Sizin link burada

Paytaxt yollarında nəqliyyatın hərəkəti necə tənzimlənəcək? - REPORTAJ

Paytaxtda Birinci Avropa Oyunları ilə bağlı ayrılan sarı xətlərdə nəqliyyatın hərəkətinə icazə verilib. Səhər saatlarından etibarən sürücülər bu yollarda hərəkət edə bilirlər.

 

Bir çox sürücülər bundan xəbərsiz olduğunu, yol nişanlarına diqqət etmədikləri üçün sarı xətlə ayrılmış yoldan istifadə etmirdilər. Səhər saatlarından başlayaraq yol nişanları yeniləri ilə əvəz olunub.

 

Sarı zolaqda avtomobillərin hərəkətinə icazə verilməsi bütün nəqliyyat vasitələrinə icazə verilməyib. Yol hərəkəti nişanlarına diqqətlə baxın. Avtomobillərin hərəkətinə qadağa qoyan yol nişanları yük maşınlarının hərəkətini qadağan edən yol nişanları ilə əvəz olunub. Bu sarı zolaqda hərəkət edən yük maşınları 40 manat məbləğində cərimələnəcəklər.

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, avtomobillər yol nişanlarına və nişanlanma xətlərinə uyğun olaraq “Oyunlar zolağı”ndan istifadə edə biləcəklər: “Hansı ərazidə ki, zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkətini qadağan edən müvafiq yol nişanları yerindədir, həmin zolaqlarla hərəkət etmək qadağandır və sürücülər bu zolaqlarda tətbiq edilən qaydalara əməl etməkdə davam etməlidirlər".

 

Onun sözlərinə görə, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb. Bura rayon qeydiyyatı olan avtomobillər də daxildir: "Bu səbəbdən qeyd olunan məhdudiyyətlər həm rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin paytaxta girişinə, maksimum kütləsi 3,5 tondan yuxarı olan nəqliyyat vasitələrinin xüsusi buraxılış əsasında yalnız gecə saatlarında saat 22:00-dan 5.00-a qədər hərəkəti nəzərdə tutulub".

 

Kamran Əliyev bildirib ki, Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında yeni təkliflərə baxılır. Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq tədbirlər planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır, yaxın bir neçə gün ərzində qəbul olunacaq qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: "Ola bilər ki, yük avtomobilləri ilə bağlı müəyyən qərarlar olsun ki, artıq ayın 10-dan sonra da yük avtomobillərinin, kommunal təsərrüfatlara cəlb edilmiş nəqliyyat vasitələrinin, mağazalara malların daşınması ilə məşğul olan maşınların girişinə yalınız gecə saatlarında icazə verilsin. Burada məqsəd əsasən iri qabaritli və ağır tonnajlı nəqliyyat vasitələrinin girişinə müəyyən məhdudiyyətlərin qoyulması və daşımaların başqa formada təşkilidir".

 

Bəzi sürücülər sarı xətlərdən sərnişin daşınmasında istifadə olunmasını daha uyğun görürlər. Onlar hesab edirlər ki, bununla tıxacların da qarşısı alınmış olar: "Sarı xətlə avtobuslar gedib-gəlsə, bizim üçün lap rahat olar. Həm sərnişinlərin gedib-gəlişi üçün, həm də tıxac yaranmaması üçün elə sarı xətti biz istifadə etsək, çox yaxşı olar".

 

"Böyük maşınlar şəhərə girməsə, şəhərdə tıxac az olar".

 

Digər sürücülər isə sarı xətlərin tamamilə ləğv olunmasının tərəfdarıdır: "Bizim yolumuz balacadır, ensizdir. O, dörd zolaqlı yollara lazımdır. Amma iki zolaqlı yollara lazım deyil. Yük maşınlarını çıxarsalar, tıxac da az olar".

 

"Bu gündən etibarən icazə veriblər. Ancaq bəzi küçələrdə nişanlar qalıb. Ona görə də diqqətli olmaq lazımdır ki, qadağa nişanı var, ya yox".

 

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, indiyədək sarı xətt zolağı qadağasını pozan 1900 sürücü cərimələnib.

 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>