Sizin link burada

Psixoloq: “Yeniyetmələr arasında intiharlara səbəb diqqətsizlikdir”

“Diqqət və qayğını maddiyyatla nümayiş etdirmək əvəzinə, övladla zaman keçirmək lazımdır”

“Maarifləndirmə çox önəmlidir. Bu gün cəmiyyətdə ən çox ailədaxili aqressiyadan əziyyət çəkənlər yeniyetmələrdir. İllər öncə bu cür davranışlar yeniyetmələrə xas deyildi. 30-40 il əvvəl valideynlər tərəfindən yeniyetmələrə bu qədər aqressiya yox idi. Halbuki, onlar bizim gələcəyimizdir. Gələcəyimizin necə formalaşdığını düşünəndə, acınacaqlı mənzərə yaranır”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, psixoloq Vəfa Rəşidova deyib.

 

O qeyd edib ki, bəzi valideynlər övladlarının yeniyetməlik dövrünə o qədər də diqqət yetirmirlər. Bir çox problemlərin yaranma səbəbləri məhz bu məqamla bağlıdır: “Yeniyetməlik dövründə özünümüdafiə mexanizmi qismən inkişaf etmiş olur. Həyatın sonrakı mərhələlərində insan özünü qoruya bilir. Amma sırf o dönəm çox önəmlidir. Təəssüf ki, valideynlər yeniyetməlik dövrünə bir qədər biganə yanaşırlar. Uşaq ağır bir stress keçirir, valideyn isə düşünür ki, yeniyetməlikdir, keçəcək. Belə münasibət gələcəkdə çox ciddi fəsadlara səbəb ola bilər”.

 

Psixoloq rəyi: “Kredit intihara səbəb deyil”

 

Psixoloq bildirir ki, bəzən valideynlər uşaqları məişət problemləri ilə yükləyirlər: “Bəlkə də övlad depressiya keçirir, amma valideyn bunu görmür. Dəyərli olanlar qalır kənarda, evi, maşını daha çox düşünürlər. Nəticə etibarilə, yeniyetmələr arasında intihar halları baş verir. Səbəb isə diqqətsizlikdir. Çünki, valideyn özü depressiyadadır. Problemlərlə yüklənmiş olması valideynin övladlarına münasibətinə də təsir göstərir. Kredit intihara səbəb deyil. Sadəcə problemlər üst-üstə yığılıb və kredit ona bir təkan verib. Problemləri faciə şəklində təqdim etmək lazım deyil, çünki yeniyetməlik ən həssas dönəmdir. Övladı alçaltmaq, vurmaq, yeniyetmə çağında onunla uşaq kimi davranmaq qətiyyən olmaz”.

 

Müqayisə yeniyetmələrin psixologiyasına mənfi təsir göstərir

 

Psixoloqun sözlərinə görə, daimi müqayisə yeniyetmələrin psixologiyasına mənfi təsir göstərir: “Bəzi valideynlər həyəcanla, təşvişlə müraciət edirlər ki, övladım həmyaşıdlarından geri qalır. Valideynin davranışı övladın özünü necə təqdim etməsinə birbaşa təsir göstərir. Daimi tənqid olunan uşaqlar əldə etdikləri nəticələri göstərmək baxımından müəyyən çətinliklər yaşayırlar”.

 

Vəfa Rəşidova hesab edir ki, diqqət və qayğını maddiyyatla nümayiş etdirmək əvəzinə, övladla sadəcə zaman keçirmək yarana biləcək problemlərin qarşısını ala bilər: “Hər şeyi maddiyyata bağlayan valideynlər var. Onlara övladla daha çox zaman keçirməyi tövsiyə edəndə deyirlər ki, hansısa əyləncə mərkəzinə aparacaqlar. Məsləhətimiz bu olur -  oturun evdə, bir fincan çay, qəhvə için, söhbət edin, bərabər edə biləcəyiniz məşğuliyyət tapın, nəyisə paylaşın, film izləyin və s. Hər gün də olmasa, həftədə bir dəfə birgə zaman keçirin. Sevgini göstərmək lazımdır, amma təkcə sözdə yox. “Qorxma” deyib, uşağa şiddət göstərən valideynlər var. Belə münasibət görən yeniyetmələrdə çox zaman bipolyar pozuntu olur. Bu tip yeniyetmələrə əhval-ruhiyyənin tez-tez dəyişilməsi halları xasdır”.

 

“5 almasan, evə gəlmə” düşüncəsi uşaqları məhv edir”

                               

Psixoloq qeyd edib ki, biz xalq olaraq hər şeyin ən yaxşısını, mükəmməlini istəyirik. Amma bəzən bu istəyi övladımıza da aşılayırıq: “Bu halda uşağın “mən”i aradan qalxır. Sabah həmin uşağın öz düşüncəsi olmur. Xüsusilə, oğlanlardan danışsaq, əsgərlik dönəmində bəzi çətinliklər yaşayırlar. Kim hara yönəldirsə, ora da gedirlər. Və yaxud “5 almasan, evə gəlmə” düşüncəsi. Bu kimi ifadələr uşaqları məhv edir. Onlarda qorxu yaradır. Düşünürlər ki, “ya döyüləcəyəm, ya söyüləcəyəm, ya təhqir olunacağam....”. Xüsusilə, tək valideynli ailələrdə bu tip problemlər daha çox yaşanır. Xüsusilə, analar bütün şiddəti övlada ötürürlər. Sanki hər şeyin günahkarı övladdır. Uşaqda ataya bənzərlik olur, atanın obrazını uşağa köçürəndə mənfi fəsadlar yarana bilər”.

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>