Sizin link burada

Rusiyada ölmüş ərinin adına şəhid təqaüdü alan qadın azadlıqda qaldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə qarşı dələduzluqda təqsirli bilinən Əsli Həsənova və vəzifə səlahiyyətlərindən sui-istifadə aşmaqda təqsirləndirilən Fazil Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Ramella Allehverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən Əsli Həsənova 7 il cəza alıb. O, cinayət məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, bir il sınaq müddəti olmaqla cəzasını şərti azadlıqda keçirəcək. Məhkəmə digər təqsirləndirilən Fazil Bayramovun cinayət işinin baxılmasına isə xitam verib.

 

Qeyd edək ki,  Əsli Həsənova  Rusiyada öldürülən ərinin Qarabağ döyüşlərində şəhid olması haqda saxta arayışla dövlətdən 9780 manat təqaüd alıb. O, Dövlət Sosial Müdafiə Fondundan saxta arayışla bir neçə il təqaüd alıb. O, saxta arayışı Beyləqan rayonunda ekspertizada işləyən Fazil Bayramovdan alıb.

 

Əsli Həsənova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq), Fazil Bayramov isə 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunub.

 

Əsli Həsənova məhkəmədə ifadəsində bildirib ki, arayışın saxta olduğunu və ərinin Rusiyada öldürüldüyünü bilməyib: “Biz 1987-ci ildə evlənmişik, Xocavənd rayonunda yaşayırdıq. Yoldaşım tez-tez Rusiyaya gedib, orada işləyirdi. 1991-ci ildə biz də onunla birgə Rusiyaya gedib orada yaşadıq. Həmin ilin dekabrında qızım Lalə dünyaya gəldi. Ondan sonra mən qızımı götürüb Azərbaycana qayıtdım. 1992-ci il martın 13-də atam dedi, ərini öldürüblər. Elə bildim, Rusiyada vurublar, çünki mən onun Rusiyada olduğunu bilirdim. Atam dedi ki, o, Qarabağ döyüşlərində həlak olub”.

 

Məhkəmə baxışı zamanı saxta arayış verən  Fazil Bayramov ifadə verib. O bildirib ki, həmin arayışı verməyə səlahiyyəti olmayıb: “Mən 1992-ci illərdə terapevt işləyirdim. Arayışın verildiyi 2008-ci ildə isə Beyləqan rayonunda ekspertizada işləyirdim. Hələ də həmin vəzifədəyəm. 2008-ci ilin iyunun ortalarında bir kişi gəlib bir nəfər haqda şəhidlik kağızı almaq istədi. Baxdım ki, qeydiyyat kitabında adı yoxdur, vermədim. Getdi, ikinci dəfə yenə gəldi. Bu dəfə iki sənəd gətirmişdi: ölüm haqda şəhadətnamə və rayon icra hakimiyyətindən həmin şəxsin şəhid olması haqda arayış. Dedilər ki, ölüm haqda şəhadətnamənin təzələnməsini istəyirlər, razılaşmadım, getdilər. Üçüncü dəfə gəldilər, dedilər ki, qaçqın ailəsidir, imkansızdır-filan. Mən də kömək etmək istədim. Onlara belə bir arayış verdim”.

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>