SİZ HARDA – ALBALI PLUS ORDA!

Siyavuş Novruzov: “Fahişəliyi leqallaşdıraq demədim...” – MÜSAHİBƏ

Lent.az-ın “Kürsü” rubrikasının qonağı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovdur. Parlamentdə insan alveri ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi müzakirə edilərkən fərqli çıxışı ilə diqqət çəkən Siyavuş Novruzov qadınlara, dostluğa, idmana münasibətindən də danışır...

 

- Bu gün parlamentdə insan alverinə, fahişəliyə qarşı mübarizə ilə bağlı qanun layihələri müzakirə edilərkən fərqli baxışınızla diqqət çəkdiyiniz...

 

- Öncə qeyd edim ki, fikrim bir az fərqli anlaşıldı. Vitse-spiker Ziyafət Əsgərov soruşdu ki, fahişəliyin leqallaşdırılmasını təklif edirsiniz? Mən də dedim ki, fahişəliyin leqallaşdırılmasını istəmirəm, amma həlli yolunu tapmağı təklif edirəm. 

 

- Bəs siz bu yolu necə görürsünüz?

 

- Qanunlar nə qədər sərtləşsə, fahişəliyin qurbanları da bir o qədər əziyyət çəkəcəklər. Burada 5-6 nəfər cibini dolduracaq. Eyni zamanda fahişəliyə cəlb edilənlə onu cəlb edənin cəriməsi eynidir. Bunun biri qurban, digər isə onu fahişəliyə cəlb edəndir. Bunlar tamam başqa-başqa məsələlərdir. Söhbət fahişəliyin leqallaşmasından getmir, bunun mexanizmi tapılmalıdır. Əgər cəmiyyətdə belə bir problem varsa, bu problem həll olunmalıdır. Bunun qarşısını cəza, cərimənin miqdarını artırmaqla, ictimai işə cəlb etməklə almaq mümkün deyil. Öz vətəndaşlarımıza bunun tətbiq etdik, axı xarici ölkələrdən də bu məqsədlə Azərbaycana çoxlu sayda insan gəlir. Bunun qarşısını almağın mexanizmi tapılmalıdır. Qlobal yanaşma tərzini bir kənara qoyub, sensasiya dalınca qaçanlar... Tutaq ki, İranda bunun yolu siğədir.

 

- Avropada bundan çıxış yolu tapıblar?

 

- Avropada müxtəlif yollardan istifadə edilir. Bir yerdə elələri tam həkim nəzarətindən keçməklə bu işlə məşğul olurlar. Digər ölkələrdə bu işlə məşğul olanlar üçün şəhərdə kənarda yerlər ayrılıb. Bu məsələ ilə bağlı bir neçə səbəb var. Tutaq ki, bu, adamın qanındadır, ona nə edirsən et, bu işlə məşğul olur. Ehtiyac ucundan, yaxud özünün daxili tələbatı ucundan bu işə qoşulanlar var. Yəni çoxşaxəli yanaşmadan söhbət getməlidir. Problemi həm psixoloji, həm hüquqi, həm mənəvi aspektdə təhlil etdikdən sonra həll yolunu müəyyənləşdirmək lazımdır. Bəlkə bu, onun xəstəliyidir, müalicə olunmalıdır.   

 

- Siz bu məsələni qaldırdınızsa, yəqin ki, özünüz üçün bir çıxış yolu da müəyyənləşdirmisiniz.

 

- Psixoloqlar, hüquqşünaslar bir yerə yığışıb, bir proqram hazırlanmalı və proqram həyata keçməlidir. Bunun yolu qanunları sərtləşdirmək deyil. Fahişəliyin leqallaşması mexanizm deyil. Ola bilər ki, bir millətə leqallaşma düzgün yol göstərir, başqa bir millət üçün isə leqallaşdırma tamam başqa normaların pozulmasına gətirib çıxaracaq.  Bu, ümumbəşəri bəladır, tək bizim ölkəmizdə problem deyil. Başqa-başqa millətlər hərəsi öz milli psixologiyasına uyğun bunun yolunu tapıb. Almaniyada bir cür, Danimarkada bir cür, Çin kimi böyük dövlətdə tamam başqa bir formada həll olunub. Biz də bunun yolunu tapmalıyıq. Yoxsa bəh-bəh ilə əlimizə bayraq alıb, desək ki, biz filan... Yox, bu gün bu problem var! Masaj salonları adı altında insanlar əxlaqsızlıq yuvalarına cəlb olunur. Həm insanlar istismar olunur, həm də onların sayəsində başqaları cibini doldurur. Söhbət bundan gedir. Yoxsa fahişəliklə bağlı cəriməni bir az qaldırdım, bununla o, işindən qalacaq? Xeyir! 

 

- Azərbaycanda bu kimi problemlərlə məşğul olmalı olan  Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi var. Axı indiyə qədər niyə Komitə bu məsələ ilə bağlı çıxış yolu təklif etməyib ki...

 

- Bu, transmilli cinayət, həm də bir ümumbəşəri problemdir. Ona görə də burada tək Dövlət Komitəsindən söhbət getməməlidir. Burada psixoloq da, hüquqşünas da, din xadimləri də olmalıdır. Din baxımdan məsələdən çıxış yolu necə ola bilər? Hamısı ilə birlikdə bu məsələni həll etməlidir.

 

- Yeri gəlmişkən, Siyavuş Novruzovun qadına münasibəti necədir?

 

- Qadına kimin münasibəti pisdir? Hamının bütün qadınlara xoş münasibəti var. Söhbət ondan gedir ki, başqaları özlərini pərdələyib başqa-başqa adlarla mənəvi dəyərlərdən danışanda mən bu barədə danışmaqdan qorxmuram. Ona görə qorxmuram ki, mən onların içində çox təmiz adamam. Buna görə də qorxmadan sözlərimi deyirəm. Heç kəs bununla bağlı məndə bir nöqsan tapa bilməz. Amma kimlər ki, qorxurlar, milli-mənəvi dəyərlərdən danışmağa başlayırlar. Mən problemi açıb ortaya qoyuram. Bu gün bu problem var, bu problemi həll etməliyik. Bundan da qorxmur, çəkinmirəm. Bu gün gənclərimiz böyüyür, açıq cəmiyyətdə yaşayırıq, internet aləmi var. Sən televizoru bağlaya bilərsən, hansı kanalları qadağan edə bilərsən. Ancaq internet, mobil telefon, “İpad” var. Ona görə də mexanizm indidən hazırlanmalıdır. Tək cəza metodu ilə cəmiyyəti tərbiyə edə bilmərik. 

 

- Bəs Siyavuş Novruzov nə dərəcədə mühafizəkar, yaxud liberal insandır?

 

- Mən Azərbaycan cəmiyyətində normal bir insanam. Həm dini ayinlərə, həm də digər normalara riayət edirəm. Tutaq ki, məclislərdə də olur, toylara da gedirəm, dostlarımla da bir yerə yığışıram. Olur ki, müxtəlif barlarda da otururam. Burada heç bir problem yoxdur. Bu gün açıq cəmiyyətdir, Azərbaycan demokratik bir dövlətdir və mən də bu azad dövlətin azad vətəndaşı kimi bu şəraitdən istifadə edirəm.

 

- Parlamentdə yəqin ki, dostlarınız var, ancaq onlardan biri durub sizə dəstək vermədi. Ona görə də daha çox diqqət çəkdiniz.

 

- Onların çoxu bu məsələdən qorxurlar. Elə bilirlər ki, bu məsələni deyəcək. Sabah cəmiyyətin qınaq obyektinə çevriləcək. Cəmiyyətin bəlkə 98 faizi mən dediyimi ürəyində düşünür. Amma bunu deyə bilmirlər, söhbət ondan gedir.  

 

- İnsani münasibətlərdə hansı dəyərlərə üstünlük verirsiniz?

 

- Azərbaycanda bəlkə də ən çox dostu olan insanlardan biri mənəm. İstər regionlarda, istər xaricdə, istər parlamentdə dostlarım həddindən artıq çoxdur. Həddən artıq dostlarımla çox yaxşı münasibətdə, ünsiyyətdə olan insanam. İstənilən xeyir-şərdə görüşürük. Elələri var ki, gündə 4-5 dəfə zəngləşməsək, danışmasaq narahat oluruq. Hamısı ilə gündəlik ünsiyyətdəyəm.

 

- Bir sıra deputatlarla söhbət zamanı sizin yaxşı yol yoldaşı olduğunu söyləyirlər.

 

- Kim mənimlə ikinci dəfə səfər yoldaşı olmaq istəyir, bir də birgə elə bir səfərə gedirəm.

 

- Ötən çağırışda Pənah Hüseynlə xüsusi dialoqlarınız, mübahisələriniz diqqət çəkirdi. Hazırda əlaqələriniz, münasibətləriniz qalırmı?

 

- Qarşılaşanda görüşürük. Bir dəfə də bir tədbir vardı, tədbirlə bağlı danışmışıq. Amma mütəmadi ünsiyyətimiz yoxdur.

 

- Müxalifətdəki insanlar arasında daimi ünsiyyətiniz olan insan varmı?

 

- Elə insanlar var ki, Azadlıq meydanından bu yana hansı münasibətlərimiz olub, o münasibətlərimiz də qalıb. Siyasi mübarizəmiz başqa, insani münasibətlər başqadır.

 

- Gülər Əhmədova məsələsində telefonu bağlı olmayan, jurnalistlərin suallarını cavablandıran əsas şəxs siz idiniz. Bəziləri deyirdilər ki, Siyavuş Novruzov bu məsələdə özünü “yandıracaq?”. Niyə çəkinmirdiniz?

 

- Mən heç nədən çəkinmirəm. Allah onun da qapısını açsın, qəzavü-qədərdir, düşüb. Hər şeyə hüquqi münasibət bildirilməlidir. Hüquq hansı qərarı qəbul edəcəksə, o da əksini tapacaq.

 

- Hüquq demişkən, parlamentin Təhlükəsizlik və hüquq komitəsinin üzvüsünüz. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının hüquqi yolla tənzimlənməsi mümkün olacaqmı?

 

- BMT-nin 4 qətnaməsi var, amma bu qətnamələr dekorativ xarakterlidir. Çünki qətnamə qəbul olunursa, bu, hüquqi sənəddir. Bura BMT-nin ərazi bütövlüyünü tanıması ilə bağlı sənədlər də daxildir. Lakin bu sənədlərdə prosesin həyata keçirilmə mexanizmini göstərməyiblər. Bu mexanizm olmasa da belə, müharibə yolu ilə ərazi bütövlüyümüzü təmin etmiş olsaq, etmək istəsək, əlimizdə tam beynəlxalq hüquqi sənəd var.  

 

- Amma belə fikir var ki, heç vaxt bizə bu məsələni müharibə yolu ilə həll etməyə imkan verməzlər.

 

- BMT İraqla bağlı qətnamə qəbul edən kimi dərhal onun mexanizmini də hazırladılar. İranla bağlı embarqo qərarını verəndə dərhal onun mexanizmini də ortaya qoyurlar. Lakin 1992-1993-cü illərdə qəbul edilən qətnamələrdə ardınca dərhal mexanizm olmalı idi ki, işğal edilmiş ərazilər boşaldılsın. Ərazilər boşaldılmasa nə olacaq, Ermənistana qarşı addımlar atılacaq, embarqo qoyulacaq, mavi dəbilqəlilər yerləşdiriləcək... Bu məsələlərdə boşluq qalıb.

 

- Azərbaycan hazırda bu boşluğu doldurmağa çalışır?

 

- O boşluğu ancaq öz gücümüzlə doldura bilərik.

 

- Belə başa düşdüm ki, hazırda dünyada müəyyən mənada “zor” işləyir?

 

-  Beynəlxalq hüquq artıq zor hüququna çevrilib. Kimin qolu, hansı dövlət güclüdürsə, ədalətli oldu, olmadı, o da öz hökmünü yeridir. Məsələn, bir ölkəyə deyirlər ki, sən nüvə silahı istehsal etmə. Belə çıxır ki, mən pencək geyinməliyəm, sən pencək geyinməməlisən. Sənə nə aidiyyatı var?! Onda sən niyə o silahı istehsal etmisən?!

 

- Belə bir fikir də var ki, Siyavuş müəllimin vaxtilə idmanla məşğul olması onun xarakterində müəyyən iz buraxıb. Bu fikirlə nə dərəcədə razısınız?

 

- İdmanla məşğul olmaq sağlamlıqdır. Rəhmətlik Leninin sözü olmasın, sağlam bədəndə sağlam ruh olar. İdmanla sağlam həyat tərzi keçirən insan da həmişə sağlam, düzgün düşünür. Deyir ki, yaxşı görmək üçün gərək yaxşı baxasan. Pis baxanda yaxşı heç nə görə bilməzsən.

 

- Bəs idman karyeranızda hansı rol oynayıb?

 

- İdmanda insan həm fikirləşir, həm orqanizmini sağlamlaşdırır, həm ruhunu təmizləyir. Bütün bu proseslərin hamısı idmanda baş verir.

Oxunub

2593 dəfə

Tarix

19.04.2013 / 18:49

Xəbər lenti



31 Oktyabr 2014

30 Oktyabr 2014

Online: 1894