Sizin link burada

Zəng səsi

Tural Rüstəmli

 

Bu gün məktəbdə idik... qapıdan içəri girəndə dərs gedirdi. Səssizlikdi... Fikrə getmişdim. Vaxtı ilə dəhlizində qaçıb-oynadığım məktəb dəyişilməmişdi, amma nədənsə dəhlizdə gördüyüm bu ilin yuxarı sinif şagirdləri mənə yad gəldi. Heç o məktəbin şagirdlərinə oxşamırdılar. Bilmirəm niyəsini... Gözüm saatda qalmışdı. Aylardır eşitmirdim zəng səsini.

 

Dözmədim, ibtidai sinif müəlliməmlə görüşmək üçün otağına girdim. Mən otağa girəndə 4-cü sinif şagirdləri ayağa qalxdılar. Vaxtikən sinfə kimsə girəndə biz hörmət əlaməti olaraq ayağa qalxırdıq. Bu gün onlar qalxdı. Bəlkə neçə il sonra onlardan biri də bu qapını açacaq, eyni mənzərəylə rastlaşacaq və belə bir şey yazacaq...

 

Otaqdan çıxanda zəng vuruldu. Səsini eşidəndə çiynində məktəbli çantası, pilləkənləri üç-üç düşən uşağın sevinci var idi içimdə. Dəhliz bir anda sağa-sola qaçışan balaca uşaqlarla doldu. Aralarına qarışmaqdan birtəhər saxladım özümü.

 

Məktəbdə dəyişən nələrsə var idi, əlbəttə, amma mənə lazım olan, bax, bu sağa-sola qaçan uşaqlar və darıxdığım zəng səsi idi...

 

***

 

Bu gün məktəbdə idik... Sinif yoldaşlarımı gözləyəndə 1-ci mərtəbədəki dəhlizdə boş-boş gəzirdim. Güzgüyə gözüm sataşdı birdən. Özümə baxdım xeyli. Uşaq vaxtı dediyim "məktəbi qurtarım, bir də bura gəlməyəcəm" sözləri yadıma düşdü. Güldüm...

 

Qəribədi, amma yenə o partalarda oturmaq, 5-ci gün gələndə “iki gün dərs yoxdu” deyə sevinmək, gündəliyin olmadığını bilə-bilə çantanı axtarmaq keçdi içimdən...

 

Bunları fikirləşdiyim vaxt ayıldım ki, artıq bütün sinfin sevdiyi sinif rəhbərimizin otağındayıq. Köhnə şəkillərimiz hələ də orda idi. Şəkillərə baxdıq. Təbii ki, o yaşda heç kim saç stili-filan bilmirdi, amma indi elə deyil. Şəkillərə baxıb doyunca güldük, kimsə  “nə gündəyik” dedi...

 

O sinifdə olan hər şey yadımdadı. Kimsə oturanda altından stulu çəkmək, kim təzə telefon alıbsa, hamının azı bir dəfə o telefonu alıb o yan-bu yana çevirib baxmağı, başqa sinfin oğlanları gəlib keçəndə sinfə baxdı deyə gedib təkləmək, müəllimənin güllərindən hansısa qırılanda xəlvətcə yapışdırmağımız, hətta qızların söhbəti yarıda qalmasın deyə bufetə getməyib, sifarişlərini kağıza yazıb sinif oğlanlarından hansısa birini göndərməkləri belə... O vaxtlar bufet qızların hesabına dolanırdı, amma indi o bufet biz yoxuq deyə bağlıdı, işləmir. Dərs boş olanda getdiyimiz futbol meydançası boş qalıb. Məktəbin arxasındakı “sirli 40-cı otaq”ın yerini isə heç bilən yoxdu... “İndiki ibtidailər uşaq deyil elə bil...” düşünüb, gülümsədim.

 

***

 

Bu gün məktəbdə idik... Söhbətimiz qurtardı, sinifdən çıxdıq. Nə qədər getmək istəməsəm də, getməliydim. Əlimdə olsa, orda qalardım. O sinifdən uzaqlaşdıqca nəsə olurdu mənə elə bil. Sanki nəsə yaddan çıxıb orda qalmışdı.

 

...Mən məktəbi qurtarandan sonra darıxacağımı başa düşəndə gec idi artıq – 11-ci sinifdəydim. Və sən kim olursan-ol, vaxtı saxlayıb, həmişə 11-ci sinifdə qala bilməzsən.

 

Hərdən evdə danışılanda qəbul eləmək istəmirəm - deyirlər, "biz də vaxtında fikirləşirdik ki, sinif yoldaşlarımızla həmişə bir yerdə olacağıq, həmişə dost olacağıq, amma indi eləsi var, adını unutmuşam".

 

Mən istəməzdim elə olsun. Mənə yaxın olanlarla həmişə bir yerdə olmaq istəyirəm, amma ola biləcəyəmmi, bilmirəm...

 

Məktəb qəribə yerdi. Həyatının ən gözəl 11 ilini orda keçir və birdən-birə ayrıl oradan.  Belə olanda da darıxmamaq mümkün olmur. Sevmədiyimiz partalarda yenidən oturmaq, sevmədiyimiz kitabları oxumaq, tezdən durmaq, formanı geyinib məktəbə getmək istəyirəm. Universitetdəki dostlar heç vaxt məktəbdəki kimi olmur, çünki orda artıq böyük olursan. Məktəb yoldaşları başqadı. Sən onlarla bir yerdə böyüyürsən...

 

Qəribə şeylər üçün darıxıram. Zəng səsi üçün darıxmaq qəribə hissdi. Həm zəng səsi, həm də zəng vurulandan sonra sağa-sola qaçıb oynamaqçün darıxmaq...

 

Sonralar universitet üçün də darıxacağıq, amma məncə, məktəb kimi olmayacaq, məktəb ayrıdı. Böyüdüyümüz yer, bir yerdə böyüdüyümüz insanlar, bu yazını yazmağıma səbəb olacaq qədər darıxdıran yer.

 

Mən son zəng axşamı bərk darıxmışdım. Əskik nəsə var idi elə bil. “Gələn həftə yenə məktəb var” deyib özümü inandırırdım. Yoxsa başqa cür olmurdu.

 

Hələ 1 ildi ayrılmışıq məktəbdən, amma bilirəm ki, universiteti bitirəndə belə darıxacam... Həmişə darıxacam...

 

Məktəbə yenidən qayıtmaq ümidi ilə...

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>