Sizin link burada

Azərbaycanın diaspor quruculuğu: lobbiçilik və həmrəylik varmı?

 

 

 

Fakt arxasınca çox uzağa getməyəcəm. Bir il əvvəl Lvova getmişdim (qərbi Ukrayna). Nəinki bütün postsovet ölkələri, Avropanın, bütün dünyanın əksər mədəniyyətləri burada qovuşur: bunu dükanlarda, restoranlarda, iaşə obyektlərində, bir sözlə, insanların bir araya gəldiyi bütün yerlərdə aydın müşahidə etmək olur...

 

...Bütün bu rəngarəngliklər arasında qəflətən rastımıza adı yerli dildə qarşısına həkk olunmuş “Qafqaz” restoranı çıxdı. Böyük, təmtəraqlı restorandan içəri girən kimi sanki Avropadan Azərbaycana daxil olduq. Hər tərəf Azərbaycan xalıları, kilimləri, milli geyimli oğlan-qız rəsmləri ilə bəzədilmişdi. Hətta istifadə olunan qab-qacaq belə milli idi. İçəridəki iri samovar da gurhagur qaynayırdı....

 

Ofisiant xanım bizə yaxınlaşıb menyunu uzatdı. Dəftərçəni açan kimi iri başlıq məni həm təəccübləndirdi, həm də qeyri-ixtiyari bərkdən güldürdü. Yerli dildə “Erməni mətbəxi” yazılan dəftərçədə bütün yeməklər gündəlik Azərbaycan yeməkləridir. Sifarişimi gözləyən xanıma “bu yeməklər Azərbaycan yeməkləridir, amma deyəsən adını düz yazmamısınız. "Azərbaycan mətbəxi" olmalıdır bu menyunun adı, bəlkə dəyişəsiniz?” sualıma cavab konkret oldu:

- Bura erməni restoranıdır və burada yeməklər də daxil olmaqla, hər şey ancaq erməni ənənəsinə aiddir...

Və belə məlum oldu ki, Ukraynada kənd təsərrüfatının daha aktiv olduğu bölgələrdə ticarət sektorunda azərbaycanlılar nə qədər çox olsa da, əsasən dağlıq və turistlərin çox olduğu bu bölgədə demək olar ki, yox dərəcəsindədirlər...

 

Yenə də az bir müddət sonra Almaniyada, ardınca Belçikada diaspora təşkilatları ilə görüşdə oldum. Qocaman Avropa ölkələrində çoxsaylı azərbaycanlı təşkilatları mövcuddur. Bütün görüşlər boyu ümumi lobbiçilik təfərrüatından çox, əsasən xaricdə yaşayan azərbaycanlı ailələr üzərində qurulmuş diaspor təşkilatlarının fərdi, əsasən da çox vaxt bir-birləri ilə ziddiyət təşkil edən fikirlərinin şahidi olduq.

 

“Səpələnmə”yi bacara bilmək...

 

Razılaşa bilmirəm ki, ermənilərin diasporçuluğu biz azərbaycanlılardan qədim, yaxud təcrübəlidir. Məsələ burasındadır ki. qədim yunan sözü olan “diaspor”un mənası yayılmaq, səpələnmık deməkdir və bu konteksdə azərbaycanlılar tək SSRİ dağıldıqdan sonra yox, elə SSRİ yaranmamışdan əvvəl də fəal olublar.

Məsələn, Azərbaycanın Çar Rusiyasının müstəmləkəsi olduğu vaxtda təhsil almaq istəyən gənclərin Firəngistana (Fransaya), yaxud aldığı torpaqda neft fantan vuran azərbaycanlının Avropaya üz tutması, sonunda da əksəriyyətinin geri qayıtamamsı və orada yaşaması və sair misallar buna sübutdur. Hələ bolşeviklərin Cənubi Qafqaza gəlişindən sonra Azərbaycandan Avropaya, hətta Amerika ölkələrinə edilən mühacir axınını demirəm...

Deməli, azərbaycanlılar hər yerdə gedib yaşaya bilirlər, amma getdikləri hər yerdə diaspor ola bilməyiblər, yaxud olmaq istəməyiblər. Bir sözlə, dialoqdan çox monoloqa üstünlük veriblər.

Bütün bunlara baxmayaraq, lobbiçik az da olsa, kök salıb. Məsələn, təsadüfü deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatında “Vətən - qürbət” mövzusu aktualdır.

 

 

Belə ki, 1949-ci il fevralın 1-də Türkiyənin Ankara şəhərində Azərbaycan Kültür Dərnəyi təsis edildi və bu, dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da Amerikanın Azərbaycan cəmiyyətini təsis etdi. İndinin özündə də bütün bunların fonunda əsas diqqət çəkən odur ki, nə qədər iddialı və həvəsli olsalar da, diaspor təşkilatları mexanizm olaraq əsasən ailədən, yaxud da bir qrupda toplaşan həvəskarların dərnək fəaliyyətindən ibarətdir. Yerləşə bilirlər, amma diaspor kimi “səpələnə” bilmirlər... Məsələn, elə hallar var ki, birləşib güclü diaspor halına gəlmək əvəzinə, parçalanıb hərəsi öz ailə, əqrəba təsərrüfatından ibarət bir təşkilat yaradaraq, Azərbaycandan, xüsusilə Dövlət Komitəsindən xüsusi dəstək umur. Hərçənd indi Azərbaycanın diaspordan daha çox umacağı var...Bəlkə də buna görə indi Ermənistan-Azərbaycan diaspor mübarizəsində belə bir mənzərə yaranıb: ermənilər nəsə edir, bizimkilər isə yığışıb buna ancaq etiraz edə bilir... Və sair. Və ilaxır.

 

Bəs o nə etdi?

 

Diaspor kimi, lobbi kimi anlayışlar xaricdə yaşayan azərbaycanlıların fəaliyyətində Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlişindən sonra yer almağa başladı. Heydər Əliyev Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın haqq mübarizəsi üçün diaspor fəaliyyətinin önəmini aydın görürdü və bütün səfərlərində bu istiqamətə üstünlük verirdi. O, qısa zaman ərzində diaspor quruculuğunu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrə bildi. Bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət idi. Bu zərurəti dərindən dərk edən Heydər Əliyevin 2002-ci il, iyulun 5-də imzaladığı fərmanla Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Heydər Əliyev hər xarici səfərində mütləq orada yaşayan azərbaycanlılarla görüş keçirir, lobbiçiliyin soydaşlarımız arasında kök saslmasının əsasını qoyurdu. Lap dərinə getsək, Heydər Əliyev azərbaycanlıların xaricdəki fəallığına tək ikinci dəfə hakimiyyətə qayıdışından sonra yox, elə Sovet vaxtı Azərbaycana rəhbərlik etdiyi dövrlərdə üstünlük verib. Məsələn, XX əsrin 70-ci illərində azərbaycanlı gənclərin ölkədən kənarda, digər SSRİ ölkələrdə təhsil almağa yollanmasının əsasını məhz Heydər Əliyev qoydu...

 

Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr sərəncamından sonra qurum Diasporla İş üzrə Dövlət Komitəsi adı altında fəaliyyət göstərməyə başladı. Məsələyə diqqət o qədər aktuallaşdı ki, Azərbaycan Milli Məclisi 2002-ci ilin payız sessiyasında ölkə tarixində ilk dəfə olaraq “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” adlı yeni qanunu müzakirəyə çıxararaq qəbul etdi. 11 maddədən ibarət olan bu qanunda xaricdə yaşayan azərbaycanılarla bağlı dövlət orqanlarının vəzifələri, onlarla bağlı monitorinqin aparılması, maliyyələşdirilməsi, informasiya təminatı və sair nüanslar əksini tapıb.

 

Dünyada tanınmaq üçün tanımalı olduğumuz şərtlər, yaxud bəs indi onlar nə edir?

 

 

Azərbaycanı kənarda layiqincə tanıtmaq diaspor təşkilatlarımızın çiyninə düşən əsas vəzifədir. Burada istəkdən başqa heç bir problem olmamalıdır. Çünki yaşadıqları ölkələrin əksəriyyətində buna nümunə üçün kifayət qədər təcrübələr var. Məsələn, Qərbdə gələcəyə doğru proyektlər irəli sürən, tərcüməsi “Beyin Mərkəzi” olan “Think-Tank” quruluşları azərbaycanlılar arasında azdır. Eyni zamanda diaspor təşkilatlarının lobbi konsepsiyası olmalıdır ki, onlar buna əsaslanaraq işlərini düzgün istiqamətdə qura bilsinlər. Azərbaycanlılar yaşadıqları ölkələrin iqtisadi, siyasi və sosial-mədəni həyatına sıx inteqrasiya olunmalı, bu ölkələrlə Azərbaycan Respublikası arasında əlaqələndirici vəsilə rolunda çıxış etməlidirlər. Müxtəlif ölkələrdə mövcud olan Azərbaycan cəmiyyətlərinin qarşılıqlı fəaliyyəti gücləndirilməli, mühüm məsələlər üzrə onların tədbirləri əlaqələndirilməlidir.

 

Nəzərə alsaq ki, növbəti il düşmənlərimiz qondarma “erməni soyqırımı”nın 100 illiyinə öz lobbiçilikləri ilə ciddi cəhd edəcəklər, azərbaycanlıların lobbiçiliyinə bu sahədə daha çox ehtiyac olacaq. Azərbaycanın ermənilər tərəfindən məruz qaldığı təcavüz fonunda Prezident İlham Əliyev ədalətin dünyaya çatdırılması üçün hücum taktikasına keçildiyini dəfələrlə bəyan edib və Diasporla İş üzrə Dövlət Komitəsi də bunun əsasında təşkilatları dərnək fəaliyyətindən akademik fəaliyyətə keçməyə çağırıb. Yerdə qalır xaricdə yaşayan azərbaycanlıların Azərbaycan sevgisinin gücü...

 

Dövlət Komitəsinin növbəti il üçün planları nədir? - Azərbaycan diasporu dünyada qitələr üzrə birləşdiriləcək

 

 

 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi mövzu ilə bağlı verdiyimiz sorğuya cavab olaraq növbəti vacib il də daxil olmaqla 2018-ci ilə qədər olan fəaliyyət planlarının əsas istiqamətlərini açıqlayıb. Komitədən bildiriblər ki, bunlar xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında ideoloji, mənəvi, siyasi və iqtisadi amillərə əsaslanan birliyin təmin olunmasına səy göstərilməsi, azərbaycanlılar arasında milli həmrəylik və birlik ideyalarını təbliğ etmək;

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstəyin gücləndirilməsi;

Azərbaycanlıların kütləvi şəkildə məskunlaşdığı ölkələrdə eyni fəaliyyət  sahəsində çalışan həmvətənlərimiz arasında əlaqələrin yaradılmasına səy göstərilməsi, bu məqsədlə azərbaycanlı iş adamları, azərbaycanlı jurnalistlər, elm adamları, mədəniyyət xadimləri birliklərinin yaradılması;

Xarici ölkələrdə yaşayan azərbaycanlı qadınların diaspor quruculuğu işinə cəlb olunması, eləcə də hazırda fəaliyyət göstərən diaspor təşkilatlarının nəzdində Qadınlar Şurasının yaradılması;

Bir ölkə daxilində ayrı-ayrılıqda fəaliyyət göstərən icma və qurumların koordinasiya şuralarının yaradılması;

Diaspor təşkilatlarının qitələr üzrə birləşdirilməsi prosesinin davam etdirilməsi, Amerika Azərbaycanlıları Konqresinin və Asiya Azərbaycanlıları Konqresinin təsis edilməsi;

Xarici ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, Azərbaycan haqqında materialların dərc olunmasına səy göstərilməsi;

I Avropa Oyunları zamanı ölkəmizə qarşı gözlənilən qara piar kampaniyasının qarşısının alınması;

Azərbaycanlı iş adamlarının maliyyə dəstəyi, Azərbaycan icmalarının birgə təsisçiliyi ilə Avropa ölkələrinin birində Azərbaycanın ictimai-siyasi həyatı, iqtisadi inkişaf perspektivləri, onların Qərbə inteqrasiyası ilə bağlı təhlillər aparan peşəkar araşdırma mərkəzinin yaradılması;

Xarici ölkə yazıçılarının və alimlərinin Azərbaycan haqqında əsərlərinin yayılması və təbliği;

Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş terror və soyqırımı aktlarına həsr olunmuş elmi-praktik konfransların, simpoziumların, film festivallarının, foto və rəsm sərgilərinin təşkili;

Azərbaycan diaspor təşkilatlarının ofislərində “Azərbaycanlıların soyqırımı” muzeylərinin yaradılması;

Türkdilli və digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq çərçivəsində erməni uydurmalarının ifşa edilməsi istiqamətində tədbirlərin görülməsi, bu məqsədlə konfransların, elmi simpoziumların təşkili,

Hər il bir neçə dəfə xarici ölkələrin Azərbaycan və Türkiyədəki səfirliklərinə, habelə beynəlxalq təşkilatlardakı nümayəndəliklərinə Ermənistanın Azərbaycana təcavüzü, 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının əsassızlığı, erməni terrorizmi, azərbaycanlılara və digər xalqlara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı aktları barədə materialların təqdim edilməsi;

Azərbaycan mədəniyyətini təbliğ edən materialların xarici kütləvi informasiya vasitələrində yayımına nail olmaq istiqamətində səylərin birləşdirilməsi; 

Azərbaycanlı gənclərin diaspor quruculuğuna cəlb olunması, onların diaspor tədbirlərində fəal iştirakının təmin edilməsidir.

 

Onu da qeyd edək ki, yuxarıda qeyd olunanlar Dövlət Komitəsinin nəzərdə tutduğu fəaliyyət planından yalnız qısa çıxarış idi. Belə ki, dövlət diaspor fəaliyyətini yaxın illərdə də ən önəmli sahə elan edib. İndi qalır hər şey xaricdəki soydaşlarımızın məharətinə...

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc olunur.

 

Mübariz Aslanov, APA İnformasiya Agentliyi 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>