Cihad marşrutu: bizdən Suriyaya belə gedirlər - ARAŞDIRMA

Azərbaycanlılar Suriyadakı müharibəyə qoşulmaq üçün nələrdən keçirlər?

Birinci yazı

 

“Mən yaxşıyam, narahat olmayın. Tezliklə qayıdacam”. Vəssalam! Valideynləri, yaxınları, qohumları bundan başqa söz eşitmirlər. Dəstəyin o başında isə sanki tələsirlər. Bu sözləri deyib də, qəfil zəng etdikləri kimi qəfil də telefonu söndürürlər. Geriyə zəng isə mümkün deyil. Sadəcə, operator danışır. O da ərəb dilində. Heç ərəb dilini bilməsən də anlaşılandır. “Bu nömrəyə zəng çatmır…” – başqa nə olasıdı ki...

 

O telefondan, o nömrədən nə vaxt yenidən zəng gələcəyi də bəlli deyil. Bəlkə heç gəlmədi. Bəlkə heç elə o zəng edən adam da…gəlmədi. Hə, geriyə, ata-anasının yanına….

 

***

 

Zaman, 2012-ci ilin avqustu.

Məkan, Türkiyə, Kilis, Öncüpınar keçid məntəqəsi.

 

...Türkiyə tərəfinə sadəcə pasportumuzu təqdim edirik. Soruşduqları bircə şeydir: “Güvənliyiniz varmı”. “Əvət” deyirik. “Yaxşı yol, özünüzü qoruyun”.

 

Qarşıda Suriya gömrüyüdür. Əli avtomatlı uşaq-muşaq. Hətta “Kalaşnikov”u necə tutmağı belə düz-əməlli bilmirlər. Pasporta baxıb 40 dollar istəyirlər. Veririk. Cibindən çıxardığı möhürü pasportun vərəqinə döyəcləyib verir. Və…

 

Və heç nə. Sən artıq Suriyadasan. Bundan beləsi, məşhur məsəldə deyildiyi kimi, texnikanın işdir. Buyur, hara istəyirsən get. Hələb vur-tut 60 kilometrliyində. İdlib, Humus da yaxındır. Bir az uzaq olanı Şamdır, yəni Dəməşq. Buna görə də narahat olmağa dəyməz. Nə çoxdur bələdçi! Bir də bələdçiyə nə hacət, əgər qarşılayanın varsa...

 

***

 

...Suriya adlı bu cəhənnəmdə hamıya bir iş tapılacaq. İstər adını cihad qoy, istərsən humanitar yardım paylayan, istərsən də 50-60 km-lik yola görə bəndənizdən 200 dollar alan Əhməd kimi bələdçilik, sürücülük. Amma burdan, Bakıdan 2000 km aralıda yerləşən bir məmləkətə çətin ki kimsə sürücülük etməyə getsin. Zaqatalanın Muxax kənd sakini, Rəşad Məmmədovun atası Zəkəriyyə dayı deyir ən düzünü : “Rəşad Suriyada cihad eləyir. Allah üçün, müsəlmanları müdafiə üçün cihad edir”...

 

...Və belə cihada gedən azərbaycanlıların sayı Suriyada çoxdur, hətta 3 rəqəmlə ifadə olunacaq qədər…

 

“2 gün axtardıq, tapa bilmədik. Birinci dəfə Gürcüstandan zəng elədi. Dedim, orda neynirsən? Qayıtdı ki, Türkiyəyə işləməyə gedirəm. Sonra Türkiyə nömrəsindən zəng elədi. Sonra isə müxtəlif əcaib nömrələdən. Araşdırdıq, Suriyanın mobil operatorunun nömrəsi idi. Hər dəfə də eyni sözləri deyirdi, “Salamatam, məndən nigaran olmayın, gələcəm”...

 

Əslində yuxarıda deyilənlərdən zatən hər şey aydındı. Bizimkilər Suriyaya gedirlər. Və marşrutları da bəlli: Gürcüstan və Türkiyə üzərindən keçməklə. Türkiyədən Suriyaya keçmək isə problemli deyil.

 

Elə bu məqamlardan başlayaq.

 

Haradan və necə?

 

Bakıdan Türkiyəyə getmək çox pul aparmır. Bakı Beynəlxalq Avtovağzalından hər gün saat 12 və 13-də Türkiyənin İstanbul və Ankara şəhərlərinə azı 6 avtobus hərəkət edir. İstanbula bir nəfərin bilet pulu 47 manatdır. İstanbula kimi də yox, məsələn, marşrut boyunca Qara dəniz sahilindəki əksər iri şəhərlərdən - Trabzon, Samsun və s. - Türkiyənin Anadolu hissəsinə, daha dəqiqi bu ölkənin Suriya ilə sərhədində yerləşən əksər iri yaşayış məntəqələrinə, Hataydan tutmuş Urfaya qədər avtobusla yetmək problem deyil.

 

Suriyada vətəndaş müharibəsi başlayanadək Türkiyənin bu ölkəylə sərhədində 12 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərirdi. Amma indi bu məntəqələrin sayı azalıb. Hazırda Türkiyənin Suriya ilə əsas sərhəd-keçid məntəqələri aşağıdakılardır:

 

Şənyurt (Mardin), Ceylanpınar və Akçakala (Şanlı Urfa), Öncüpınar (Kilis), Cilvəgözü, Yayladağı (Hatay). Elə bu keçid məntəqələri də, necə deyərlər tam gücləri ilə işləmirlər. Məsələn, bəzi keçid məntəqələri Suriyadan gələn yaralıların Türkiyəyə çatdırılması və ora gedən humanitar yardımlar üçün açıqdır. Məsələn, Urfadkı Ceylanpınar, Reyhanlıdakı Cilvəgözü məntəqəsi. Lent.az-ın müxbiri Cilvəgözü məntəqəsi ilə əlaqə saxladıqda məlum oldu ki…qarşı tərəfə humanitar yardım istisna olmaqla heç kim buraxılmır. Əlahiddə icazəni isə ancaq Hatay valisi verə bilər. Bəzi məntəqələrdə, məsələn, Reyhanlı və Kilisdə, Akçakala keçid məntəqəsində Türkiyəyə ancaq və ancaq suriyalıların keçidinə icazə verilir. Urfadakı Akaçakala məntəqəsində isə ümumiyyətlə Suriyalıların da keçidi yasaqdı. Bu, aşağıdakı amillərlə bağlıdır:

 

1. Həmin məntəqənin Suriya tərəfindəki yaşayış məskənləri kürd hərbi birləşmələrinin nəzarətindədir.

2. Akçakalnın Suriya ilə üzbəüz yaşayış məntəqələrində “Əl Nusra” və kürd silahlı qruplaşmaları arasında döyüşlər gedir.

 

Bütün bunlar Türkiyə tərəfini maksimum ehtiyatlı davranmağa məcbur edir.

 

Müharibəyə qədər bu məntəqələr sutkaboyu işləyib. İndi isə qrafik məhdudlaşdırılıb. Keçidə rəsmən saat 10-dan, axşam 18-ə qədər icazə verilir. Bundan sonra məntəqə qapanır.

 

Həm Türkiyə, həm də Suriya tərəfində pasportlara möhür vurulur.

 

Bütün bunlar necə deyərlər rəsmi olanlardır. Amma Suriyaya  qeyri-rəsmi keçid imkanları kifayət qədərdir.

 

Məsələn, Suriyaya keçən humanitar yardımları daşıyan iri tonnajlı maşınlarla. Bu maşınların içində gizlənib sərhədi adlamaq çətin deyil. Çünki Türkiyə tərəfi Suriyaya gedən yardım maşınlarını o qədər diqqətlə yoxlamır. Suriya tərəfi isə ümumiyyətlə yoxlamır. Türkiyə tərəfi əsasən  terror təhlükəsinə görə, ölkəsinə gələn maşınları ciddi yoxlama olmadan ərazisinə buraxmır.

 

Qeyri-rəsmi keçidin əsasını qaçaq yolla keçid təşkil edir ki, bu da Suriya sərhədində kifayət qədərdir. Sərhəddə qaçaq yolla keçidi təşkil edən xüsusi qruplar fəaliyyət göstərir. Və Türkiyə-Suriya sərhədi boyu yerləşən əksər yaşayış məntəqələrində bu qruplar fəaliyyət göstərir. Məqsədindən asılı olaraq-məsələn qohum axtaran,  siqaret qaçaqçılığı, qanunsuz yanacaq daşımaları, döyüşmək niyyətinə olanlar və s.- bir nəfərin Suriyaya keçidinin müxtəlif qiymətlərə görə dəyişir. Bir adamı məqsədindən asılı olaraq Suriyaya keçidi 200 dollardan 400-500 dollara qədər dəyişir.

 

Bəs hansı yollarla?

 

Məsələn, Hatay, Yayladağı yolu. Türkiyənin Suriya sərhədindəki Leyləkli kəndindən Yayladağına keçməklə, oradan da yerli bələdçilərin vasitəsilə Suriya tərəfə. Bu yol ən etibarlılarındandır. Əvvəla burda bələdçilərin hərəkəti rahatdır. Dağlıq və çılpaq da olsa meşə massivləri var.

 

İkincisi, Yayladağından Suriyanın yaxınlıqdakı qəsəbələrindən olan Nəbəyinə, habelə Hərəbgöz kəndinə yetmək çətin deyil.

 

Yeri gəlmişkən, bir məqama da toxunaq. Bu ərazidə tez-tez baş verən meşə yanğınları təsadüfi deyil. Söhbət ondan gedir ki, baş verən yanğınlar qəsdən törədilir. Həmin vaxt Türkiyə tərəfi istər-istəməz öz ərazisinə yanğının keçməməsi üçün konsolidasiya olur. Diqqət daha çox yaxınlıqdakı əkin sahələrini, köylərdəki evləri qorumağa yönəlir. Bu ani diqqətsizlikdən isə istər mazut, istərsə də insan transferini rahat həyata keçirmək mümkündür.

 

Başqa bir yol isə Yayladağından “Antakya yolu” deyilən yoldur. Keçiddən sonra ilk dayanacaq yeri Baybuca kəndidir. Bu kənddən sonra Suriyanın içərilərinə doğru Al Riyə qəsəbəsindən olanlar vasitəçilik edirlər.

 

Hatay, Reyhanlı yolu

 

Hataydan təxminən 45-50 km aralıda yerləşir. Böyük qəsəbədir. Cilvəgözü keçid məntəqəsi bu qəsəbədədir. 3 ay əvvəl baş vermiş terrora görə, keçid bir müddət bağlanmışdı, amma hazırda açıqdı. Qaçaq yolla keçid üçün bəlkə də ən rahat yoldur.

Əvvəla, Reyhanlıyla ilə üzbəüz yaxınlıqda Suriyanın bir çox qəsəbəsi yerləşir. Məsələn, Kifr qəsəbəsi. Bu qəsəbədən Hələbə və İdlibə çox yaxındır. Mənbənin dediyinə görə, azərbaycanlıların bir qismi məhz bu yoldan istifadə edirlər. Yol rahat və təhlükəsizdir. Çünki Əsədə müxaliflərin tam da olmasa, nəzarətindədir. Suriya qaçqınları , eləcə də yerli sakinlər minasız sahələri ovuclarının içinə kimi dəqiq bilirlər. Məsələn, elə keçid məntəqəsinin yaxınlığından, təxminən 500-600 metr “Əl Bab” yolu deyilən gizli yol var. Və bu yolla Suriyanın Əl Hava adlı ərazisinə rahat adlamaq mümkündür. Oradan isə Hələbə necə deyərlər yol açıqdır.

 

Bu yoldan bizimkilərin transferi üçün önəmli məqam həm də ondan ibarətdir ki, qarşı tərəfdə Suriya türkləri (türkmənlər) yaşayır. Suriya tərəfə çatan kimi dil problemi olmur. Və qarşı tərəfdən xüsusi adamlar gələnədək köylərdə rahat yaşaya bilirlər. Yuxarıda qeyd etdiyimiz kimi burdan həm İdlibə, həm də Hələbə yaxındır. Hər birinə müvafiq olaraq 60 və 90 km. Burda təbii relyefi rahat olduğuna görə bələdçilər də az pul alırlar.

 

Bu keçidlərə, oradan keçən azərbaycanlılara, ondan sonrakı marşrutlara qayıdacağıq.  İndilikdə isə bir mühüm məqam. Keçib hara gedir axı, bizimkilər? Harada və kimlərin yanındadırlar?

 

Bütün bunları isə sabah, elə bu yerdə oxuyacaqsınız.

 

Və onu da biləcəksiniz ki...

 

- Qafqazdan və o cümlədən Azərbaycandan gedən mücahidlər pasportlarını kimlərə təhvil verirlər?

 

- Azərbaycanlı mücahidlərin sayı nə qədərdir və  kimin briqadasındadı?

 

- Həlak olan mücahidlər harada dəfn edilir?

 

- Onlar hansı rayonlardandı?

 

Və nəhayət

 

- oradan, Suriya adlı cəhənnəmdən geriyə yol varmı?

 

Lent.az-da qalın. Maraqlı olacaq!

 

Ervin Mirzə

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>