinə atəş açır, Rusiya isə Türkiyə ərazisinə zərbələr endirməyə başlayır. Bu isə Rusiya-Türkiyə müharibəsinin başlanması deməkdir”.

 

“Rusiya Suriyaya Əsəd hökumətinin rəsmi dəvəti ilə gəldiyini deyir. Amma Əsəd hakimiyyətinin legitimliyi şübhə altındadır. Onun necə seçildiyi bəlli deyil, həm də o, artıq ölkə ərazisinin böyük hissəsinə nəzarət etmir. Ona görə də Rusiyanın Əsəd tərəfindən dəvət olunmasının qanuniliyi şübhəlidir”.

 

“Suriyaya müdaxilə məsələsində ABŞ-ın Türkiyəyə siyasi dəstəyi də vacibdir. Çünki Rusiyanın bu müdaxiləyə hərbi cavabdan əlavə, siyasi cavabı da ola bilər. Məsələn, Rusiya BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edərək Türkiyəni Suriya ərazisinə təcavüz etməkdə suçlaya bilər. Belə bir qətnamənin qəbul olunmaması üçün ABŞ-ın dəstəyi şərtdir”. 

LENT

23 May 2019

Digər xəbərlər >>>