Əli Əmirli: “Bu adamın teatrda çalışması bədbəxtlikdir”

“Müəllim papirosun tüstüsünü üfürdü üzümə, gözümdən iki damcı yaş sıçradı...”

Tanınmış yazıçı-dramaturq  Əli Əmirli Gənclərin III Ümumrespublika Teatr Festivalından danışır:

- Millət vəkilimiz Jalə Əliyevanın təşəbbüsü ilə belə  festivalın teatrsevərlər arasında rezonans doğurmasını, bu işdə fəal iştirak edən gənclərin sayının hər il artmasını ürəkdən alqışlayıram. Ölkənin 120-dən çox gənc teatr həvəskarını bir araya toplamaq, onları yaradıcılıq yarışına cəlb etmək böyük zəhmət, fövqəladə təşkilatçılıq bacarığı və ən əsası teatra məhəbbət tələb edir. İnanın, bu gün kiçik teatr tamaşası ilə festivala qatılan hər bir gənc bütün ömrü boyu qəlbində teatr işığını gəzdirəcək. Kim bilir, bəlkə də gələcəyin böyük sənətkarları elə onların sırasından çıxacaq. Bilirsiniz, özfəaliyyət səviyyəsindən çıxmaq, əsl sənət yoluna düşmək birdən baş vermir. Bu gün dünya teatrının dili xeyli mürəkkəbdir, onu ustad sənətkarların bələdçiliyi, ustad dərsləri, məsləhətləri olmadan başa düşmək elə də asan deyil. Artıq sayca üçüncü olan bu festival özü də hər il təcrübə qazanır, hər növbəti festival əvvəlkindən daha mükəmməl olur. Bu yaxşı haldır.

- Gənclərin teatra olan marağı sizi qane edirmi?

- Teatrla daima işbirliyində olan bir yazıçı kimi gənclərin teatr sevgisini görürəm və sevinirəm. Bir dramaturq kimi deyə bilərəm ki, əsərlərimin əsas tamaşaçıları elə gənclərdir, Dövlət Gənc Tamaşaçılar teatrında da, nə qədər qəribə olsa da, Akademik Milli Dram teatrında da. Əlbəttə, teatr kütləvi sənət deyil, o, küçə konserti də deyil. Teatr özəl müstəvidə olan mədəniyyət növüdür, böyük və qədim sənətdir. Onu tanımadan sevmək mümkün deyil, deməli, insanın teatrdan zövq alması üçün onun yaşından asılı olmayaraq, müəyyən hazırlıq və mədəni səviyyə tələb olunur. İnanıram ki, belə teatr tədbirləri tək gənclərdə deyil, böyüklərdə də teatra maraq oyadacaq, onlarda teatra mənəvi ehtiyac yaradacaq.

Mən onu sevsəm də, o məni sevmədi...

- Aktyor, rejissor olmaq istəyən gənclərə nə məsləhət verərdiniz?

- Teatra sevgisi olmayan adam... bax onun teatrda çalışması həqiqətən bədbəxtçilikdir. Ömrü boyu teatrda işləyə-işləyə özünü də, taleyini də, lap elə teatrı da yamanlaya-yamanlaya ömrünü başa vuracaq. Sözümü teatr həyatından bəhs edən “Premyera” adlı əsərimdəki bir monoloqla bitirmək istəyirəm: “Mən Teatr institutuna daxil olanda adlı-sanlı qoca müəllimlərdən biri kəhrəba muştuqda papiros çəkə-çəkə qabağımda dayanıb iblisanə baxışları ilə gözlərimin dərinliyinə baxdı, baxdı və birdən tüstünü üfürdü üzümə. Ətir iyi verən ilıq tüstü üz-gözümü yaladı, saçlarımın dibinəcən işlədi. Mən bunu təhqir kimi qəbul eləsəm də dinmədim, amma gözlərimdən iki damcı yaş sıçradı. “Seçdiyin bu sənət səni çox ağladacaq, əgər buna hazırsansa davam elə, qorxdunsa geri çəkil!” Mən həqiqətən qorxmuşdum, amma səhnəyə məhəbbətim o qədər güclü idi ki, bu qorxunu üstələdim. Sonralar qoca müəllimin sözlərini xatırlamalı oldum, özü də tez-tez, amma yenə də teatrdan ayrıla bilmədim. Çünki teatr mənim ilk və ən güclü məhəbbətimdi, özü də qarşılıqsız. Mən onu sevsəm də, o məni sevmədi.”

 

Qeyd edək ki, AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ  - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>