Sizin link burada

Lələm

Nizam Rza

Lələm (babaya belə deyirik biz) çox güclü insandı, həyatı bir məktəbdi. Atasını uşaq ikən itirib. Nə qardaşı olub, nə də bacısı. 11 uşağının hamısını layiqincə böyüdüb, evləndirib, gəlin köçürdüb.

 

Lələm qadınlara “zənən” deyir. Onun üçün ən dəyərli şey ailədir. Nənəm öləndən sonra 72 yaşında evlənmək istədi. Özündən 23 yaş kiçik qadını istəyirdi. Əsas problem isə həmin qadının böyük bibimin sinif yoldaşı olması idi. Bibilərim imkan vermədilər kişi evlənsin. Kişi çox çalışdı. Hətta soyuq oktyabr günü Kür çayında çimirdi. Bu yolla kənd camaatında bibilərimə qarşı ictimai qınaq yaratmağa çalışdı. Bir sözlə çox çalışdı. Alınmadı. Artıq 8 il keçib. Bu müddət ərzində kişini 2 dəfə əməliyyat etdirdik. Prostatını da çıxardılar.

 

Bibilərimi çox istəyirəm. Ən çox da böyük bibimi. Lələmin pəlini vuran, yolunun üstündə duran bibimi. 25 il əvvəl ailə qurub, amma övladı olmayıb.

 

Bir dəfə Lələmlə kişinin evlənmək məsələsinə görə sözləri yenə çəpləşib. Lələm hirslənib deyib ki, evlənəcəm, hələ uşağım da olacaq.

 

Lələm atasının adını böyük oğluna, mənim atama qoyub. Fikirləşib ki, qardaşım yoxdu, atam yoxdu mənə dayaq olar. Şamaxıda sürücülük məktəbini, Gəncədə inşaat texnikumunu oxutdurub. Uzaq Sibirə təyyarə ilə əsgərlikdəki oğlunun yanına gedib. Oğlunun istədiyi qızı da alıb onun üçün. Ən böyük arxa bilib özünə. Amma çətinliklər atamı qorxudub, evlənəndən 2 il sonra kənddən çıxıb, kişi yenə tək qalıb. O, bu - haradasa incikdi böyük oğlundan, atamdan.

 

Lələm qeyri-adi kişidi. Arıqdı, bədəni daş kimidi, çox möhkəmdi. Əlləri o qədər qabar olub ki, 220 voltluq izolyasiya edilməmiş naqilə yapışır, onu tok vurmur.

 

Lələmin qalın, topa qaşları var. Gözləri mavidi, çox girdədi həm də. Saçlarını arxaya darayır. Kostyumunu geyinəndə lap başqa aləm olur.

 

Lələm çox iradəlidi. 70-ci illərdə bir dəfə kənddə kolxoz sədrini döyüb – Məhəmmədəlini. Hələ də deyir. Doğrudan da atası, qardaşı olmayan adam üçün böyük cəsarətdi.

 

Lələmi çox istəyirəm. Toyumda dana vermədi mənə, amma yenə çox istəyirəm onu... O, mənim üçün böyük qüvvədi, maraqlı məktəbdi, cəsarət, iradə, əzmkarlıq nümunəsidir. Hər dəfə onu görəndə qəribə bir utanc hissi keçir içimdən. Ay Lələ, sən həyatını övladlarına fəda etdin, onlar səni evləndirmədi.

 

Lələm sağdı, kənddə yaşayır. Mal-qarası, bostanı-dirriyi, yaxşı şəraiti var. Oktyabr girməmiş odun sobasını quraşdırır evdə özü də oturur yanında. Çox üşüyür, yəqin ki qocalıqdandı. 80 yaşını tamam eləyib. Amma doğum tarixini dəqiq bilmirik. Özü də bilmir.

 

Ömrün uzun olsun, Lələ...

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>