Olimpiya çempionu Nazim Hüseynov: “26 min avro versinlər, canımdan keçim” - MÜSAHİBƏ

Cüdo üzrə Olimpiya çempionumuz Nazim Hüseynovun apasport.az saytına müsahibəsi



- Hazırda nə işlə məşğul olursunuz? 


- Tərlan Həsənovla birgə yeniyetmələrin hazırlığı il məşğulam. Tərlan müəllim Azərbaycanda cüdonu yaradanlardan biri olub. Şəxsən mən bu idman növünə yazılanda onun yanına gəlmişəm. Həmçinin, oğlumu da bir idmançı kimi hazırlayıram. 17 yaşına keçib, Olimpiadaya lisenziya qazanmağa, 19 yaşında bu möhtəşəm yarışa yollanmağa şansı var. Fikrimcə, ümidləri doğruldacaq. 


- Bir müddət məsləhətçi kimi işlədiyiniz milli komandadan ayrıldınız. Buna nə səbəb oldu? 


- Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bütün idmançılara qayğı göstərir. Heç kimi diqqətdən kənarda qoymur, eləcə də məni. 1992-ci ildə Olimpiya çempionu olduqdan sonra səhhətimdə problem yaranmışdı. Məhz İlham Əliyevin tapşırıq verdi və mən onun köməkliyi ilə həyata qayıtmışam. Haradasa 10 ildir yaxşıyam, özümə gəlmişəm. 2006-2007-ci illərdə Pekin Olimpiadası öncəsi Elnur Məmmədli, Mövlud Mirəliyev, Mehman Əzizov, bir sözlə, yığmanın hər bir üzvünə tövsiyə verirdim, kömək edirdim. Amma 2008-ci ildə medallar qazanandan sonra cüdoda irəliyə addım atılmadı. Pekindəki uğur məni də həvəsləndirmişdi, istəyirdim yenə kömək edəm. Ancaq mənə ehtiyac görmədilər. Medal qazanandan sonra özlərini professor saymağa başladılar. 



- Bu amil də London Yay Olimpiya Oyunlarında özünü göstərdi... 


- Bəli, aşkar büruzə verdi. Həmin vaxt şəxsən Ağayar Axundzadəyə fikrimi demişdim. Bildirmişdim ki, yadınızdadırsa Pekin Olimpiadadan sonra birinci yarışınıza – Gürcüstana mən də getmişdim. Mənə dedilər ki, başqa oteldə qal. Sonra London Olimpiadasının başlamasına 1-2 il də qalmış yenə söylədim ki, belə getsə, medal qazanmaq çətin olacaq. Məni də cəlb edin, köməkliyimi, təcrübəmi bölüşüm. Nəticə qazanmayandan sonra dedi ki, mənlik deyildi, günah federasiyadadır. Halbuki, 22 il baş məşqçi oldu. Mənim Olimpiya çempionluğumu da öz adına çıxır. Düzdür, əziyyəti olub. Lakin əsas zəhmət həmin vaxt MDB millisinin baş məşqçisi Vladimir Kaplininlə Tərlan Həsənovun üzərinə düşüb. Bu adamların köməkliyi ilə zirvəyə çatmışam.



- Azərbaycanın ən titullu cüdoçusu sayılırsınız. Necə fikirləşirsiniz, hansısa idmançı sizin uğurları təkrarlaya biləcək? 


- Mən hazırda özümü, həm də ən varlı idmançı sayıram. Çünki mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum günündə Avropa çempionu, öz ad günümdə - avqustun 2-də Olimpiya çempionu olmuşam. İlk Olimpiya medalını Azərbaycana mən gətirmişəm. Amma bəzən bunu unudurlar, adımı belə çəkmirlər. Həmin vaxt, 1992-ci ildə Barselonaya MDB yığmasının heyətində getsək belə, Azərbaycan bayrağı da bu komandanın tərkibində dalğalanıb. 4 il sonra Sidney Yay Olimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olmuşam. Amma problem onda idi ki, 1992-ci ildə ətrafıma yaxşı adlar toplaşmamışdı. Onlara aldanıb, yolumu azdım. O vaxt ətrafımda məni istəyənlər olsaydı, indi mən də öndə idim. Bəli, hələ mənim nəticəmi ötən olmayıb. Elnur Məmmədlinin məni keçmək şansı var. Ancaq eşitdiyimə görə... Nə olsun ki məşq edir? Ona mənim nəticəmə çatmaq gec olacaq. Sadəcə, 1996-cı ildə nəticə göstərə bilməməyimə çox heyfsilənirəm. Ancaq bu dövrdə, belə şəraitdə məşq etsəydim, 3 qat Olimpiya çempionu olardım. 



- Avstriyalı Peter Zayzenbaherin millinin baş məşqçisi postuna gətirilməsinə ehtiyac vardımı? 


- Xeyr. Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovla görüşmüşdüm. Mənə “Nazim sən yaxşı cüdoçu, Olimpiya çempionu ola bilərsən, ancaq yaxşı məşqçi ola bilməzsən” dedi. Cavab verdim ki, sınaqdan keçirin, 1 il şans verib, necə işləyəcəyimə baxın. Bilirsiz, o vaxt olimpiadadan sonra niyə yolumu azdım... Mənə inamsızlıq olduğu üçün. Məsələn, Zayzenbaher ayda 26 min avro maaş alır. Həmin pulu mənə versəydilər, canımdan da keçərəm. 



- Eşitdiyimizə görə, cüdo məktəbi açmaq istəyirsiniz... 


- Bəli, arzum məktəbi açmaqdır. Cənab İlham Əliyevlə bu barədə söhbət etmişik. Həmin məktəbdə çalışsam, dövlət başçısının etimadını 100 faiz də olmasa, ən azı 90 faiz doğruldacağıma inanıram.

- Belə çıxır ki, özünüzü yığmaya baş məşqçi kimi hazır sayırsız? 


- Tam hazıram. Artıq pis-pis vərdişlərdən uzaqlaşmışam. Kim mənə baxsa, bunu görəcək. Ancaq bəziləri şayiələr yayırlar ki... Amma istənilən adam mənimlə söhbət eləsə belə biləcək ki, Nazim tər-təmizdir və ona hansısa işi tapşırmaq olar. 



- Bəs cüdoçularımızın çıxışına münasibətiniz necədir? Məsələn, Avropa çempionatında 1 medal qazana bilməyən komanda cəmi 1 həftə sonra Bakıda keçirilən “Böyük dəbilqə”də 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı... 


- Söhbət odur ki, indi bizdə ikinci nömrələr yoxdur. Liderlər, məsələn Nicat Şıxəlizadə, Elxan Məmmədov, Elmar Qasımov Avropa çempionatından medal gətirə bilmədiklərindən, əvəzləyicilərini yarışa buraxmaq lazım idi. 1 həftə ərzində belə güclü idmançıları 2 yarışa buraxırlar. Liderləri qorumaq lazımdır. Proqnoz verməyi xoşlamıram. Amma qarşıdakı Olimpiadada Elxan Məmmədov, Rüstəm Orucov, Elmar Qasımovun medal qazanmaq şansları yüksəkdir, onlar yaxşı cüdoçulardır. Sadəcə onların üzərində işləmək lazımdır ki, Olimpiya Oyunlarında medal qazansınlar. 

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>