Sizin link burada

Allahşükür Paşazadə tacikistanlılara 10 min dollar yardım edib

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 21-22 iyul tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində səfərdə olub.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin ilk günü A. Paşazadə Tacikistan hökuməti yanında Dini işlər, milli adət-ənənə və mərasimlərin tənzimlənməsi üzrə Komitənin sədri Süleyman Davlatovla görüşüb.

 

Görüşdə Düşənbədə keçiriləcək “İslam dini ekstremizm və terrorizmə qarşıdır” mövzusunda konfransla bağlı fikir mübadiləsi aparılıb, habelə bu ilin aprel ayında Bakıda keçirilmiş “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransın qərarları və nəticələri müzakirə olunub.

 

Həmin gün QMİ sədri Azərbaycanın Tacikistandakı səfirliyini ziyarət edib, səfirliyin ərazisində yerləşən Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyub.

 

İyulun 22-də isə A. Paşazadə Tacikistan prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbədə dünyanın 34 ölkəsini təmsil edən tanınmış dövlət, din və elm xadimlərinin iştirakı ilə keçirilən “İslam dini ekstremizm və terrorizmə qarşıdır” mövzusunda beynəlxalq konfransda məruzə ilə çıxış edib. O, Tacikistan dövlətinin İslam irsinin beynəlxalq müstəvidə təbliği işinə öz töhfəsini verməsini dəyərli hal kimi səciyyələndirib. Son vaxtlar dünyada baş verən ekstremist çıxışları, qanlı terror aktlarını, habelə təkfirçilik təzahürlərini qətiyyətlə pisləyən QMİ sədri belə əməllərin qarşısının yalnız xalqların qətiyyətli iradəsi, dövlət rəhbərlərinin məsuliyyətli qərarları, din xadimləri və cəmiyyətin bütün təbəqələrinin birgə səyləri ilə alına biləcəyini söyləyib. Beynəlxalq konfrans iştirakçılarının diqqətini Qarabağ münaqişəsinə yönəldən şeyxülislam deyib ki, 25 ildən artıq müddət ərzində işğal və etnik təmizləmə siyasətinin acı nəticələrini yaşayan, Qarabağın işğalının, Xocalı soyqırımının, erməni ekstremistlərinin mütəmadi maddi və mənəvi terrorunun şahidi olan Azərbaycan xalqı terrorun və ekstremizmin nə olduğunu yaxşı bilir. A. Paşazadə ekstremizmlə, terrorla, ideoloji təxribatlarla mübarizədə islami həmrəyliklə yanaşı, bütün səmavi din ardıcıllarının dialoq və əməkdaşlığını təsirli vasitə kimi dəyərləndirib. O, terror və ekstremizm hallarına son qoyulması yönündə dinlərarası dialoq, məzhəblərarası anlaşmanın vacib olduğunu bildirərək, multikulturalizm və tolerantlığın Azərbaycanda mövcud nümunəvi modelindən bəhrələnməyin ümumbəşəri önəmini xüsusi qeyd edib.

 

Çıxışının sonunda konfransda qəbul ediləcək qərarlarla bağlı tövsiyə və təkliflər verən şeyxülislam, bu yaxınlarda Tacikistanda baş vermiş təbii fəlakətlə bağlı qardaş tacik xalqına, onun rəhbərliyinə, yaxınlarını itirən ailələrə başsağlığı verib. QMİ sədri təbii fəlakətdən zərər çəkmiş ailələrə Azərbaycan müsəlmanları adından 10 min dolları məbləğində maddi yardım təqdim etdiyini bəyan edib.

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>