SİZ HARDA – ALBALI PLUS ORDA!

“Atamın ölüm xəbərini eşidənlər evimizə yox, teatra getmişdilər” - MÜSAHİBƏ

Ülviyyə Nuriyeva Yaşarsızlığın 40-cı günü ərəfəsində Lent.az-a danışır

 

Ondan müsahibə almağı çox arzulayırdım. Hər dəfə vaxt təyin etsək də, səhhəti görüşməyimizə imkan vermirdi. Türkiyədə müalicə olunurdu. Səbirsizliklə  Bakıya nə vaxt dönəcəyini gözləyirdim.

 

Döndü… Amma sonuncu dəfə. Evinə yox, qəbir evinə…

Noyabrın 22-i, səhər saatlarında Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru, prezident təqaüdçüsü, “Şöhrət” ordenli aktyor Yaşar Nurinin vəfat etməsi hamını sarsıtdı.

Müsahibə baş tutmadı. Haqqında yazmaq isə mənə Yaşarsızlığın 40-cı günü ərəfəsində qismət oldu. Qeyd edək, Yaşar Nurinin 40 mərasimi dekabrın 31-nə təsadüf etsə də, ailəsindən bildirdilər ki,  mərasim dekabrın 29-da, Təzə Pir məscidində keçiriləcək.

 

“Atamla dost olmuşam”

 

…Yaşar Nurinin evindəyik. Sənətkarın qızı Ülviyyə ilə birgə...

- Əslində, nəsə olacağını hiss etmişdim. İki gün öncədən narahatlıq keçirməyə başladım. Ondan əvvəlki gün isə evdə ağladım...(Kövrəlir) Bilirsən, müəyyən bir yaşacan teatrdakı bütün premyeralara atamla birlikdə getmişik. Mən əslində atamla dost olmuşam. Hərdən məndən soruşurdular ki, siz nə haqda danışırsınız? Deyirdim ki, biz həmişə susaraq danışırıq. Gözlərimizlə bir birimizi anlayırdıq. Bəzi şeyləri ümumiyyətlə sözlə ifadə etmirdik. Sadəcə bir birimizə baxmaqla hər şeyi anlamış olurduq. O, hər zaman mənim fikirlərimə hörmətlə yanaşırdı. Atamla tamaşaya baxanda da, hansısa bir hadisəyə münasibət bildirdəndə də, o, mütləq məni dinləyirdi. Uşaq vaxtından dahi sənətkarların ətrafında böyüməyim, atamla bir-birimizə yaxınlığımızı daha da artırdı. Həsən Turabov, Məlik Dadaşovun tamaşalarına baxırdım, sonra atamla müzakirə edirdik. Mənim babam Məmməd Sadıq da böyük aktyor olub. Mən üç aylıq olanda, o, rəhmətə gedib. Elə adımı da babam verib. İlk aktyor Ülvi Rəcəbin xatirəsinə Ülviyyə qoyub.

 

Atamın ev həyatı olmayıb...

 

Onun yalnız səhnə həyatı olub. Çünki o, səhnə üçün doğulmuşdu. Biz heç atamızı doğru-dürüst evdə görmürdük. Ancaq qastrollarda, tamaşalarda görürdük. Mən uşaq olandan atamı hamı tanıyırdı. Onun yanında yol gedərkən belə hamının diqqəti bizə yönəlirdi. Çox qürurlanırdım. Bütün atalar sevimlidir. Amma mənim atama olan sevgim başqa idi. Atam zarafatcıl idi. Amma hər söylədiyi sözündə bir iynə var idi. Mən onu bilirsiniz nəyə bənzədirəm? Biri var gündə rastlaşdığımız bıçaqlar. Bir də var ucu parlaq bıçaqlar olur. Həmin bıçaqla dərini cızanda da parlaq izlər açır. Bax, onu həmin bıçağa bənzədirdim. O, duzlu, yerində zarafatlar edən və həm də  sancan idi. Gülmək üçün zarafat etmirdi. Bütün zarafatlarında sətiraltı məna var idi.

 

“Peraşkiləri” qazanla birgə atama bağışladı

 

Atam hamı ilə dost idi. Mən eşitməmişəm , nə vaxtsa  atam desin ki, bu iş yoldaşımı çox istəyirəm, bunu isə az.  O qədər məhəbbətlə yaşayırdı ki, ürəyində  nifrətə, paxıllığa  yer yox idi. Ona olan sevginin dəfələrlə şahidi olmuşam. İstər Türkiyədə müalicə olunan zaman, istərsə də burada. Türkiyədə olarkən oradakı bütün azərbaycanlılar atama baş çəkməyə gəlirdilər. Hətta bir dəfə yanına anası ilə bir qız gəlmişdi. Anası bizə dedi ki, qızı böyrək köçürmə əməliyyatı olunub. Xəstə halı ilə əl çəkmir ki, mən Yaşar Nurini görmək istəyirəm. Türkiyədəki  həkimlər və xəstəxananın texniki işçiləri onu o qədər çox sevirdi… Tibb bacıları deyirdi ki, biz ürək edib, ona  iynə vura bilmirik. Eləcə də Bakıda…Yaxşı xatırlayıram.  Uşaq yaşlarımda “Sovetski” deyilən yerdə maşınla keçirdik. “Peraşki” satan kişi “peraşkiləri” qazanla birgə atama bağışladı. Yəni, maddi vəziyyətindən asılı olmayaraq bütün təbəqələrdən olan insanlar onu sevirdi. Atamla vida günündə mən izdihamın fərqində deyildim. Sonradan bundan xəbər tutdum. Sənətkarı müəyyən yerə gətirən nə addır, nə də aldığı maaşdır. Önəmli olan insanların ona olan sevgisidir. Atamın xəbərini eşidən kimi hamı onun əsas evi sayılan teatra gəlmişdi. İnsanlar olur ki, məzarlarını ziyarət edən olmur. Amma bir də var ki, kimsə həyatdan köçür və hamı onu xatırlayır...

 

“Onun qarşısında aktyorluq edirdik”

 

Biz onun xəstəliyinin ağır xəstəlik  olduğunu bilirdik. Təsəvvür edin ki, aktyorun qarşısında aktyorluq edirdik. Bəzi hallarda analizdən yaxşı nəticələr almırdıq, məyus olurduq… Amma biz, bunu göstərə bilməzdik ona. Özümüzü elə aparırdıq ki, guya hər şey yaxşıdır. Əslində o, da bizimlə aktyorluq edirdi ki, guya bizə inanır. Çünki bizim pis olmağımızı istəmirdi.

Son bir ilə qədər deyirdi ki, teatra gedəcəyəm, teatra getməliyəm. Həkimlərlə mübahisə etdi, inadla teatrın açılışına gəldi. Biz onu gətirməsəydik o, çox pis olardı. Onu yaşadan belə hadisələr idi. Mən atamın bütün tamaşalarına baxmışam. Amma ən çətin anları “Məşədi İbad”ı oynadığı tamaşa ilə yaşadı. Mən onun rollarını çox  görmüşəm. Amma o rolun ona nəyin bahasına gəldiyini mən gördüm.  Mən bildim ki, ondan sonra ona nəsə olacaq. Ona “o rolu oynama” deyə, etiraz da etmədik. Çünki, hər insan həyatda öz seçimini edir. Ən yaxın insanı da istədiyi, seçim etdiyi bir şeydən vaz keçirməyə heç kimin ixtiyarı yoxdur. Gəlin baxaq, biz onun həyatında hansı yaşdan varıq, teatr hansı yaşdan var ? Teatr onun işi deyildi. Onun özü idi...

 

“Həmişə deyirdi ki, ananızdan muğayat olun”

 

Məndən bir dəfə soruşdular ki, sən atana nə arzu edirsən ? Mən dedim ki, atam oynamaq istədiyi rolu arzulasın, amma tapmasın. Atamı çox sevdiyim, onu yaxından tanıdığım üçün bunu dedim. Çünki, axtarışda olan insan hər zaman ruhunu inkişaf etdirir. Ruhunu zənginləşdirir. O, həm Operada, həm Kukla teatrında, həm “Azdrama”da, hər yerdə oynayırdı və oynamağı bacarırdı. Atam səhnədə tamaşanı oynayırdı. Səhnəyə yerləşmirdi. Səhnədə mikrofonsuz oxumaq, yüzlərlə insanın qarşısına  çıxış etmək, çox çətindir. Bu, məsuliyyətli adam üçün ikiqat çətindir.

Həmişə deyirdi ki, ananızdan muğayat olun. Anam çox dözümlü qadın olub. Mən fikirləşirəm ki, anam kimi ola bilməzdim. Atam çox qəliz adam olub. Anam onunla ailə quranda bilirdi ki, kimə ərə gedir. Atamın bir qatı yox idi, müxtəlif qatları  var idi. Adi adamın buna dözməsi mümkün deyil. O, ruhu ilə yaşayan insan idi. İstedadı olan insanlar,  bədənləri ilə yaşamır, ruhları ilə yaşayır. Bir çoxları deyirdi ki, Yaşar Nuri özünü qorumadı. Mən həmişə deyirəm, atam ruhu ilə yaşayırdı. Onun ruhu hara aparırdısa, ora gedirdi. Ona görə də, hamı sevirdi. Çünki, insanlarla, ruhu ilə danışırdı. İnsan var, qarşında oturub, saatlarla ağlayar, amma bu, içdən olmaz. Amma eləsi də var ki, sakitcə sənə baxar, amma içi yanar. Mənə elə gəlir ki, insan elə ruhu ilə yaşamalıdır. Ola bilər onun bədəli ağır olur. Amma həqiqət odur!

 

Uşaq kimi sevinirdi

 

İlham Rəhimov atam haqqında kitab yazmışdı. O kitabın təqdimatı olmadı. Belə fikrimiz var ki, bunu gerçəkləşdirək. Çox sevinirdi. Türkiyədə o kitabı hamıya göstərirdi. Atam hər şeyə həvəsli  idi. Yüz dənə ətri var idi. Xəstəxanada deyirdi ki, ətrimi gətirin. Mən onun üçün xoşuna gələn şeyləri alırdım. Özünü elə aparırdı ki, guya istəmir. Sonra kənardan müşahidə edirdim, görürdüm ki, gözləri gülür, həvəslə baxır.

 

O, çox dözümlü idi

 

Atam axıra qədər mücadilə apardı. Xəstəxanada ən çətin konsultasiyalara  girirdi. Amma elə pozitiv və dözümlü idi ki, həkimlər təəccüblənirdi. Həkimlərlə çox zarafat edirdi. Dadlı insan idi. Türkiyədə yanına getmişdim. Gördüm ki, tibb bacıları onu həyətə düşürüblər. Çox şirin görünürdü. Tez qaçdım yanına. Yanına çatan kimi dayanıb, soruşdum ki, icazə verirsən səni öpüm? Barmaqlarını bir-bir öpdüm. Sonra ovcunu qoxuladım, sonra boynun arxasını öpdüm. Onunla özəl münasibətlərim var idi. Bizim ruhumuz eyni idi. Atamla biz bir-birimizi çox yaxşı başa düşürdük. Mənim kiçik yaradıcılıq işlərimlə də maraqlanırdı. Mən bir şeir yazmışdım, atam o şeiri çox bəyənirdi:

Niyyətim yaxşıdır, nəticəsi bəd,
Ulu Tanrı əzablara qoymayır bir hədd.
Hədsizliyə səbrim də çəkilmişdi sədd,
Gözlənilməz səngərlərdən qorxuram.

                  * * *

Kimi yalan deyir, kimi düz deyir,
Kimi qorxusundan ürəyin yeyir,
Mənim arzularım daşlara dəyir,
Yarı sökülmüş divarlardan qorxuram.

               * * *

Onunku “onda”dır, mənimki “bir”də,
Aldığım beşləri tapmaram bir də,
Bir gün mənə qiymət verilən yerdə,
İtirdiyim ikilərdən qorxuram .

 

Onun yoxluğundan 40 gün keçir. Mənim ölüm sözünü ona yaxın da buraxmıram. Sadəcə, “aramızda yoxdur” deyirəm. Sadəcə onu fikirləşirəm ki, əgər mən varamsa, onun bir hissəsi də məndə yaşayır. Bu 40 gün ərzində bilmirəm nələr olur. Bu, həyatımda ilk itki deyil. Bu itkilərin sonradan hansı mərhələlərdən keçdiyini, sonradan insana necə təsir etdiyini, mən yaxşı bilirəm. 

Bir neçə gün bundan öncə yuxuda gördüm. Mənə dedi ki, məni istəyənlərə salam de. Hamı hər şeyə görə sağ olsun. Onun yoxluğu ilə sanki bir bağ qopdu. Söyləniləcək o qədər  özəl, gözəl şeylər var ki...

Oxunub

2600 dəfə

Tarix

28.12.2012 / 11:59

Xəbər lenti



25 Oktyabr 2014

24 Oktyabr 2014

Online: 924