Kamran Musayev: “Ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında birinci odur...”

 

“Çox təəssüf olsun ki, dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərinin yaşı cavanlaşır. Bu gün ürək-damar xəstəliklərindən əziyyət çəkən gəncləri əməliyyat edirik. Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı son statistikada ürək-damar xəstəlikləri dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklər arasında birincidir. Azərbaycanda da eyni vəziyyətdir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev deyib.

 

 

K. Musayev bildirib ki, ötən il Mərkəzi Klinik Xəstəxanada 1000-ə yaxın ürək-damar əməliyyatı icra olunub: “Ümumilikdə götürsək, Mərkəzi Klinik Xəstəxanada 14 illik fəaliyyətimiz ərzində 11 mindən çox ürək-damar əməliyyatı həyata keçirmişik. Hazırda Bakıda və digər şəhərlərimizdə artıq ürək-damar xəstəliklərinin diaqnozu və müalicəsi ilə məşğul olan çox gözəl mərkəzlərimiz var və bu mərkəzlərdə çalışan azərbaycanlı kadrlarımız var”.

 

 

K. Musayev ürək-damar xəstəliklərinin qarşısının alına biləcəyini də qeyd edib: “Ürək-damar xəstəliklərinə yol açan səbəbləri ortadan qaldırsaq, xəstəliyi ən azından ciddi dərəcədə gecikdirmiş olarıq. Əsasən siqaret və digər tütün məmulatlarından istifadə, qan təzyiqinin yüksək olması, şəkər xəstəliyi və yemək-içmək vərdişlərimiz ürək-damar xəstəliyinin ən əsas səbəbləri arasındadır”.

LENT

28 Fevral 2017
27 Fevral 2017

Digər xəbərlər >>>