Sizin link burada

Ramil Qasımov: “Tez-tez görünmək tamaşaçını bezdirə bilər” - MÜSAHİBƏ

““Koroğlu” operası mənim yaradıcılığımın kulminasiyası ola bilməzdi”

                                                                                                 

Azərbaycanın əməkdar artisti, vokalçı Ramil Qasımovun Lent.az-a müsahibəsi

 

- Azərbaycan mədəniyyətinin hazırkı durumunu necə xarakterizə edərdiniz?

 

- Azərbaycan mədəniyyəti və incəsənəti dünyanı fəth edir. İndi bu ifadə tez-tez işlənir. Doğrudan da, dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycan mədəniyyəti və incəsənəti orada yüksək sevgi ilə qarşılanmasın. Bütün bunlar Azərbaycanda həyata keçirilən davamlı ədəniyyət siyasətinin nəticəsidir. Dövlət başçımız cənab İlham Əliyevin gündəlik qayğısı və diqqəti milli mədəniyyətimizin gündən-günə çiçəklənməsinə, mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə güclü stimul verir. Azərbaycanın birinci  xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun  xoşməramlı səfiri Mehriban Əliyevanın mədəni həyatımızın son illər inkişafındakı  xidmətlərini məxsusi olaraq qeyd etmək lazımdır. Demək olar ki, hər il müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir, rəssamlarımızın sərgiləri təşkil olunur, filmlərimiz festivallarda nümayiş etdirilir, Azərbaycan musiqisi günləri keçirilir və s. Beynəlxalq miqyasda Azərbaycan mədəniyyətini sevir, ona böyük hörmət və məhəbbət bəsləyirlər. Son on iki il ərzində mədəni həyatımızın inkişafına dair qəbul olunan dövlət proqramları bu sahənin davamlı inkişafına güclü təkan verib. Bu dövr ərzində dövlətin mədəniyyət siyasəti şərəfli inkişaf yolu keçib. İslahatların prioritet sahələri müəyyənləşdirilib. Bunlar mədəni və tarixi irsin mühafizəsi, yaradıcılığın dəstəklənməsi, milli kinematoqrafiyanın dirçəldilməsi, mədəniyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi və s. məsələlərlə bağlı olub. Göründüyü kimi, sonrakı illərdə nə qədər dəyərli layihələr həyata keçirilib.

 

- Musiqi kollektivləri Birliyinə rəhbərlik etmək çətin deyil ki? Rəhbərlik etdiyiniz gündən bəri bu zamana kimi hansı işləri görmüsünüz?

 

- Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivləri mənim yaradıcılığımın ayrılmaz bir hissədir. 2012-ci ildən Musiqi kollektivlərində çalışıram. Görülən işlərimiz hər zaman televiziyamızda və radioda öz əksini tapır. Kollektivlərin repertuar siyasəti, vaxtı ilə yazılan, dillər əzbəri olan mahnıların notlarının bərpası, eyni zamanda onlara yeni həyat vermək bizim öhdəmizə düşür. Mən hər zaman deyirəm: Azərbaycan Televiziyası və Radiosunun Səsyazma Evi, musiqi kollektivləri əbədiyaşar sənətkarların ilk sənət ocağı, sənət məbədidir. Bu gün də Səsyazma Evində, Heydər Əliyev Fondunun təşkil etdiyi muğam telemüsabiqəsinin qalibləri bizim solistlərimizdir. Sevindirici haldır ki, onlar bizim milli dəyərlərimizin təbliğatçılarıdırlar. Biz ənənəvi olaraq, müxtəlif bəstəkarların anım günlərini, musiqi kollektivləri ilə qeyd edirik. Bundan başqa, əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestri haqqında və Tofiq Əhmədov haqqında kitabların işıq üzü görməsi, bizim kollektivlərin bir daha musiqi tarixində öz yerinin olmasına bariz nümunədir.

 

- 26 yaşında Koroğlu obrazını canlandırdınız, gənc yaşda da 10 kollektivin rəhbərliyi Sizə həvalə edildi.

 

- Bildiyiniz kimi, dahi Üzeyir bəyin “Koroğlu” operası bəstəkarın şah əsəridir. Mənim 15 yaşım olanda qərara gəldim ki, mən Koroğlu partiyasını ifa edəcəyəm. Mənə o zamanlar gülürdülər. Bir gün müəllimim, mərhum xalq artisti Mobil Əhmədovla, SSRİ xalq artisti Lütfiyar İmanovun evinə gəldik. Mən ona: ““Koroğlu”nu ifa etmək istəyirəm, özü də indi” dedim. “Lakin kimə deyirəm mənə gülür, deyirlər ki, səndən də Koroğlu olar?”

Lütfiyar müəllim gülərək mənə dedi: “Oğlum, Ramil, vaxtı ilə mənə də gülər, mənə də belə deyərdilər - “bu uşaq dəlidir”. Mən də deyərdim “Bəli! Düz deyirsiniz, mən dəliyəm. Mən Koroğlunun 7777 dəlisindən biriyəm”. Güldü və dedi: “Sənə tövsiyə - çalış həmişə sənətinin dəlisi ol, onda səndən nəsə alınar”. O gündən daxilimdə olan inam məni əmin edirdi ki, mən nə vaxtsa “Koroğlu”nu ifa edəcəyəm! Və etdim də. Amma çox heyfsilənirəm ki, mənim bu uğurumu ustadım və Lütfiyar İmanov görmədi. Lakin dəfələrlə yanında o sağ ikən ifa edər, o da öz tövsiyələrini verərdi. 2011-ci ildə Opera və balet teatrında ilk tamaşamı ifa edəndə məndə sanki onların gücü vardı. Bəlkə də bu anları sözlə  yazı ilə çatdırmaq mənə çox çətindir. Lakin inanın, mən hiss edirdim ki, onların ruhu şaddır. Fürsətdən istifadə edib, Akademik Opera və Balet Teatrının yaradıcı heyətinə və rəhbərliyinə təşəkkürümü bildirirəm. Dahi Bülbül məktəbinin davamçısı kimi ilk tamaşamı da məhz Bülbülün əziz xatirəsinə ithaf etdim. Bu mənim ustadımın qarşısında borcum idi! Lakin “Koroğlu” operası mənim yaradıcılığımın kulminasiyası ola bilməzdi! Bu opera mənə daha da inam və yeni hədəflərə doğru irəliləməyə təkan verdi. Musiqili Teatrda çalışdığım zaman mən ifaçılığımla yanaşı, inzibati işlərlə də məşğul olurdum. O vaxt teatrın Həmkarlar İttifaqının sədri, daha sonra quruluş hissə müdiri vəzifələrində çalışırdım. 2000-ci ildən həyatımı paralel olaraq, Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xoru ilə bağladım. O vaxt məni xalq artisti, mərhum bəstəkarımız Ramiz Mustafayev dəvət etdi. O vaxtdan Səsyazma Evinə bağlılığım başladı. 2012-ci ildə televiziyanın rəhbərliyi mənə etimad göstərib Musiqi kollektivlərinin bədii rəhbəri təyin etdi. Bu mənə göstərilən böyük bir qayğı, inam, etimad idi. Çətin, eyni zamanda, şərəfli vəzifənin öhdəsindən gəlmək təbii ki, asan məsələ deyildi. Lakin hər zaman mənə dayaq olan rəhbərliyin etimadını bu gün də, hər an doğrultmağa çalışıram. Ölkəmizdə gənclərə diqqət və qayğı prioritet məsələlərdəndir. Biz gənclər də hər zaman öhdəmizə düşən məsələlərin öhdəsindən layiqincə gəlməli, yeni-yeni töhfələr verməliyik. İndi 10 kollektivin çalışdığı, Musiqi kollektivləri ölkəmizin mədəni-siyasi həyatında hər zaman fəal iştirak edir.

 

- Koroğlu obrazını Böyük Teatrda, La-Skalada sizin ifanızda təqdim olunması arzu edirdiniz. Bu arzunuzun gerçəkləşməsinə çalışırsınız?

 

- Bəli, bu mənim böyük arzumdur. Çünki bir daha deyirəm “Koroğlu” operası Üzeyir bəyin şah əsəridir. Ölkəmiz qüdrətlidir, güclüdür. Dünya operaları sırasında ümid edirəm ki, yaxın zamanda bu opera səslənəcək. Arzumun gerçəkləşməsi üçün hazırda danışıqlar aparılır. Arzu edilən layihənin reallaşması üçün müvafiq köməkliyə ehtiyac duyulur.

 

- Ötən ay Azərbaycanın əməkdar artist fəxri adına layiq görüldünüz. Bundan sonra əldə etmək istədiyiniz, arzusunda olduğunuz hər hansı bir mükafat varmı?

 

- Mədəniyyət işçilərinə göstərilən qayğı və diqqət son illər daha da artıb. Mədəniyyət və incəsənət xadimlərinə prezident təqaüdü verilir, onlar fəxri adlara layiq görülürlər. Elə bu günlərdə mədəniyyət və incəsənət xadimlərinin bir qrupu fəxri adlara layiq  görüldü.  Mən də “əməkdar artist” fəxri adı alanlar sırasındayam. Şübhəsiz, ölkə başçısının imzası ilə verilən fəxri addan böyük şərəfli ad ola bilməz. Mən hər zaman dövlətimin mədəniyyətinə, incəsənətinə, sədaqətlə xidmət etmişəm, edirəm və edəcəyəm. Bu mənim borcumdur. Bizim dövlətimiz tərəfindən verilən müxtəlif ödüllər bizdə yaşamağa, yaratmağa daha da güc verir. Mən mədəniyyətimizin əsgəriyəm! Bundan sonra da mədəniyyətimizə yeni töhfələr vermək, ölkəmizin mədəniyyətini layiqincə dünyada təbliğ etmək mənim ən öndə olan vəzifə borcumdur. Mənə və sənət dostlarıma göstərilən bu qayğı və diqqətə görə ölkə başçısına  dərin minnətdarlığımı bildirir, Azərbaycanımızın daha da qüdrətlənməsi yolunda  böyük uğurlar arzulayıram.

 

- Efirlərdə az görünmənizə səbəb iş çoxluğudurmu?

 

- Bəlkə də. Lakin mən başqa kanallarda oxumuram. Mənim sənətimi sevənlər məni doğma AzTV-də, Mədəniyyət kanalında izləyirlər. Ümumiyyətlə, zənnimcə, efirdə tez-tez görünmək bir az tamaşaçını bezdirə bilər. Az, lakin gözəl, yerində, anında görünmək yaxşıdır.

 

- Rəhbərlik etdiyiniz kollektivlə bağlı qarşıda hansı yeniliklər nəzərdə tutulur?

 

- Hazırda, görkəmli bəstəkar, xalq artisti mərhum Vasif Adıgözəlovun 80 illik yubileyinə hazırlaşırıq. Beynəlxalq Muğam Mərkəzində baş tutacaq yubileydə Tofiq Əhmədov adına Estrada simfonik orkestrinin müşayiəti ilə TV-nin solistləri ifa edəcəklər. Həmçinin, noyabr ayının sonu Niyazi adına simfonik orkestrin müşayiəti ilə Azərbaycan vokalçılarından ibarət konsert proqramı ilə çıxış edəcəyik. Bundan başqa, noyabr ayının  18-də mərhum ifaçı xalq artisti Gülağa Məmmədovun 90 illik yubileyini M.Maqomayev adında Dövlət Filarmoniyasında, Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrin müşayiəti ilə keçirəcəyik. Dekabr ayında “Azərbaycan romansları” adlı yeni konsert, daha sonra, dekabrın əvvəli, bəstəkar xalq artisti Tofiq Bakıxanovun əsərlərindən ibarət konsert proqramı keçirəcəyik.

 

- Bir əməkdar artist kimi konsert verməyi düşünürsünüzmü?

 

- Hazırda Azərbaycan xalq mahnılarından ibarət konsert proqramına hazırlaşıram. Bu yaxınlarda, mən dostlarım xalq artisti Samir Cəfərov, əməkdar artist Fərid Əliyevlə Milanda EXPO festivalında ifa etdik. Üç tenor kimi müxtəlif dünya klassik bəstəkarların əsərlərini böyük tamaşaçı qarşısında uğurla ifa etməyimiz elə bir fikir formalaşdırdı ki, “3 tenor” konsertini Bakıda da təşkil edək. Bundan başqa, gələn il mərhum bəstəkar xalq artisti Ramiz Mustafayevin 90 illik yubileyidir. Onun 1960-cı ildə yazdığı “Vaqif” operasında Vaqif partiyasını hazırlayıram.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>