Snayper qadın danışır: “Bildik ki, orada 7-8 erməni əsgəri ölüb”

"Ermənilərin üzümlükdə yerləşən bunkerini dağıtdım"

Yaxşı və sərraf atıcı olmaq hələ snayper olmaq demək deyil. Ancaq snayperlər sərrast atıcıdırlar. Peşəkar snayper olmaq üçün səbir, dözüm, həftələrlə gözləyə bilmək bacarığı lazımdır.

 

Əsl snayper amansız, ələkeçməz və görünməzdir. O, gəlir, əmrini yerinə yetirir və sakitcə geri qayıdır. Bu insan ovçuları qeyri-insani səbrə malik olmalıdır. Snayperlər üçün uğur yalnız  onu gözləyənlərə qismət olur. Onlar səbirli olmalı, doğru anı gözləyib, fürsətdən dərhal yararlanmalıdır. Snayper deyərkən ağıla ilk olaraq hərbi geyimdə kişilər gələ bilər. Ancaq mütəxəssislər qadınların kişilərdən daha yaxşı snayper olduğunu deyirlər. Psixoloji cəhətdən qadınlar kişilərdən ekstremal şəraitdə işləməyə daha tez öyrəşirlər. Onların səbir həddi kişilərə nisbətən çoxdur. Qadınlar qaranlıqda daha yaxşı görür, eşidir, duyur. Döyüş intuisiyaları dərhal işə düşən qadınlar daha diqqətcildirlər.

 

Azərbaycan qadınları atıcılığı Sovet dövründən öyrənməyə başlayıblar. İlk azərbaycanlı snayper qadın Ziba Qəniyeva adını tarixə yazdırıb. 129 düşmən əsgəri öldürən snayperimiz 1923-cü ildə Şamaxıdan anadan olub. Gənc yaşlarından incəsənətə maraq göstərən Ziba Qəniyevanın ən böyük arzusu aktrisa olmaq olub. İkinci dünya müharibəsində Ziba Qəniyevada müharibənin ilk günlərində könüllü cəbhəyə gedib, Şimal-Qərb cəbhəsində 3-cü Moskva kommunist diviziyasında tərkibində döyüşüb. 21 alman zabitini öldürən Ziba Qəniyeva müharibədən sonra “Tahir və Zöhrə” tamaşasında fars qızı rolunda çıxış edib.

 

Müstəqil Azərbaycanda Ziba Qəniyevanın yolunu davam etdirən azərbaycanlı qadınlar da var. Ermənilərin başına pul qoyduğu, "Xalaqızı"  ləqəbli Növrəst Yusifova Dağlıq Qarabağ müharibəsində döyüşmək üçün bir neçə dəfə müraciət edir. Ancaq hər dəfə ona "yox" cavabı verirlər.

 

“Dedilər, orada qadın yoxdur. Siz getsəniz, döyüşçülərin fikri sizdə qalacaq. Mən söz verdim ki, onlara heç bir maneçilik törətməyəcəyəm. Dedilər, get, sənə forma versinlər. Özümlə bir kisə yemək, bel götürmüşdüm”.

 

Novruz bayramını ailəsi ilə birlikdə qeyd etdikdən sonra səhəri gün yola düşüb. Hara gedəcəklərini əvvəlcədən bilmirdilər. Laçını keçəndən sonra Şuşaya doğru irəlilədiklərini görüb. Beləcə ilk döyüşə burada başladı. İlk uğurlu nailiyyəti isə ermənilərin üzümlükdə yerləşən bunkerini dağıtmaq olub. 

 

“Bir ayın içində 6 əsgərimizi vurmuşdular. 4-ü ölmüşdü, ikisi yaralanmışdı. Tapa bilmirdilər ki, haradan atırlar. Baxıram, tərtəmiz üzümlük ərazisidir. Bir paslı qapaq  var. Dedim ki, bundan şübhələnirəm. İki güllə atdım dalbadal. Qara tüstü qalxdı. Sonra bildik ki, orada 7-8 nəfər erməni əsgəri ölüb”.

 

Snayperlər düşməni lərzəyə gətirər, orduya ruh yüksəkliyi verər. Ona görə də snayperin səhv etməyə haqqı yoxdur. Onlar  təbiətlə eyni rəngdə olmağı bacarmalıdır. Maskalanmayan snayper dərhal düşmən üçün hədəfə çevrilir.

 

“Snayper olmaq təkcə yaxşı atəş açmaq demək deyil. Onlar həm də saatlarla gözləməyi bacarmalıdırlar. Bu döyüşdə ilk hərəkət edən ölümə məhkumdur”.

 

Növrəstə Yusifova deyir ki, snayper qadınlara döyüşdə hər zaman ehtiyac var.

 

“Qadın snayper dözümlü olmalı, sakit, sakit, sakit olmalıdır. Onun varlığı hiss olunmamalıdır. Qadın snayperlər hər zaman olub və yenə olacaq”.

 

Bu gün Azərbaycanda yeni nəsil böyüyür və onlar Ziba Qəniyevanın, Növrəstə Yusifovanın  yolunu davam etdirmək niyyətindədirlər. Bir neçə il bundan öncə Azərbaycanda açılan snayper kurslarında qadınlar iştirak edirdilər. Ötən il isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi"  MMC Nazirlər Kabinetinin yeni qərarı ilə  bur kursları yalnız hərbi xidmət yaşına çatmış gənclər üçün təşkil edib. Həmin mərkəzdə Azərbaycan Silahlı Qüvvələri üçün snayper, rabitəçi və paraşütçü kursları fəaliyyət göstərir.

 

Müdavimlər arasında tez-tez yarışlar da təşkil olunur. Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti yarış cəmiyyətin Nəsimi və Sabunçu rayon filialları arasında keçirilib. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

LENT

23 May 2019

Digər xəbərlər >>>