Sizin link burada

Qarabağlıları Bakıda basdırmayın

Rey Kərimoğlu

 

Mən öləndə, məni basdırarsınız,

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna... Onun daşında,

Onun tarlasında, geniş çölündə,...

Mən öləndən sonra, görüm nələr var!

Taras Şevçenko

 

“Laçınım, Laçınım” deyib illərdir haray salan Məhəbbət Kazımov dünyasını dəyişdi, onu Xırdalanda dəfn etdilər! Allah rəhmət eləsin! Açığı, Məhəbbət Kazımov itkisinin acısını yaşadığımız bu günlərdə aşağıdakıları yazmaq, bəlkə də düzgün deyil, amma məqamı gəldiyi üçün bu düşüncələrimi bölüşmək istədim.

 

Bəzən “Övladları, ailəsi Bakıdadır, rayona gedib-gəlmək çətindir!” deyib, dünyasını dəyişən əzizlərimizi paytaxtda dəfn edirik. Çox yanlışdır! Düzdür, Məhəbbət Kazımov xalq sənətkarı idi, bir rayonun, elin yox, bütün millətin övladı idi. Amma fərq etməz, yenə yanlışdır! Özü də ikiqat yanlışdır! Məncə, tanınmış Qarabağlılar dünyasını dəyişəndə onları Bakıda və digər yerlərdə dəfn etmək düzgün deyil. Qarabağ naminə onların hamısını aparıb Qarabağda dəfn etmək lazımdır! Əslində biz Məhəbbət Kazımovu və onun kimi digərlərini beləliklə eldən-obadan, qohum-əqrəbadan və nəhayət Qarabağdan ayırırıq. Torpaqları işğal altında olan Azərbaycanımız, o cümlədən Qarabağımız üçün bu, çox pis haldır. Onsuz da hər gün bizdən uzaqlaşan Qarabağı didərgin məzarlarımızla özümüz də bir qədər uzaqlaşdırırıq. Bəzilərini “Fəxri xiyaban” arzusu, bəzilərini isə “ailə-uşaq” adı ilə aldadırlar. Nə qədər ki, Qarabağ işğal altındadır bütün Qarabağlıları aparıb nəzarətimizdə olan Qarabağda dəfn etməliyik.

 

Bu baxımdan gərək Məhəbbət Kazımovu Taxta Körpüdə basdıraydılar...(Taxta Körpü Ağcabədi rayonunda laçınlıların məskunlaşdığı ərazidir. Ta qədimdən bura Laçının qışlağı olub)

 

Çünki biz ölümüzə, onun məzarına böyük önəm verən toplumuq. Biz, itirdiyimiz əzizlərimizə, yaxınlarımıza münasibətdə çox həssasıq. Doğmalarımızın, qohumlarımızın, yaxınlarımızın dəfn olunduğu yer bir növ bizlər üçün müqəddəsləşir. Bu səbəbdən də əzizlərimizin məzarı da çox vaxt and yerinə çevrilir...

 

Qarabağdan məcburi köçkün düşən insanlarımız Azərbaycanın təxminən 60-a qədər  rayon və şəhərlərində məskunlaşıblar. 1992-ci ildən başlayaraq bu insanların dünyasını dəyişən əzizlərini müvəqqəti məskunlaşdıqları rayonlarda və şəhərlərdə dəfn edirlər. Sözsüz-vətən müqəddəsdir! Amma dolayısı ilə bütün Azərbaycan Qarabağlılar üçün, digər səbəblərlə yanaşı, elə bu məzarlığa görə də ikiqat müqəddəsləşib...

 

Lakin bütün bunlara baxmayaraq, hamının-bütün məcburi köçkünlərin Qarabağda və ya Qarabağa yaxın ərazilərdə dəfn edilməsinin tərəfdarıyam. Ən azından əzizlərini itirənlərin yolu nə vaxtsa oralara düşəndə qəbiristanlığa baş çəkirlər, bax onda təkcə bir əzizinin yox, nə qədər həmkəndlisini, qohum əqrəbasını da ziyarət etmiş olurlar. Bu həm də insanın yaddaşının özünə qayıtmasıdır, ən əsası böyük şəhərlərdə gündəlik çörək savaşına başı qarışan bir vətəndaşın həm də Qarabağı yenidən xatırlaması deməkdir. Qarabağla bağlı bütün yaddaşı yenilənir adamın...

 

Digər tərəfdən, heç olmasa adam sağlığında düşünər ki, ölsə, onu doğma yurdu da olmasa, ora yaxın bir yerdə dəfn ediləcəklər. Məncə bu, daha yaxşıdır. Psixoloji  baxımdan insanı bir qədər rahatlayır. Allah rəhmət eləsin!

 

P.S. Qədri Rüstəmovu Bakıda Fəxri Xiyabanda yox, Ağdamda dəfn etsəydilər daha yaxşı olardı.

 

reykerim@gmail.com

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>