Sizin link burada

Diaspor uğurları və umu-küsüləri, ağlasığmaz oturum hiylələri...- Avropadan REPORTAJ

 

- Deməli, Avropaya gedirsiz?

- Hə. Reysim Kölnədir...

- Gedin, gedin. . İndi əsl azərbaycanlı jurnalistin ora gedəsi vaxtıdır...

- Nə mənada?

- Bakıda avropalıların ilk oyunları keçiriləcək – “Bakı-2015” I Avropa Yay Oyunları... Onsuz da son vaxtlar Azərbaycanın adı avropalıların dilindən düşmürdü. Elə hər mənada. İndi də bu oyunlara görə... indi “Bakı-2015” Avropa Oyunları nəinki almanların, fransızların, ispanların, portuqalların, hollandların, flamanların, irlandların, şotlandların, ingilislərin, skandinaviyalıların, polyakların, ümumiyyətlə, getdiyin o yaşlı qitədə hamının dilindədir. Siz orada bu oyunlara ağzını büzənləri də görəcəksiniz, fikir verməyin. 25 ildir Avropada yaşayıram, bir dəfə görmədim onlar nəyisə ya təmannasız, ya da nöqsansız sevsinlər. Mız qoymaq onların çoxəsrlik adətidir (gülür). Amma əsas odur ki, indi hamı Bakıdan danışır... Və öz aramızdı, çoxu da o oyunlara tələsir. Bunda tipindən və baxışlarından asılı olmayaraq oradakı bütün azərbaycanlıların da payı var...

Bilirsiniz, bizim üçün indi Avropanın digər bölgələrdən əsas fərqi odur ki, burda bir azərbaycanlının səsi iki-üç nəfər qədər çıxır. Bunun bir çox səbəbi var. Bir səbəbi avropalıların eşitmə mədəniyyətinin yüksək olmasıdırsa, digər səbəbi burada sonradan gələn əcnəbilərin səsinin daha gur çıxmasında maraqlı olan tərəflərin olmasıdır. Nə üçün? Niyə? Bu sualın cavabı bu qoca qitənin özü qədər mürəkkəbdir. Ən yaxşısı özün gedib maraqlan, öyrənə bilsən öyrənərsən...”-deyə, bayaqdan İstanbul Atatürk hava limanındakı gözləmə çıxışlarından birində üzbəüz əyləşən həmyerlimiz iş adamı (xahiş etdi, mən də söz verdim, adını çəkməyəcəyəm) ayağa qalxaraq reysinə tələsdi. Uzun müddətdir Fransada yaşayır və indi İstanbul vasitəsi ilə şərq ölkələrindən birinə uçurdu. Təsadüfən rastlaşmamız, media nümayəndəsi olmağımı bilməyi ayaqüstü tanışlığı uzun söhbətə çevirmişdi. Xudahafizləşərək məni Fransada da görmək arzusunu bildirib getdi. Mən də öz növbəti reysimə sarı yollandım.

Gəlmələri Almaniyaya “itaət” etdirən almanlar...

Səfərdə məqsəd isə “APA Holding”in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihəsi çərçivəsində Avropanın bir neçə ölkəsində fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirməkdir.

Almaniyada artıq bir neçə dəfə olmuşdum və hər dəfə də bu ölkəyə gələndə hər küçəsi çoxəsrlik tarixə malik şəhər mənzərəsi, çoxsaylı və çoxmillətli miqrantlar, müxtəlif mədəniyyətli (bəzən də bir-birinə zidd), müxtəlif baxışlı və müxtəlif davranışlı insanların, cinsi müxtəlifliyin və bunların fonunda bizim burada yaşayan azərbaycanlıların adaptasiya olunmayan həyatları göz önünə gəlir. Bunu Kölndə bir daha gördüm. Ümumiyyətlə, Almaniyanın şəhərləri demək olar ki, bir- birinin təkrarıdır.

Ən əsası da,  Belarus, Rusiya, Ukrayna, hətta Baltikyanı ölkələrdən fərqli olaraq bura çox darıxdırıcıdır. Əvvəlcə bunu dillərini bilmədiyim ilə əlaqələndirirdim. Amma sonradan gördüm ki, bütün mənalarda bizim üçün bura çox darıxdırıcıdır: sanki burada hər şey son həddinə çatmış kimi...

Əgər bizim Bakıda şəhərin mərkəzi insanların seyrəkliyi, sakitliyi ilə kənarından fərqlənirsə, Kölndə bunun tam əksidir. Şəhərin mərkəzi daha çox qarışıqlıq, hətta küçələri zibillənmiş olur, nəinki şəhərin kənar küçələri və prospektləri...

Əgər bizdə ölkəyə daxil olan turistlər yalnız qanunlarla tanış olduqdan sonra, yaxud konkret kimsə tərəfindən izah olunduqdan sonra yerli qaydalara bələd olursa, Almaniyada, ümumiyyətlə Avropada biz bunu daxil olan kimi qavrayırıq. Çünki oranın hər bir yeli sakini dərhal özündə “burada necə davranmaq lazımdır, sən özünü burada necə aparmalısan” kimi stereotipləri aşılayır. Və məhz bunun sayəsindədir ki, şərqdən qərbə gedənlərin çoxu qısa müddət ərzində “avropalı” ola bilir...

Əgər bizdə xaricdən gələnlərə dövlət yerli xalqla necə davranmalı olmasını öyrədirsə, orada gəlmələrə necə davranmalı olduğunu yerli xalq özü öyrədir... Və bütün bunlar Almaniyada və Hollandiyada daha qabarıq hiss olunur. Gəlmələrə çox yumşaq formada Almaniyaya, alman xarakterinə necə riayət, itaət etməyi ən maraqlı və uğurlu formada öyrədə bilirlər.

Məsələn, Bakıda hətta cinsi azlıqlara qarşı aqressiv olan sıradan bir azərbaycanlı orada yaşamağa başlayandan sonra hətta onun rəhbərliyi altında hansısa müəssisədə işə düzəlib çox məmnun çalışır...

Bütün bunları görüb eşitdikcə, həmən ərəfədə Bakıda Qız Qalasına qalxan bir əcnəbinin bizim qaydalara və ənənələrə zidd, elə bizim insanların qulağının dibində yayılan lüt fotosunu xatırladım...

Bielfeleddən Dyusburqa gedən qatarda təsadüfən üzgüçülük komandasının bir neçə üzvü ilə bir yerə düşdüm. Frankfurtdan idilər. Aralarında alman, fransız, flaman və hətta türk də vardı. Əli adlı türk vasitəsi ilə onlarla xeyli söhbətimiz oldu. Məlum oldu ki, aralarında Hollandiyanı Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil edən də olacaq. İdmançı çox böyük həyəcanla Bakıdakı oyunlara hazırlaşır. Onun sözlərinə görə, dünya çempionatları və olimpiya oyunlarından fərqli olaraq Avropa oyunları avropalı idmançılar üçün karyeralarında yeni səhifə deməkdir.

 

Avropada yerli idarəetməyə yüksələn, lobbiyə çevrilən azərbaycanlılar

 

Diaspor təşkilatlarından verilən məlumata görə, ümumilikdə Avropa İttifaqına daxil olan ölkələrdə yarım milyona qədər azərbaycanlı yaşayır. Amma Almaniya burada elə ölkələrdəndi ki, Azərbaycan diasporu son illərdə daha çox aktivləşib. O dərəcədə ki, düşmən Ermənistan diasporunun bir çox təxribatlarının qarşısını vaxtında ala bilirlər. Bunu son illərdə Azərbaycanın işğal olunmuş torpaqlarının ildönümündə, Xocalı soyqırımının xatırlanmasında və ermənilərin keçirməyə cəhd elədikləri tədbirlərdə bizimkilərin oynadığı rol əyani sübut edir.

Almaniyada artıq yerli inzibati orqanlarda azərbaycanlılar vəzifə almağa başlayıblar. Uzun illərdir burada yaşayan Azərbaycan diasporunun üzvləri - Müşfiq Sultanov və Könül İbrahimova ayrı-ayrı şəhərlərdə burada aparıcı idarələrdən olan Emmiqrasiya və inteqrasiya idarələrinin rəhbərliyində yer alıblar.  

 

Kölndə Almaniya-Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev deyir ki, azərbaycanlıların getdikcə təşkilatlanması burada onların kütləvi tədbirlər keçirməsində də hiss olunur: “Artıq yerli orqanlarda azərbaycanlıların vəzifəyə keçməsi bizim işimizi daha da asanlaşdırır. Nəzərə alaq ki, vəzifəyə keçənlərin hamısı diaspor fəallarımızdır, onların özlərinin də yaxşı təklifləri olur. Məsələn, bu yaxında bütün Almaniya üzrə yerli dildə Azərbaycan mədəniyyəti və incəsənəti tarixinin təbliğinə başlayacağıq. Hansı ki, yerli orqanlar da buna dəstək verir”. Bundan başqa, Almaniya parlamentində (Bundestaq) artıq bir necə deputatın şəxsi köməkçiləri də azərbaycanlılar olmağa başlayıb.

Bielfeleddə isə Azərbaycan və Türkiyə diaspor mərkəzləri vahid ofisdə cəmləşiblər və bütün hərəkatları birgə qərarlar nəticəsində həyata keçirirlər. Bunlar Bielefeld Azərbaycan Mədəniyyəti Cəmiyyəti və Atatürk Düşüncə Mərkəzidir.

Hollandiyada da Azərbaycan diasporunun artıq yeni mərhələyə keçməsinin şahidi oluruq. Mən bunu oradakı yəhudi lobbi rəhbərləri ilə söhbətdə daha aydın duydum. Avropadakı yəhudi diaspor hərəkatı hər qeyri-yəhudi hərəkatla əməkdaşlıq etmir, amma onlar artıq Azərbaycan diasporu ilə Niderlandda sıx əməkdaşlıq etdiklərini bildirdilər. Tanınmış yəhudi lobbi fəalı, maliyyəçi Joel Fresko deyir ki, 10 il əvvəl ilə indiki dövrü müqayisə etdikdə azərbaycanlıların buradakı fəaliyyətində 180 dərəcə dönüş olduğunu etiraf etmək olar: “10 il əvvəl burada azərbaycanlıları tanıyan yox idi, Azərbaycan haqqında bəzi hollandlar bilirdilər. Amma indi nəinki Hollandiyada, ümumiyyətlə, Benelüks ölkələrində (Hollandiya, Belçika və Lüksemburq) az qala azərbaycanlı təşkilatlarsız heç bir tədbir keçirilmir. Hətta verilən siyasi qərarlarda azərbaycanlıların reaksiyası dərhal nəzərə alınır”.

Benelüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, o cümlədən Hollandiya-Azərbaycan Həmrəylik cəmiyyətinin sədri Elsevər Məmmədov söhbət zamanı bildirdilər ki, nəinki Niderland (Hollandiya) parlamentinin, hətta Avropa Parlamentinin deputatları şəxsən buradakı fəal azərbaycanlılarla görüşüb, onların reaksiyalarını nəzərə alırlar: “Biz dəfələrlə Azərbaycan dövləti ilə, xalqımızla bağlı fikirlərdə haqsız qərarlara etirazımızı, məsləhətimizi bildirmişik. Onlar da bizim reaksiyamızı həmişə nəzərə alıblar. Artıq biz bu ölkələr üzrə İnformasiya Mərkəzimizi yaratmaq istəyirik. Benelüks ölkələrində azərbaycanlılar və Azərbaycanla bağlı hər hansı hadisə dərhal orada cəmləşəcək və mərkəzləşdirilmiş qərarlar qəbul olunacaq”.

İlhan Aşkının sədrlik etdiyi Azərbaycan Türk Kültür Dərnəyi isə Haaqada eyni missiyaya malikdir.

Bu təşkilatların sayəsindədir ki, nəinki Benelüks ölkələri, artıq Avropa Komissiyası da Xocalı soyqırımı ilə bağlı müraciəti qeydə alıb və yaxın günlərdə bununla bağlı mövqeyini bildirəcəyini rəsmən elan edib. Bu isə o demədir ki, avtomatik olaraq Avropa Parlamenti də bu soyqırımı artıq sənəd olaraq hüquqi qüvvəyə mindirməyə məcbur olacaq...

 

İsveçdə isə mənzərə daha genişdir. Burada Azərbaycan Respublikasından 4-5 min, Cənubi Azərbaycandan isə 50 minə yaxın azərbaycanlı yaşayır. Ən maraqlı tərəfi isə odur ki, burada azərbaycanlılar vahid Azərbaycan missiyası altında birləşirlər. “Azərbaycan naminə”, “İsveç-Azərbaycan” Mədəniyyəti Cəmiyyəti və sair təşkilatlar şimal və cənub azərbaycanlılarının vəhdətindən yaranıb.

Məsələn, bu təşkilatların sayəsində İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindebergin “Bakı-2015” I Avropa Yay Oyunları ilə bağlı yerli mətbuata verdiyi müsahibənin yanlış olduğu anlaşıldı. Nəticədə S. Lindeberg şifahi üzrxahlıq etdikdən sonra vəziyyəti düzgün dəyərləndirmədiyini etiraf edərək məhz APA İnformasiya Agentliyinə rəsmi açıqlama verib, İsveçin “Bakı-2015” Avropa Oyunlarında yüksək formada iştirak edəcəyini bildirdi.

Son vaxtlar Skandinaviya ölkələrində azərbaycanlıların bu kimi uğurlarını çox saymaq olar...

Amma bütün bunlarla yanaşı, Avropada bizim azərbaycanlı təşkilatlar arasında hərdən elə umu-küsülər yaşanır ki, hətta bəzən bir təşkilatla görüşümüzü digərinə bildirməkdən ehtiyat edirik ki, birdən “onlarla görüşmüsünüzsə, bizimlə görüşməyin” cavabını alarıq. Azərbaycanla bağlı ümummilli günlərdə, məsələlərdə qeyd-şərtsiz bir cəbhədə olan təşkilatlar umu-küsülərinə konkret səbəb gətirə bilmirlər: “Onun hərəkətləri xoşuma gəlmir”, “O hay küyçüdür, biz hər şeyi səssiz görmək istəyirik”, “mən ziyalı adamam, o bazar adamıdır” və sair və ilaxır...

Çox vaxt bu problem Azərbaycanın bu ölkələrdə fəaliyyət göstərən səfirlikləri ilə də yaşanır. Hətta bu xoşagəlməz münasibətlər bu yaxınlarda İsveçdə qondarma erməni soyqırımının ildönümü vaxtı “4 min erməni nümayişçisinə qarşı 40 azərbaycanlının çıxması” kimi qalmaqala da səbəb oldu. Hərçənd biz orada aydınlaşdırdıq ki, bu 4 min nəfərin cəmi 100 nəfərini ermənilər təşkil edə, ya etməyə.. Bunların tam əksəriyyəti süryanilər olub ki, 1915-ci il hadisələrində onlar da Osmanlı tərəfindən qırğına məruz qaldıqlarını iddia edirlər. Hazırda İsveçdə 100 mindən çox süryani yaşayır...

Az sayda azərbaycanlının bu aksiyaya qarşı çıxmasına gəldikdə isə, burada anlaşılmazlıq olub. Türkiyə və Azərbaycan diaspor təşkilatları bunu bizim oradakı səfirliyimizin yanlış məlumata malik olması ilə əlaqələndirirlər (hərçənd İsveçdə 50 mindən çox Türkiyə türkü yaşayır və onlar ümumiyyətlə aksiyaya qatıla bilməyiblər...). Səfirlik isə vaxtında düzgün məlumata malik olduğunu deyir və diaspor təşkilatlarını passivlikdə suçlayır...

Bütün hallarda azərbaycanlılar Avropada getdikcə artır. Müxtəlif formalarda. Ümumilikdə azərbaycanlıların yayılması üçün ən əlverişli ölkə kimi Niderland (Hollandiya) daha çox diqqətimi çəkdi. Bu ölkənin əsas hissəsini kənd təsərrüfatı təşkil edir və ölkə büdcəsinin 80 faizə qədəri də kənd təsərrüfatından gələn gəlirlərlə təmin olunur... Və nəzərə alsaq ki, Azərbaycan və azərbaycanlılar özü də kənd təsərrüfatı sahəsində xeyli təcrübəyə malikdir, bu baxımdan Hollandiyada məskunlaşma və yerli məşğuliyyətə inteqrasiya olma demək olar ki, sadələşir. Artıq Rotterdamda bir neçə azərbaycanlı bitkiçilik sektorunda fermer təsərrüfatları da yaradıb.

Oturum almaq üçün hepatitə yoluxan, uşaqlarını maşın altına atmaq istəyən “siyasi mühacirlər”...

Son illər müxtəlif adla şərq ölkələrindən, eləcə də Azərbaycandan bura gələnlərin, oturum almaq üçün müraciət edənlərin sayı çoxalıb. İstər Almaniyada, istər Niderlandda, istərsə də İsveçdə görüşdüyümüz, uzun müddətdir orada yaşayan azərbaycanlıların sözlərinə görə, normal qaydada ən çətin yaşamaq izni verilən azərbaycanlılardır. Gətirdikləri səbəb də ümumən belə odur ki, “sizin ölkə suveren, müstəqil və sivil qanunlarla idarə olunur. Sizin oradan bura mühacir kimi qəbul olunmağa tutarlı səbəb yoxdur”. Belə olan halda müxtəlif yolla əldə etdikləri “sübut”la işgəncəyə məruz qalmalarına inandırıb Avropada yaşamaq izni almağa nail olurlar. Məsələn, 16 ildir Bielfeleddə yaşayan Faiq Məmmədov, 20 ilə yaxındır İsveçdə yaşayan Nadir Hollenbrand, o cümlədən 10 ildir Stokholmda yaşayan, Azərbaycan Demokrat Partiyasının keçmiş üzvü Əkbər Səfərli, 20 ildir Hollandiyada yaşayan Elsevər Məmmədov və digərləri bununla bağlı maraqlı faktlar sadalayırlar: 

-Məsələn, eşidirlər ki, burada işləməsən belə, yeli hökumət oturum alan mühacirlərə ayda təxminən 1000 avro civarında məvacib ödəyir. Bundan başqa digər maddi güzəştlər edir. Bunu eşidən kimi üz tuturlar bura və başlayırlar müxtəlif səbəblər gətirməyə. Təbii ki, onların dedikləri burada miqrasiya idarələrində yoxlanılır və Azərbaycanla dəqiqləşdirilir. Əksər vaxt onların verdikləri məlumat düz çıxmır. Buna burada “neqativ” deyirlər. Yəni müraciətində “neqativ” tapıldısa, dərhal müraciət etdiyin ölkəni 3 gün müddətinə tərk etməlisən. Sənədlərində “neqativ” tapılan bəziləri ya özünə xəsarət yetirib deyir ki, guya Azərbaycanda işgəncə ilə ediblər, ya iddia edirlər ki, bir tərəfi ermənidir, geri qayıda bilməz və Azərbaycanın Ermənistanla olan müharibəsini əsas gətirirlər. Yaxud da Azərbaycanda məlum müxalif partiyalardan rüşvət müqabilində təzyiqə məruz qalan partiya üzvü kimi özlərini sənədləşdirir, müxalif mətbuata bir-iki müsahibə verib, onun tərcümə olunmuş nüsxəsini təqdim edirlər. Ən dəhşətli fakt isə budur ki, daha asan yol kimi ailəli gələnlər ya övladlarına dərman verib xəstələndirirlər (çünki burada ağır xəstələnən uşaqları dərhal valideynləri ilə birgə himayəyə götürürlər), ya da uşaqlarını küçədə maşının altına itələyirlər, haradansa yıxırlar ki, zədə alsın və buna görə oturum alsınlar. Yaxud da ki, özlərini Hepatit virusu ilə yoluxdururlar. Çünki burada Hepatit virusu olanlara dərhal oturum verilir”.

Çox maraqlı hal da odur ki, sonradan İsveçdəki bəzi QHT-lər bunları siyasi mühacir kimi təqdim edirlər və öz hesabatlarına salırlar... Belə !

Məsələ bununla bitmir. Kölndə Almaniya-Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev deyir ki, Avropada işləmədən, əlini ağdan-qaraya vurmadan dövlətin ayırdığı vəsaitlə yaşamaq üçün Azərbaycandan siyasi müxalif adı ilə bura gəlib oturum alan bəzi azərbaycanlılar artıq öz müxalifliklərini buradakı azərbaycançılıq missiyasına, Azərbaycan diasporuna qarşı da istifadə edirlər: “Burada son vaxtlar bir Riyad Əliyev peyda olub. Hansı şəhərdə məskunlaşdığını dəqiq bilmək olmur. Amma işi-gücü sosial şəbəkələrdə, almanlarla görüşdə Azərbaycanı və azərbaycanlıları təhqir etməkdir (bu yaxınlarda İnterpol “Təfəkkür” Universitetinin təsisçilərindən olan Riyad Əliyev barədə axtarış elan etdi - M.A.). Burada oturumu o adla alıb ki, guya Azərbaycanda bunu incidirlər və sair. Hərçənd onun özündən təsisçisi olduğu universitetdə nə qədər tələbələr şikayətçidir. Külli miqdarda rüşvət yığıb Azərbaycandan çıxıb. O tək deyil, digər Avropa ölkələrində də belələri var. İndi gəlib burada bizim başımıza bəla, üzqarası olublar...”.

 

P.S. Amsterdamdan Stokholma uçan təyyarədə əslən Türkiyə türkü olan və Hollandiyada doğulub böyüyən Halimə Kaşqar adlı təxminən 50-55 yaşlı bir xanım müəllimə ilə yanaşı düşdük. Azərbaycanlı olduğumu biləndə oxuduğu kitabı qatlayıb çantasına qoydu və mənimlə şirin söhbətə girişdi. Çox şeydən danışdıq, amma onun bir fikrini sizinlə bölüşmək istərdim: “Siz azərilərdə mənim ilk gördüyüm budur: siz bildiyinizi, malik olduğunuzu kimsəyə verməzsiniz. Məsələn, mən sizin türkcənizə heyranam. O qədər rus əsarətində oldunuz, dilinizi bu qədər zəngin saxladınız. Biz türklər bunu o qədər bacarmadıq. Dil insanda ən həssas nemətdir, oğlum. Onu ki, qoruya bildin, sən güclüsən. Əminəm ki, siz Avropada da bu qüvvətinizdən yararlana bilərsiz…. Bu ermənilər sizi necə işğal edib, hələ də anlamıram...”.

Mübariz Aslanov, Azərbaycan –Almaniya - Hollandiya-İsveç-Azərbaycan  

 

mubariz1982@mail.ru

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>