Sizin link burada

“Donuz qripi” qonşuda:4 nəfər ölüb

Gürcüstanda H1N1 virusundan ("donuz" qripi) 4 nəfər ölüb.

 

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında bu ölkənin səhiyyə naziri David Sergeyenko bildirib.

 

Nazir regionda mövsümlə əlaqədar olaraq xəstəliyin artması riski yarandığını bildirib: "Bütün regionlarda müəyyən mövsümdə qripin artması riski yaranır. Təəssüf ki, Gürcüstanda bir neçə regionda, eləcə də paytaxtda qrip xəstəliyindən ölüm halları baş verib".

 

Səhiyyə naziri H1N1 virusu ilə mübarizə üçün təcili yardım xidmətinin işinin asanlaşdırılmasına yönəlmiş addımlar atıldığını bildirib: “Tiflisdə 4 tibb məntəqəsi açmışıq. Bu məntəqələrdə xəstələr 24 saat təcili olaraq tibbi yardım ala bilərlər. Bundan əlavə, ailə həkimləri də təcili çağırış əsasında evlərə gedirlər.  Bu da təcili yardım xidmətinin işini yüngülləşdirir".

 

D. Sergeyenko Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə H1N1 virusu ilə (donuz qripi) xəstələrin qeydə alınmadığını bildirib: "Azərbaycanlıların yaşadığı bölgələrdə bu xəstəliyə yoluxanlar qeydə alınmayıb.  Xəstəliyin lokal şəkildə yayılma faktları Gürcüstanda aşkarlanmayıb. Bizim üçün hər bir rayon və onun əhalisi eyni dərəcədə önəmlidir. Xəstəliyi qabaqlamaq üçün hər yerdə əvvəlcədən lazım olan tibbi tədbirləri həyata keçiririk".

 

Nazir, həmçinin, məktəbəqədər müəssisələrdə və məktəblərdə də profilaktik tədbirlərin aparıldığını qeyd edib: "Xəstələnən uşaqlara bir müddət məktəbə getməyə icazə verilmir. Bu göstəriş uşaq bağçalarına da aiddir. Mövsüm ilə bağlı xəstəlik riskləri artan zaman təmkinli və tədbirli olmalıyıq”.

 

D. Sergeyenko azərbaycanlıların kompakt  yaşadığı bölgələrdə ambulatoriya və tibb məntəqələrinin yarıtmaz halda olmasına da münasibət bildirib: "Keçən il biz Gürcüstanda müasir standartlara cavab verən 82 yeni ambulatoriya tikmişik. Belə tikililərin sayı getdikcə çoxalacaq. Bu prosesi davam etdirmək fikrindəyik. Hələlik problemli bölgələrdə və əhalinin ən çox səhiyyəyə ehtiyac olan yerlərdə tibb məntəqələri tikdik. Təbii ki, hər bir kənddə tibb mərkəzi və ambulatoriyalar açacağıq".

 

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>