Sizin link burada

İstanbulda baş verən terrorda ölənlərin çoxu xarici vətəndaşlardır - YENİLƏNİB

Sultanahmet meydanında baş verən teraktda 10 nəfər ölüb, 15 nəfər yaralanıb

 

Türkiyənin İstanbul şəhərində törədilən partlayışda ölənlərin əksəriyyəti əcnəbi turistdir.

 

APA-nın xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş deyib. Onun sözlərinə görə, xəsarət alanların 9-u Almaniya, 1-i Norveç, 1-i isə Peru vətəndaşıdır. Xəsarət alanların 2 nəfərinin vəziyyəti ağırdır: “Partlayışın hədəfində əcnəbilərdən ibarət turist qrupu olub”.

 

Hökumət sözçüsü hadisəni törədən şəxsin Suriya əsilli və 1988-ci il təvəllüdlü olduğunu vurğulayıb. O, partlayışı törədən terrorçunun cəsədinin qalıqlarının hadisə yerindən tapıldığını deyib.

 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 10.20-də İstanbuldakı Sultanəhməd meydanında terror aktı törədilib. Nəticədə 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Prezident Rəcəb Tayyib Ərdoğan partlayışı suriyalı kamikadzenin törətdiyini deyib.

 

**

14:39

İstanbulun mərkəzində özünü partladan terrorçu qadın imiş. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, əməliyyatçıların canlı bombanın cəsədinin qalıqları üzərində apardığı ilkin araşdırmalardan sonra onun qadın olduğu barədə izlər aşkarlanıb. 

 

**

 

13:39

İstanbuldakı partlayışın canlı bomba terroru olduğu dəqiqləşib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ən az 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Terrorçunun özünü turistlərin arasında partlatmaq istədiyi ehtimal edilir. Ancaq polisləri gördüyü üçün qəfil özünü partladıb. Bununla belə, ölənlərin çoxunun turist olduğu bildirilir.

 

Hadisəni PKK terror təşkilatının törətdiyi ehtimal edilir. 

**

12:42

İstanbulun mərkəzi meydanlarından olan Sultanahmetdə güclü partlayış baş verib. 

 

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, səbəbi hələ müəyyən edilməyən partlayış zamanı bir polis maşını aşıb. Hadisə nəticəsində onlarla polis yaralanıb. Sultanahmetdə olan jurnalistin dediyinə görə, hadisə  canlı bombanın özünü partlatması nəticəsində baş verib. Onlarla ölü və yaralının olduğu bildirilir.

 

Yerli vaxtla saat 10:20-də baş verən partlayış o qədər güclü olub ki, yaxınlıqdakı polis avtomobili aşıb. Hadisənin şokunu üstündən atan insanlar aşan avtomobillərdəki yaralı polisləri və digər insanları xilas etməyə başlayıblar.

 

Hadisə yerindən Haseki xəstəxanasına gətirilən 5 yaralıdan biri vəfat edib. Digər 4 yaralıdan birinin vəziyyəti kritikdir. Hadisə yerində araşdırma aparan istintaq qrupu əraziyə cəsəd çadırlarının gətirilməsini istəyib.

 

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. 

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>