Bakının bir küncündə gizlənən UNİKAL MƏKAN - REPORTAJ

Tofiq Karayev: “Molyuskları Mircəfər Bağırovun oğluyla çörəyə dəyişirdim”

Tofiq bəy “yuxarı qalxaq” deyəndə elə bildik ki, adət etdiyimiz muzeylə qarşılaşacağıq. Amma yox. Yaşayış evinin bir balaca otağına sığdırmışdı öz dünyasını. Beş minə yaxın malakofauna divara söykənmiş şkaflarda iç-içə düzülmüşdü. Otaqda yer olmadığından bəzilərini divardan asmış, bəzilərini isə pəncərənin qabağına qoymuşdu.

 

Tofiq Sadıx oğlu Karayev 1936-cı il martın 8-də Bakıda dünyaya gəlib. 1958-ci ildə Moskva Dövlət Universitetinin Geologiya fakültəsini, 1965-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Universitetini və 1972-ci ildə Patentşünaslıq Politexnik İnstitutunu bitirib. 1961-2000-ci illərdə AMEA-nın Geologiya İnstitutunda böyük mühəndis, qrup rəhbəri və aparıcı elmi işçi vəzifələrində işləyib. Kolleksiyasını toplamağa da, o illərdən başlayıb. İndi onun muzeyində Melodena cinsinin Korana növündən tutmuş, Kasius cinsinə qədər 5 materik və 3 okeandan toplanmış 4 mindən çox malakofauna nümunələri var.

 

 

...Muzeyini ziyarət etdiyimiz üçün sevinir. Bir-bir bizi eksponatlarla tanış edir. Tələsir sanki. Elə hey bizə haqqında yazılan məqalələri göstərir.  

 

 

- Atam, Sadıx Karayev ilk SSRİ-dən ABŞ və İngiltərədə neft üzrə ekspert işləyən ilk azərbaycanlı idi. Elə o, başlayıb kolleksiya toplamağa. Hər dəfə məzuniyyətdən gələndə evə molyuska qabığı gətirərmiş. Sovetlər dövründə pal-paltar gətirməyə qoymazdılar axı. Anam, rəhmətlik Ceyran İbadova professor idi. O da onları qoruyub saxlayıb. Yaxşı yadımdadı, İkinci Dünya Müharibəsi gedirdi. Molyuskların sayəsində ac qalmırdım. Mircəfər Bağırovun oğluyla dəyiş-düyüş edirdik. Bakıdakı varlı oğlanlarından biri də Mircəfərin oğlu idi. Mən ona molyusk qabığı verirdim, o da mənə bir ovuc quru çörək, ya da suxarı. Aclığıydı, yemək tapmırdıq. 41-ci ildən 43-cü ilədək talonla üç yüz qram qara çörək verirdilər. O da nə gündə! Divara vursan, yapışıb orda qalardı. Universiteti bitirib Bakıya qayıdanda, anam dedi ki, şkafda atanın kolleksiyası var. Götür, onlarla məşğul ol. Beləcə, atamın davamçısı oldum.

 

 

 

 

Beləliklə, Karayev gələcək muzeyinin eksponatlarını toplamağa başlayır. Və nəhayət, 1978-ci ildə dünyada analoqu olmayan şəxsi “Rinay” malakofauna muzeyini formalaşdırır. Rəsmi muzey adını isə 1989-cu ildə alır. Muzeyin adı beynəlxalq reyestr, sorğu kitabları və Azərbaycan Milli Ensiklopediyasına düşüb. Muzeydə 157 cins, 700-dən çox növ malakofauna var. Bir neçə il əvvəl eksponatlarının üçdə birini, 4 mindən çoxunu Heydər Əliyev fonduna bağışlayıb.

 

Uzun illər geoloq işləyən Karayev bu eksponatları 3 okeanın dərinliyindən toplayıb. Şkafın bağlı gözlərindən çoxlu qutular çıxarır. İçi dolu molyusklarla. Deyir, ölçüsü daha böyük olan nümunələri Hind okeanından və dəniz sahilindən tapıb.

 

 

- Bir neçə dəfə ekspedisiyada olmuşam. Toplamaq çox çətindir. Bunlar üzmürlər, okeanın dibində yaşayırlar. Ona görə də, dibə qədər enmək lazımdır. Hətta bunların erkək, dişi və gemofraditi (həm kişi, həm qadın) də var. Belə kənardan baxanda seçmək olmur. Onların cinsini təyin etmək üçün bir-iki gün vaxt lazımdır.  Malakofauna iki yerə bölünür: Qastropo və Pereçepol.

 

 

Molyusklara toxunanda sanki cansızdı. Özünə məxsus da iyi var. Alimin dediyinə görə, molyuskları dənizdən topladığın kimi birbaşa evə gətirmək olmaz. Təhlükəlidir.

 

- Ekspedisiyanın heyətində həkim olur. Onları molyuskaları düzgün emalsız gəmidə saxlanılmasına icazə vermirlər. Molyusklar canlı və zəhərlidirlər. Necə emal olunması çox önəmlidir. Emalsız bir gün qalsa, özündən çoxlu infeksiya yayar. Sudan çıxaran kimi qaynar suyun içinə atmaq lazımdır. İsti suyun təsirindən qabığın içindəki canlı özünü çölə atır. İş bununla da bitmir. Özümün kəşf etdiyim dərman var. Bir vedrə suya həmin dərmandan tökürdüm. Sonra molyuskları tökürdüm vedrəyə. Uzun müddət molyusklardan meyit iyinə bənzər pis iy gəlir. Bir neçə aya gedir bu iy. İsti bölgələrin malakofaunası böyük olur, qabığı da nazik. Lakin soyuq yerlərin malakofaunası xırda olur, qabığı da qalın.

 

 

 

- Bu otaqda bir neçə gündən artıq qalmaq zərərlidir. Çünki otaqda şüalanma var. Sizə təsir eləməz. Amma mənə təsir edir. Otaqda çox qalıram deyə. Qızım dəfələrlə, ata, sat bunları deyib. Ata bilmirəm. Hobbimdi. Necə vaz keçim bunlardan?

 

 

İndiyə qədər Tofiq bəy bir neçə beynəlxalq malakofauna sərgisində iştirak edib. Onlardan sadəcə son ikisini Azərbaycanın hesabına gedib. Qalanlarının xərcini isə sərgini təşkil edən ölkələr çəkib.

 

- On iki beynəlxalq sərginin iştirakçısı olmuşam. Sonuncu dəfə Berlində sərgidə olmuşam. Azərbaycandan məndən başqa bu sərgilərdə iştirak edən olmayıb. Qırxa yaxın ölkə gəzmişəm. Dünyada bir neçə adam var ki, şəxsi malakofauna muzeyi var. Amma onların muzeyindən ancaq bir okeanın məhsulları var. Amerikanın Kaliforniya ştatında üç mərtəbəli muzey hazırlayıblar. 52 işçisi var. Sadəcə Sakit okeana aid dəniz məhsulları var. Eksponentlər qarışıqdı. Tək malakofauna deyil. Orda balıqlar, molyusklar və bitkilər var. Mən dünyada yeganə kolleksionerəm ki, mənim muzeyim sırf malakofaunadı. Həm də muzeyimdə 3 okeanın malakofaunasından var. Elə eksponat var ki, bir əsrdən çox yaşı var. Kolleksiyamın ən böyük molyuskası Yekə Kasiusdur. Amma daha böyükləri də var. Ən böyüyünü İtaliyada qəbiristanlıqda görmüşəm. Qəbrin sahibi kolleksiyaçı olub. Öləndən sonra da onun kolleksiyasındakı ən böyük molyuskunu qəbrinin üstünə qoymuşdular. Maraqlı görünürdü.

 

Deyir və gözlərində qəribə bir işıltı yaranır. Sonra bizə bir neçə molyuska növü daha göstərir. Kolleksiyasında dəniz atı belə var. Dəniz atını görüb Su pərisini soruşuruq. Gülür. Əvvəl qətiyyətlə olmadığını deyir, sonra fikrini dəyişir: “Olsa, ən azından mən görərdim. Mən görməmişəm”.

 

Gülüşürük.

 

 

 

T. Karayev həm də yaxşı idmançı olub. Texniki aviamodel idmanı, yüngül atletika və üçnövçülük üzrə dünya, SSRİ və Azərbaycan rekordçusu, Ümumittifaq dərəcəli hakim olub. Onun idmandakı nailiyyətlərini saymaqla bitməz.  O, Bakıdan Nargin adasına üzərək rekord qırıb. Yaxşı ülgüçü olduğundan okean dibindən molyuska axtarmaq ona elə də çətin olmayıb.

 

 

- Molyuskların çoxunu ya sahildən, ya da okeanın 12 metr dərinliyindən toplamışam. Yaxşı üzgüçüyəm. Dalğıcları taxıb düşürdüm dənizə. Əslində çox təhlükəliydi. Akulayla rastlaşa bilərdim. Rastlaşmışam da. Akula bizə yaxın gəlməsin deyə, bədənimizə qəribə qoxusu olan maz yaxırdılar. Dənizə tək enmirdik. Üç-dörd nəfər birlikdə düşürdük. Bəzən təhlükəni azaltmaq üçün “setka”nın içində də düşərdik. Amma mən qorxmurdum. Yaxşı üzgüçüydüm axı. Sonuncu dəfə 2004-cü ildə Hind okeanına düşmüşəm.

 

 

 

 

“Ərəb Əmirliyindən varlı şeyx vardı. Adı yadımdan çıxıb. Yaxşı kolleksiyası vardı. Yalnız Hind okeanından. Amma sistemsiz. Növünü, cinsinə uyğun düzülməmişdi. Məni öz muzeyinə dəvət elədi, getdim. İşim sırf kolleksiyanı sistemləşdirməkiydi. Mənə kömək etsinlər deyə nökərlər və tərcüməçi verdi. Dörd gün işlədim. İşim bitəndən sonra şeyx dedi ki, nə qədər pul istəyirsən? Alim adamam, yüz manat da istəyə bilməzdim. Nüfuzum var. Dedim, min dollar. Şeyx təəccübləndi ki, niyə belə az? Şeyx günümə min manat verdi və dedi səni yenə dəvət edəcəm. İkinci dəfə də çağırdı”.

 

 

Fikrə gedir. Nəsə düşündükdən sonra sözünə davam edir.

 

- Amerikadan ər arvad gəlmişdi. Səfirlikdən zəng etdilər, dedim gəlsinlər. Muzeyimə baxdılar, inana bilmirdilər ki, Azərbaycan kimi balaca ölkədə belə rəngarəng şəxsi muzey ola bilər.

 

 

Muzeyin qiyməti ilə maraqlanırıq.

 

- Mən deyəndə ki, milyon dollar, deyirlər nə danışırsan?! Milyon dollar deyəndə tək eksponantların qiyməti deyil. Bu kolleksiyanı toplamaq üçün birinci gəmi kirayə etmək lazımdır. Bundan əlavə gəminin kapitanı var, matrosu var. Sonra dənizin dibinə enmək üçün komanda toplamalısan. Tək başına olmaz. Bir molyuska tapmaq üçün ən azı iki həftə axtarmalısan.

 

 

 

Azərbaycanda, bəlkə də Bakıdan çoxlarının ziyarət etmədiyi bu muzeyin ziyarətçiləri əsasən xarici qonaqlardır.

 

 

- Bura kimlər gəlməyib ki?! Almaniyanın, Fransanın, Belçikanın, Rusiya, Ukrayna və post-sovet ölkələrin səfirləri. Muzeyimə daha çox turistlər maraq göstərir. Dünyada analoqu olmayan bu muzeyə ayrıca yer verilməyib. Qızımın evində saxlayıram. Sağ olsun, otağının biri verib, muzey düzəltmişəm. Cəmisi 31 kvadrat metrlik otaqdır. Çox adam olanda tərpənmək olmur. Həm təhlükəlidir. Burada çox qiymətli eksponatlər var. Oğurlana bilər. Mərcan kimi daha böyük eksponatlarım zirzəmidədirlər. Burada yer yoxdu qoymağa. 

 

 

 

Ən bahalı eksponatı soruşuruq. Demək istəmir.

 

- Sizə adi, çirkin görünən bir şey ən bahalı eksponat ola bilər. Məsələn, adları “Qırmızı kitab”a düşənlər. Onları bu otaqda deyillər. Sirdir. Əslində muzeyə siqnalizasiya qoyulmalıdır, qapıya da nəzarət kamerası. Amma qoyulmayıb. Xaricə gedəndə bir nəfər mənə yaxınlaşıb dedi ki, biz sizin muzeyinizi almaq istəyirik. Satmaq fikrim yoxuydu, elə belə dedim, iki yüz min dollar. Fikirləşib sabahı gün gəlib dedilər ki, iki yüz min yox, amma yüz əlli min verərik. Mən onda başa düşdüm ki, bunlar alverçidi. Alıb daha baha qiymətə, hansısa milyonçuya satacaqdılar.

 

Onun milyonlara dəyişmədiyi bu muzeyə qarşı laqeyd münasibət Tofiq bəyi əməlli-başlı küsdürüb. Muzeyinə qarşı dövlət qayğısı gözləyir. Həm də illərdir.

 

Bu muzeyə əliboş girib, əlidolu çıxacaqsız. “Belə şey olar?”, deyirsinizsə, buyurub baş çəkə bilərsiz Tofiq bəyin ev muzeyinə. Amma əvvəlcədən zəng etmək lazımdı. Ziyarətçi sayı çox olmamaq şərti ilə. Çünki otağın sahəsi çox kiçikdi. Yeddi nəfər güclə hərəkət edə bilir burda. Tofiq bəy qızının şəxsi evində yaradıb bu muzeyi. “Rinay” malakofauna şəxsi muzeyini.

 

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>