Sizin link burada

Habil Əliyevin xatirə gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində görkəmli kaman ustası, xalq Artisti, “Şöhrət” və “İstiqlal” ordenli Habil Əliyevin xatirə gecəsi keçirilib.

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində sənətkarın həyat yolundan bəhs edən fotosərgiyə baxıblar.

Tədbirin aparıcısı yazıçı-publisist Əjdər Ol sənətkarın keçdiyi həyat yolundan, Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, bənzərsiz ifaçılıq məharətindən geniş söz açıb.

Qeyd edilib ki, ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

Gecədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşaraq el arasında geniş şöhrət tapıb.

Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənən Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını olduqca yüksəkliklərə qaldırıb. Daim öz üzərində işləyən sənətkar Azərbaycan mədəniyyətinə sanballı töhfələr verib.

Xatirə gecəsində Vurğulanıb ki, Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu. Habil Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Çahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı bəxş edib. Kaman ustasının keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Nazir müavini Habil Əliyevin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını da qeyd edib.

Gecədə tanınmış və gənc xanəndələrin ifasında Habil Əliyevin bəstələri, eləcə də xalq mahnıları və muğamlarımız səsləndirilib.

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>