Sizin link burada

Göyərməyən arzulardan keçən cığır


““Atam məni dişiylə-dırnağıyla saxlayıb...” İlahi, bir uşaq atasına nə qədər
güvənərmiş... Nə qədər fəxr edərmiş atasıyla bir övlad?!”.

 

Telefonuma gələn zəngə cavab verəndən bir neçə saniyə sonra 10-12 gün gördüyüm səhnə kino lenti kimi yenidən canlanırdı. Amma... “Qaqa, bağışla, sənə bu qara xəbəri çatdırdığıma görə... Zaur ölüb!”

-Faxı, Zaur kimdi?

-Zaur da, qaqa, çürüyən uşağın atası...

Operatorumuz Fəxrinin telefonda güclə eşidilən səsinin mənə çatdırdığı bu hüzn dolu informasiya bir nöqtədə dalbadal çaxan şimşək kimi varlığımda bir neçə dəfə şaqqıldadı... Necə yəni Zaur öldü?! Düşüncələrimdən üstümə daş kimi yağan sualların altında dizlərim titrədi. Tab gətirə bilmədim... Təxminən 10 gündən bəri idi ki, az qala hər gün telefonda danışırdıq. Çürüməkdə olan 14 yaşlı oğlu Akifdən hazırladığımız reportaja baxmaq istəyirdi. Amma nə qədər çalışsaq da, gah onun, gah da bizim vaxtımızın olmaması ucbatından görüşümüz baş tutmadı... O, sağalmaz xəstəliklə birgə dünyaya gələn oğluna, hələ uşaqkən itirdiyi atasının adını vermişdi... Sanki, yaşadığı bütün çətinlikləri, yataqda illərdir xəstə yatan oğlu Akifin yanında unudurdu, uşaqlaşırdı Zaur. Elə Akif də atasından danışanda o qədər qürurla, fəxrlə danışırdı ki, sanki o boyda dərdin altında zülm çəkmirdi...Bəs indi? Axı, çəkilməz ağrıların ağırlığı altında sabahına, gələcəyinə atasının gözlərindəki ümiddən aldığı işıqla baxırdı Akif. Görəsən, o, atasının öldüyünü bilirmi? Bəs balaca Dilarə? Yayın istisində, qışın qarında iki xəstə övladının hər istəyinə sevə-sevə reaksiya verən, onların arzularını yerinə yetirmək üçün dəridən- qabıqdan çıxan atanın yoxluğunu, görəsən, kim deyəcək bu ümidsiz uşaqlara? Ev tikirdi... Biz Akifdən reportaj hazırlayanda yeni evləri haqda söz açıb tez-tez də Akifə üz tuturdu: “Atası onun üçün elə bir ev tikir ki, Akif böyüyüb instituta hazırlaşanda korluq çəkməsin”... Başqa bir yatağın üstündə ora-bura dığırlanan 4 yaşlı qızına şokoladı elə ürəklə, elə həvəslə açıb verdi ki, sanki dil açmayan, hələ də yeriməyən 4 yaşlı qızcığaz xoşbəxtlik quşu idi, evinə qonmuşdu...Akif deyirdi ki, atası yaralarının sarğılarını elə dəyişir ki, o qədər yaranın içində sanki ona əl toxunmur... Heyf ki, bundan sonra həqiqətən də, toxunmayacaq...

O səhnələr... Sehr dolu idi o səhnələr... Oğlunun efirdə göstəriləcəyinə elə sevinmişdi ki... Ona görə yox ki, kimsə ona kömək əli uzadacaqdı... Əsla... Ona görə ki, Akif özünü mavi ekranda görəcəkdi, ondan danışacaqdılar. Günün qəhrəmanı olacaqdı Akif öz müsahibəsiylə... Zaur deyirdi ki, Akif neçə illərdir bir müxbiri gözləyir... Hansısa televiziya əməkdaşı ona söz veribmiş ki, “səni çəkib televizora verəcəm”...

Həmin müxbirin mən olduğumu və təxminən iki il yarım öncə Akifi görüb söz verdiyimi dedim...Çəkiliş qrupunun onu çəkməyə gəldiyini bilib rahatlanan Akifə üzünü tutdu: “Ata, sənə deyirdimmi, söz veribsə, gələcək...”

Saflığına məəttəl qalmışdım onda onun: İnsan tanımadığı, balaca bir uşağa bəlkə də, sözgəlişi vəd verən bir adama bu qədər güvənib, onun hansısa gün öz vədinin ardınca gələcəyinə bu qədər inana bilərdimi? Sən demə, oğlunun ümidi üzülməsin deyə, Akifdən xəbərsiz o da söz verən müxbirin gələcəyini gözləyirmiş. Həmişə kimisə gözlədiyi yolda indi istər-isətəməz onun özünü  gözləyəcəklər nağıllardakı kimi. İndi həmin balaca köçkün komasının yoluyla üzündə, ürəyində kədər dolu olan adamlar gələcəklər-bu biçarə ailənin ürəyində dağa dönən dərdi əritmək üçün... Amma nə fayda?! O dərdi əridəcək istiliyi Zaur öz ürəyi ilə həmişəlik götürüb getdi...

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>