ALBALI PLUS-dan YENİ İL HƏDİYYƏSİ
Sizin link burada

Zorlanandan sonra adam öldürən qızın ilginc etirafları - HEKAYƏT

22 yaşlı məhkum: “Sözünün üstündə durmadı, baltanı düz xirtdəyindən vurdum” “Məhbusələr-1”

Qadın həbsxanasından yazırıq. Əvvəlki yazıda qeyd etdiyimiz kimi, məhkumluq ömrü sürən bir neçə qadının həyatı ilə Lent.az-da yaxından tanış olacaqsınız. “Məhbusələr” adlı silsilə yazılarda dəmir barmaqlıqlar arasında yaşayan zəriflərin yaşadıqları həyatı, onları buraya gətirən səbəblər haqqında öz dillərindən eşidəcəksiniz. Məqsədimiz həmin qadınların ürəklərində yaşatdıqları dərdləri təzələmək yox, zərifləri cinayətə gətirən səbəbləri axtarmaqdır. Onu da əlavə edək ki, ölüm işinə görə cəza çəkən qadınlar əsasən həyat yoldaşları və yaxud qeyri-rəsmi nikahda yaşadıqları kişilər tərəfindən zorakılığa məruz qaldıqlarını deyirlər. Ekspertlərin fikrincə də, zəriflər qətli o zaman törədir ki, onlar özlərini qorumaq dərəcəsinə çatırlar. Danılmaz faktdır ki, son illər qadınlara qarşı zorakılıq faktları durmadan artmaqdadır. Bunlar isə daha çox ailə münaqişəsi zəminində baş verir. Münaqişə nəticəsində daha çox öldürülən qadınlar olsa da, müəyyən hallarda isə qətli qadın törədir. Bu qadınlar, münaqişə zəminində sevgililərini, görüşdükləri kişiləri, həyat yoldaşlarını qətlə yetiriblər...

 

Haqqında danışacağımız qadın başına gələnləri səmimi şəkildə etiraf edir. Paytaxt Bakıda baş verən bu hadisəni şərti adlarla təqdim edirik.

 

Şəxsi iş: Əliyeva Rəfiqə. 1989-cu il fevralın 22-də Bakı şəhərində anadan olub. Subaydır. Natamam orta təhsillidir. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə 13 il müddətində azadlıqdan məhrum edilib.

 

22 yaşlı qızın şok etirafları…

 

Onun 22 yaşı var. Binəqədi rayonunda anadan olub. Əslən Füzulidən olan Rəfiqəgilin ailəsi məcburi köçkünlərin yaşadığı binada məskunlaşıblar. Həyatında ən uğursuz hadisə baş verənə qədər həmin rayonda yaşayıb. 1 ildir ki, dəmir barmaqlılar arasındadır. Gəncliyinin ən gözəl çağında, həmyaşıdlarının ali təhsil aldığı, gələcək planlar qurduğu bir vaxtda o, bütün bunlardan məhrumdur. Rəfiqə hələ 13 il bu məhrumiyyəti yaşayacaq.

 

Cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkən Rəfiqə həyatı haqqında çətinliklə də olsa bizə danışmağa başlayır. Onun söylədikləri qorxu filminin süjetini xatırladırdı. Rəfiqədən nəsə soruşmağa özümdə cəsarət tapa bilmirdim. Həmyaşıdım olan bir qız qarşımda oturaraq, törətdiyi ağır cinayət haqqında danışır.

 

Valideynlərin münaqişəsi...

 

Özünün dediyi kimi, maddi cəhətdən kasıb olan ailədə yaşayıb. Orta məktəbi 5-ci sinfə qədər oxuyub. Deyir ki, sənədləri düzgün olmadığından sonradan məktəbi tərk edib. Ailəsindən heç kim isə bu işlə maraqlanmayıb. Həm də kasıb olduqları üçün ailə çıxış yolunu uşağı məktəbdən uzaqlaşdırmaqda görüb. Beləliklə, Rəfiqə 5-ci sinifdən sonra məktəbi tərk edərək, ev işləri ilə məşğul olub. Rəfiqəgilin ailəsində tez-tez münaqişə olurmuş. Atası evə sərxoş gəlir, həyat yoldaşı, hətta Rəfiqə ilə təhqir dolu sözlərlə danışırmış. May ayında Rəfiqəgilin ailəsində növbəti dəfə dava düşür. Rəfiqə münaqişənin hansı səbəbdən baş verdiyini danışmır. Təkcə onu deyir ki, həmin olaydan sonra evi tərk etmək qərarına gəlib. Rayonların birində yaşayan qohumlarıgilə getməyi planlaşdıraraq, evdən çıxır. Hər şey bundan sonra başlayır...

 

Qorxunc gecə

 

Axşam saatlarında evdən çıxan Rəfiqə küçə ilə bir qədər getdikdən sonra taksi saxladır. Sürücüdən onu avtovağzala çatdırmağını xahiş edir. Ortayaşlı kişi olan sürücü maşının arxa oturacağında bir küncə sıxılan Rəfiqəyə göz qoyur. Bir qədər getdikdən sonra isə maşını saxlayır. Rəfiqə deyir ki, əvvəlcə sürücünün harasa getdiyini zənn edib. Lakin sürücü maşının arxa qapısını açaraq, içəri girəndə hər şeyi başa düşüb. Öz çirkin əməlini həyata keçirmək üçün hərəkətə keçən sürücü Rəfiqənin ağzını bağlayaraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olur. 21 yaşlı qızın yalvarışları və etirazları nəticəsiz qalır. Sürücü “işini” bitirdikdən sonra Rəfiqənin sifətinə bir neçə yumruq zərbələri endirib, sonra isə onu avtovağzaldakı köməkçi tiklilərə atır. (Sürücü ilə bağlı Rəfiqəyə bir neçə sual ünvanlansam da, danışmaq istəmədi. Sadəcə onu bildirdi ki, həmin şəxs 4 il müddətində azadlıqdan məhrum edilib. Rəfiqənin məhkəmə prosesi zamanı da bu məqama toxunulmayıb).

 

Rəfiqənin “xilaskarı” tapılır

 

İki-üç saat hərəkətsiz halda qalan, üz gözündə zərbələrdən göyərmiş izlər olan Rəfiqə oradakı mağazaların birinə yaxınlaşır. Satıcı üzündə zərbə izləri olan qızı görəndə təəccüblənib. Famil adlı satıcı ona su verir. “Bir az özümə gəldikdən sonra məndən nələr baş verdiyini soruşdu. Çətinliklə də olsa, baş verənləri ona danışdım”.

 

Bir az söhbət etdikdən sonra Famil həyat yoldaşından boşandığını deyib və Rəfiqəyə onunla birgə yaşamağı təklif edib. Yaşadığı qorxulu olaydan sonra onu evinə aparmaq istəyən kişinin qayğısından məmnun qalan Rəfiqə razılıq verib. Amma Famildən başına gələn hadisələri heç vaxt onun üzünə vurmamağı xahiş edib: “Mən ona dedim ki, zorakılığa məruz qaldığım üçün mənə kömək edib, lakin sonra bunu mənim başıma qaxma. Bir neçə dəfə xahiş edib, yalvardım. Famil də mənə dedi ki, mən kişiyəm, mənim xirtdəyim var. Heç vaxt belə şey ola bilməz”.

 

Beləcə, həmin oğlanla getməyə razılıq verən Rəfiqə Familə hələlik özünə gələnə qədər onu başqa yerdə saxlamağını xahiş edir. Famil razılaşaraq, onu bacısıgilə aparır. Bacısı tanımadığı qızı evinə gətirən qardaşına kəskin etiraz edir. Lakin Famil onunla evlənmək istədiyini israrla bildirir. Daha sonra Rəfiqəni götürüb Mingəçevirə, oradan isə yaşadığı Ağdaş rayonuna aparır.  

 

Anası Rəfiqəni geri qaytarır

 

Ağdaşa çatandan sonra isə Rəfiqə anasıgilə zəng edərək, başına gələnləri danışır. Anası qızı evdən çıxandan onu axtardıqlarını deyərək, dərhal qızın yaşadığı yerə gedir və Rəfiqəni geri qaytarıb. Rəfiqə evlərində anasına taksi sürücüsü tərəfindən zorakılığa məruz qaldığını söyləyib. Bundan sonra isə qıza münasibət dəyişib: “Üzümə deməsələr də, hiss edirdim ki, məni qəbul etmək istəmirlər”. Bir neçə gün sonra Famil Rəfiqəgilin Bakıdakı evlərinə gələrək, onunla yaşamaq istədiyini deyib. Rəfiqə də Famillə getmək niyyətində olduğunu ailəsinə bildirib: “Məcbur idim. Çünki zorakılığa məruz qalmışdım. Ailəm isə məni heç cür başa düşmürdü. Çıxış yolunu evdən kənarda yaşamaqda görürdüm” (Hönkürtü ilə ağlayır).

 

“Səni zorlayan kişinin alnından öpərəm”

 

Rəfiqə Familə qoşularaq evdən birdəfəlik gedir. Famil maddi cəhətdən ehtiyac içində yaşayırmış. Həm də onlar arasında tez-tez ziddiyyətlər düşürmüş. Rəfiqənin anası məhkəmədə ifadə verərkən də bildirib ki, Famil ona qızı ilə danışmağa icazə vermirmiş. O, bildirib ki, dəfələrlə qızına zəng etsə də Famil “Rəfiqənin işi var, danışa bilmir” - deyib. Lakin kənardan Rəfiqənin Familə anası ilə danışmağına icazə verməyi üçün yalvardığını eşidirmiş.

 

Rəfiqə özü də etiraf edir ki, Famillə tez-tez mübahisə edirlərmiş: “Son vaxtlar tez-tez dava edirdik. Bilmirdim hansı səbəbdən baş verirdi, amma problemlərimiz çox olurdu. O, hər dəfə də başıma zərbələr endirirdi. Avqust ayının 1-də gecə bərk dava etdik və o, məni avtovağzaldan gətirən günü verdiyi sözün üstündə durmadı. Mənə “Səni zorlayan kişinin alnından öpərəm” dedi. Onsuz da psixoloji gərginlik yaşayan qız bu sözlərdən daha da təsirlənib: “Həmin gecə mən yaşadıqlarımı yaşamışdım. Famil də mənə söz vermişdi ki, heç vaxt o hadisəni üzümə vurmayacaq. Amma sözünün üstündə durmadı”.

 

Beləcə, Rəfiqə Famildən qisas almaq niyyətinə düşüb. Famil yuxuya getdikdən sonra  evdə  özünəməxsus əşyalarını çantasına toplayıb. Və planlaşdırdığı işi həyata keçirmək üçün həyətdəki baltanı götürərək, Familin yatdığı otağa daxil olub. Onun yuxuda olduğuna əmin olduqdan sonra balta ilə xirtdəyindən iki dəfə zərbə endirib. Nəticədə Familin boynunun yarı hissəsi kəsilib. Familin öldüyünü görən Rəfiqə evi tərk edib: “Mənə demişdi ki, mən kişiyəm, mənim xirtdəyim var. Sözünün üstündə durmadı. Mən də baltanı düz onun xirtdəyindən vurdum”.

 

Yenə də taksi...

 

Rəfiqə evi tərk edərək, kəndin yolu ilə yavaş-yavaş addımlamağa başlayıb. Yolda taksi saxlayaraq, Rəfiqədən hara getdiyini soruşub. Rəfiqə sürücüyə deyib ki, Bakıya gəlir, amma cibində bir qəpik pulu belə yoxdur. Sürücü özünün də şəhərdən keçəcəyini deyərək, Rəfiqəyə onunla birlikdə getməyi təklif edib. Maşında oturan Rəfiqəyə diqqət edən sürücü onun halının yaxşı olmadığını görüb, kim olduğunu və hara getdiyini soruşub. Rəfiqə heç bir cavab verməyib və sürücüdən su xahiş edib. Taksi sürücüsü maşını geriyə döndərərək, Rəfiqəni evlərinə aparıb. Vəziyyəti anasına danışıb. Anası qızla bir neçə dəqiqə söhbət edib. Qızın adını soruşub. Rəfiqə onlara adının Arzu olduğunu deyib. Lakin evin xanımı sonradan gizlicə qızın çantasından sənədlərinə alıb baxıb. Adının Rəfiqə olduğunu görüb. Geri qayıdaraq, onu yenidən sorğu-sual edib. Rəfiqə Familin həyat yoldaşı olduğunu deyib. Eyni kənddən olduqları üçün xanım Famili tanıyıb. Familin onu incitdiyini düşünən ev sahibəsi Rəfiqəyə deyib ki, Famillə danışacaq. Rəfiqə isə sakitcə “O, artıq həyatda yoxdur, onu öldürdüm” deyib. Evin xanımı qonşuluqda yaşayan bələdiyyə nümayəndəsinə xəbər verib. Daha sonra isə polis çağırıb. Rəfiqə anasına zəng vurmaq istədiyini deyir. Həmin vaxt qızı üçün bazarlıq edən ana evə gəlincə xəbəri eşidir. Hadisədən sonra Rəfiqənin anası bir müddət şok yaşayır.

 

“Azadlığa çıxıb nə edəcəyəm ki?”

 

Rəfiqənin məhkəməsinə də ailə üzvlərindən yalnız anası gəlib. Elə indi də həbsxanaya qızını görməyə yalnız o gəlir. Müsahibə ərzində Rəfiqə atası, qardaşı haqqında heç bir söz danışmadı. Artıq bir ildir ki, Rəfiqə həbsxanada yaşayır. Yarımçıq qalan təhsilini burada davam etdirir. Müəssisə tərəfindən təşkil olunan Azərbaycan dili kurslarına yazılıb. Deyir ki, hadisəni törədən zaman zindan həyatını da gözünün önünə gətirmişdi: “Mən bilirdim ki, mənə neçə il iş verəcəklər, başıma nələr gələcək. Amma hər şeyi gözə aldım”.

 

Müsahibə aldığım məhkumlardan yeganə Rəfiqə idi ki, əvvəldən axıra qədər göz yaşları tökdü. Rəfiqə qızların başına gələn hadisələrin səbəbini ailədən qaynaqlandığını deyir: “Tutulandan hiss etməmişəm ki, həbsxana həyatı yaşayıram. Hələ də hadisələri anlamağa çalışıram. Bircə onu deyə bilərəm ki, qızların başına gələn bəlaların hamısının günahkarı valideynlərdir. Çünki qız uşaqları ata evində xoş gün görməlidirlər. Valideynlər gərək qızlarına daim dəstək olsunlar. Mən isə bundan məhrum olmuşdum. Buradan çıxıb guya nə edəcəyəm ki? Üzümə söyləməsələr də bilirəm ki, heç kim məni qəbul etmir”.

Oxunub

7695 dəfə

Tarix

06.02.2013 / 18:52

Xəbər lenti



23 Noyabr 2014

22 Noyabr 2014

Online: 1012