Sizin link burada

Azərbaycanda ilk “Qunduz” İnformatika və Kompüter bacarıqları müsabiqəsi

Aprel ayının 6-da İsmayıllı rayonunda “Qunduz” İnformatika və Kompüter bacarıqları müsabiqəsi (“Bebras” Informatics and Computer Fluency contest) keçiriləcək. Lent.az-ın məlumatına görə, müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi, İsmayıllı rayon icra hakimiyyəti, İsmayıllı Rayon Təhsil şöbəsinin dəstəyi, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu və həmçinin İSTECH və NEATS şirkətlərinin təşkilati dəstəyi ilə keçirilir.

Müsabiqə İsmayıllı rayonunun məktəbliləri arasında keçiriləcək və məsələlər 3 kateqoriya (5-6, 7-8, 9-11-ci siniflər) üzrə qruplaşdırılacaq. Qaliblər toplanılan ballara görə müəyyən ediləcək və ən çox bal toplamış ilk 5 məktəbli notebook, daha az bal toplamış şagirdlər isə müxtəlif hədiyyələrlə təltif olunacaq. Hazırda müsabiqədə iştirak etmək üçün 224 şagird qeydiyyatdan keçib.

““Qunduz” müsabiqəsinin maraqlı cəhəti ondadır ki, bu müsabiqədə şagirdlərin informasiya texnologiyaları üzrə təfəkkürləri və kompüter vərdişləri yoxlanılır və bunun əsasında qiymətləndirilir. Müsabiqə on-line şəkildə keçirilir. Müsabiqədə 15 sual və 45 dəqiqə vaxt verilir.

Suallar testlər və interaktiv şəkildədir və heç bir dərin informatika bilikləri, proqramlaşdırma bilikləri tələb etmir. Bu da bizim üçün bütün bölgələrdən məktəblərdən şagirdlərin məntiq və təfəkkürlərini qiymətləndirməklə istedadlı şagirdləri seçməkdə böyük köməklik göstərəcək. Daha sonra həmin şagirdlər Azərbaycanın İnformatika üzrə Olimpiada komandasının rəhbərləri tərəfindən bir neçə il müddətində hazırlaşdırılıb Beynəlxalq İnformatika Olimpiadalarında (İOİ) iştirakı üçün köməklik göstərilməsi nəzərdə tutulub”.

Hazırda 21 ölkədə (Kanada, Yaponiya, Almaniya, İtaliya, Polşa və s.) rəsmi olaraq “Qunduz” müsabiqəsi mütəmadi keçirilir (ətraflı məlumat bebras.org saytında). Sevindirici haldır ki, Azərbaycan da “Qunduz” müsabiqəsinin keçirilməsi üzrə hazırlıqlar gedən 7 ölkə (ABŞ, Rusiya, Böyük Britaniya, Kipr, İspaniya, İsrail və Azərbaycan) siyahısındadır.

Yaxın gələcəkdə müsabiqənin digər rayonlarda da keçirilməsi ilə bağlı elan veriləcəkdir. Eyni zamanda, həm müəllimlərin, həm də şagirdlərin müstəqil şəkildə hazırlaşmaları, sinif üzrə kiçik müsabiqələrin təşkili üçün bebras.az saytında imkanların yaradılması üzrə işlər getməkdədir.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>